Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3498/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsi hüquqi şəxsin nümayəndəsi: Nümayəndə2 iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, ev 18, mənzil 09; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Şəxs MMC 67.800,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, cəmiyyət “Apple” markalı elektron cihazların rəsmi satıcısı olaraq mütəmadi olaraq bu malları ölkəyə idxal edir. MMC-nin əsas təchizatçısı Kiprda fəaliyyət göstərən “ASBİSC Enterprises PLC” şirkətidir və tərəflər arasında malların təchizatı haqqında xx.xx.2021-ci il tarixli, 17 saylı müqavilə mövcuddur. Cəmiyyət xx.xx.2022-ci il tarixli, 22225304 saylı invoys əsasında 15 iyul 2022-ci il tarixdə "xxxx" ASC vasitəsilə əvvəlcədən ödəniş kimi 67.800,00 ABŞ dolları məbləğində həmin şirkətə pul köçürmüşdür. Ümumilikdə həm bu köçürmə, həm də digər ödənişlərlə bağlı 347.854,60 ABŞ dolları dəyərində mallar **********1198 saylı gömrük bəyannaməsi ilə 19 iyul 2022-ci il tarixdə ölkəyə idxal edilmişdir. Eyni zamanda daxili maliyyə yoxlaması zamanı aşkar edilmişdir ki, cəmiyyət təchizatçının 22225304 saylı hesab-fakturası üzrə bir neçə bank ödənişi etdiyi üçün təkrar ödəniş həyata keçirilmişdir. Yəni təchizatçıya 67.800,00 ABŞ dolları məbləğində artıq ödəmə yaranmışdır. Nəzərə alaraq ki, MMC-nin təchizatçı qarşısında faktiki idxal edilmiş mallar görə borcu vardır, tərəflər üzləşmə həyata keçirərək 67.800 ABŞ dolları məbləğini 24213605 nömrəli hesab-fakturaya aid etmişlər. Beləliklə, hər hansı avans üzrə idxal edilməmiş mal yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzər görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş məlumatda qeyd olunur ki, Şəxs MMC xx.xx.2022-ci il tarixdə ölkə xaricinə 67.800,00 ABŞ dolları göndərmiş, lakin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim etməmişdir; • Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Kiprda fəaliyyət göstərən “ASBİSC ENTERPRİSES PLC” şirkətinin hesabına xx.xx.2022-ci il tarixli, 22225304 saylı invoys üzrə qabaqcadan ödəniş kimi xx.xx.2022-ci il tarixdə 67.800,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; • “ASBİSC ENTERPRİSES PLC” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 22225304 saylı invoysa əsasən “Apple” markasına aid olan müxtəlif “iPhone” modelli telefonlar və “iPad” modelli planşetlərin ümumi dəyəri 259.769,74 ABŞ dolları təşkil edir; • “ASBİSC ENTERPRİSES PLC” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 22225309 saylı invoysa əsasən “Beoplay” markasına aid olan 4 ədəd malın dəyəri 790,11 ABŞ dolları təşkil edir; • “ASBİSC ENTERPRİSES PLC” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 22225305 saylı invoysa əsasən “LaCie” və “Apple” markalarına aid olan malların dəyəri 42.229,59 ABŞ dolları təşkil edir; • “ASBİSC ENTERPRİSES PLC” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 22225311 saylı invoysa əsasən “Apple” markalı, “MacBook Air” modelli 15 ədəd noutbukun dəyəri 16.583,50 ABŞ dolları təşkil edir; • “ASBİSC ENTERPRİSES PLC” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 22225312 saylı invoysa əsasən “Apple” markalı, “MacBook Air” modelli 24 ədəd noutbukun dəyəri 27.739,94 ABŞ dolları təşkil edir; • **********1198 saylı gömrük bəyannaməsinə əsasən “ASBİSC ENTERPRİSES PLC” şirkəti tərəfindən Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli 22225309, 22225304, 22225305, 22225311 və 22225312 saylı invoyslar üzrə göndərilmiş 347.854,60 ABŞ dolları dəyərində mallar xx.xx.2022-ci il tarixdə ölkəyə idxal edilmişdir; • "xxxx" ASC tərəfindən həyata keçirilmiş ödəniş tapşırıqlarına görə Şəxs MMC tərəfindən “ASBİSC ENTERPRİSES PLC” şirkətinin hesabına xx.xx.2021-ci tarixli, 17 saylı müqavilə üzrə 22225304 saylı invoysla bağlı **********1198 saylı gömrük bəyannaməsinə əsasən müvafiq olaraq xx.xx.2022-ci il tarixdə 15.300,00 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 85.300,00 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 98.400,00 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə 41.300,00 ABŞ dolları və xx.xx.2022-ci il tarixdə 96.054,60 ABŞ dolları pul göndərilmişdir. Beləliklə müəyyən edilir ki, Şəxs MMC ilə Kiprda fəaliyyət göstərən “ASBİSC ENTERPRİSES PLC” şirkəti arasında xx.xx.2021-ci il tarixli, 17 saylı müqavilə imzalanmışdır. Bu müqavilə üzrə MMC "xxxx" ASC-də olan hesabından həmin şirkətə xx.xx.2022-ci il tarixli, 22225304 saylı invoys üzrə qabaqcadan ödəniş kimi xx.xx.2022-ci il tarixdə 67.800,00 ABŞ dolları məbləğində pul göndərmiş və həm bu, həm də digər köçürmələr üzrə ümumilikdə 347.854,60 ABŞ dolları dəyərində mallar alınan mallar xx.xx.2022-ci il tarixdə ölkəyə idxal olunmuşlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə edilmiş dəyişikliyə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündənən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 05 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3498/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3498/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver