Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-35/2025 06.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Şikayətçi: X2 iştirakları ilə Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, təxminən saat 10:23-də idarə etdiyi “X8 Rover” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi, Asif Məhərrəmov küçəsində hərəkətdə olarkən polis əməkdaşı tərəfindən əsassız olaraq xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Hadisə zamanı “Mercedes- Benz” markalı, 90-0V-640 dövlət qeydiyyat nişanlı avtomobil yerdə çəkilmiş “sağa dönmə” nişanının tələbini pozaraq sola hərəkət etmiş və onun qarşısında, yolun sağında qanunsuz olaraq dayanaraq müştəriləri gözləyən yük maşını və evakuatorun olması səbəbindən onun avtomobilinin üzərinə dönərək yolunu kəsməklə qəza vəziyyəti yaratmış və nəticədə onun sürətinin azalmasına və yol ayrıcını uyğun sürətlə keçməyinə mane olmuşdur. Göstərilən hadisələr hamısı polis əməkdaşlarının gözlərinin qarşısında baş vermişdir. Lakin polis əməkdaşları dairəvi hərəkət təşkil olunmuş yol ayrıcında, körpünün altında qanunsuz dayanaraq hərəkətə mane olan yük avtomobillərinin və onun hərəkətinə maneçilik törədərək qəza vəziyyətini yaratmış “Mercedes-Benz” markalı avtomobilin sürücülərinin törətdikləri əməllərə əhəmiyyət verməyərək dairədə hərəkət edən nəqliyyat vasitəsinə guya yol vermədiyini əsas gətirərək inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Halbuki, dairədə hərəkət edən nəqliyyat vasitəsinə maneəçilik törətməmiş, bu hadisə olduğu halda isə ondan asılı olmayan səbəblərdən baş vermişdir. Yəni yolunun qarşısını kəsən “Mercedes-Benz” markalı avtomobilin və körpünün altında qanunsuz dayanaraq müştəri gözləməklə hərəkətə maneçilik törədən yük avtomobilləri səbəbindən baş vermişdir. Bu zaman soldan yaxınlaşan və yolu tam görməyən polis əməkdaşları “qayda pozuntusunu” qeydə aldığı görüntüləri təqdim etmiş, lakin görüntünün hadisəni düzgün və ya bütün istiqamətini əhatə etmədiyini bildirərək etiraz etmiş və əməkdaşa onun avtomobilində quraşdırılmış video qeydiyyatçıya baxmağı təklif etmişdir. Lakin polis əməkdaşı video görüntüyə baxmaqdan imtina etmiş və qayda pozuntusunu elektron qaydada protokollaşdırmışdır. Bununla da, polis əməkdaşının gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bundan sonra, o, “mia.gov.az” portalı vasitəsilə Daxili İşlər Nazirliyinə şikayət ünvanlamış və Nazirliyin rəsmisinə telefon vasitəsilə video görüntüləri göndərsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Buna baxmayaraq, sözügedən qərar dəyişdirilmədən saxlanılmış və bu barədə ona 19 dekabr 2024-cü il tarixli, S-94797 nömrəli məktubla məlumat verilmişdir. Qeyd edilən ərazinin daima avtomobillərlə sıx olmasına baxmayaraq, bu sıxlığın isə artmasına səbəb olan körpünün altında qanunsuz dayanaraq hərəkətə mane törədən yük avtomobillər barədə polis əməkdaşları heç bir tədbir görməmişdir. Onun digər nəqliyyat iştirakçılarına yol verməməyi onların qəflətən hərəkət istiqamətini və ya sürəti dəyişdirdiyi halda olardı. Sözügedən hadisədə isə əksinə digər nəqliyyat iştirakçılarının qanunazidd hərəkətləri (“Mercedes-Benz” markalı avtomobil və körpünün altında qanunsuz dayanmış nəqliyyat vasitələri) nəticəsində o, qəzanın qarşısını almaq üçün qəflətən hərəkətini və sürətini dəyişməyə məcbur qalmışdır. Polis əməkdaşının həmin hadisəyə etinasız yanaşması nəticəsində isə o, cərimə edilmişdir. Sözügedən hadisədə onun hüquqlarının pozulmasına və ona qarşı qəza şəraitinin yaradılmasına baxmayaraq inzibati tənbeh qərarı onun barəsində qəbul edilmişdir. Göstərilən hallar isə qərarın imperativ normaların tələblərinin kobud pozulması ilə qəbul edilməsini sübut edir. Göstərilənlərə əsasən Bakı şəhər X6 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X3 şikayətdə göstərilənlərə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Elektron portaldan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 10:24-də idarə etdiyi “X8 Rover” markalı, **-YC-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanda yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; • Videogörüntüdən aydın olur ki, X2 idarə etdiyi “X8 Rover” markalı, **-YC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi ilə hərəkət edən “Mercedes-Benz” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobil yerdə çəkilmiş “sağa dönmə” nişanın tələbini pozaraq sola doğru hərəkət edir, 3-cü mikrorayon dairəsində, körpünün altında dayanmış yük maşını və evakuatorun olması səbəbindən sonuncu avtomobil V.Səlimovun idarə etdiyi avtomobilin qarşısına keçdiyi üçün ona mane yaradır və sürət həddinin azalmasına səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • Həmin Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz (38.6-cı maddəsi); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhər X7 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, barəsində icraat aparılan şəxsin təqdim etdiyi görüntülərə münasibət bildirilmədən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə barədə qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-35/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-35/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver