Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3497/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X8 küçəsi, ev 12, mənzil 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Məhkəmənin icraatına Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı – X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 02 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, Şəxs narkotik vasitələrdən istifadə etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı – X5 protokolun məzmununa uyğun izahat verərək, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə olan zaman Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında iki nəfər şəxsin özlərini qeyri-adekvat aparması aşkarlanmış və həmin şəxslərin narkotik vasitənin təsiri altında olmasında şübhələr olduğundan həmin şəxslər Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə dəvət edilmişdir. Şöbədə həmin şəxslərdən birinin Şəxs olması müəyyən olunmuşdur. Şəxs müayinə olunan zaman onun narkotik vasitənin təsiri altında olması müəyyən edilmişdir. Şəxs əməlində inzibati xəta tərkibi olduğundan toplanmış material ona təqdim olunmuş və tərəfindən Şəxs izahatı alınmışdır. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs özünü təqsirli bilmərək izahatında göstərdi ki, o, narkotik vasitədən istifadə etmir. O, tanışları ilə birlikdə 28 may ərazisində oyun oynamağa gedərkən xeyli şəxsin qaçdığını görərək həmin şəxsləri mobil telefon vasitəsi ilə videoya çəkmişlər. Daha sonra isə polis əməkdaşları onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Qeyd etdiklərinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin Ambulator X1 dair 02 iyun 2025-ci il tarixli, 3260 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən saat 15:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə qeyd edir ki, narkomaniya cəmiyyətin ciddi bəlasına çevrilmiş, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmuşdur. Həmçinin narkomaniya sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, bu halda cəmiyyətin maraqları narkotik vasitələrin dövriyyəsi və istehlakı ilə bağlı cinayət və ya inzibati xəta törətməkdə təqsirli olan şəxsin azadlıq hüququndan üstündür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi (qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək) Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlər daxilində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetməsinin əvvəli 01 iyun 2025-ci il tarixdən, saat 15:00-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 206-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 01 iyun 2025-ci il tarixdən, saat 15:00-dan hesablansın Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3497/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3497/2025
02.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver