Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3502/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2003-cü ildə Neftçala rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi tərəfindən tərtib olunmuş 03 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 may 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 33, mənzil 7-də yerləşən mənzili X3 göstərərək sonuncuya kirayə haqqı müqabilində əvvəlcədən 200 manat pulunu ələ keçirdikdən sonra vədinə əməl eməyərək mənzili kirayə verməmiş və ya pulu qaytarmamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis inspektoru X8 izahatında göstərmişdir ki, vətəndaş X1 RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Şəxs 26 may 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 33, mənzil 7-də yerləşən mənzili kirayə vermək üçün şikayətçiyə göstərərək 200 manat pulunu ələ keçirsə də, nə ev kirayə haqqı əvəzində ona verilmiş nə də pul ona qaytarılmışdır. Aparılmış araşdırma nəticəsində təhqiqatçı Nəsimi Seyidzadə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisəni törətmiş şəxsin İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Daha sonra Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərmişdir ki, ona pul lazım olduğuna görə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 33, mənzil 7-də yerləşən mənzili kirayə vermək üçün elan yerləşdirmiş və həmin elan üzrə onunla əlaqə saxlamış X3 ev göstərdikdən sonra sonuncunun 200 manat pulunu keçirmiş, lakin evi kirayə verə bilməmişdir. Bundan başqa, qeyd olunan məbləği şəxsi ehiyaclarına sərf etdiyinə görə qaytara bilməmiş və şikayətçi onun barəsində polis şöbəsinə müraciət etmişdir. Sonradan sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra əməlini etiraf etmişdir. Halhazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 33, mənzil 7-də yerləşən mənzili kirayə ötürmək üçün onlayn saytda elan yerləşdirmiş Şəxs ilə əlaqə saxlamış və sonuncu onu qeyd olunan mənzilə baxış keçirmək üçün çağırmışdır. Lakin o qeyd olunan ünvana getdikdən sonra mənzili bəyənərək 200 manat pulu kirayə haqqı olaraq Xətaiyə versə də, sonuncu sonradan vədinə əməl etməyərək evi ona kirayə verməkdən imtina etmiş və pulu qaytarmamışdır. Buna görə də, o, polis şöbəsinə müraciət edərək şikayət etmişdir. Lakin hal-hazırda ona dəymiş zərərin Şəxs tərəfindən ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Bu səbəbdən Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin polis inspektoru X8 tərəfindən tərtib edilmiş 03 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olsa da, zərərçəkmiş şəxslə barışdığından və zərərçəkmiş şəxsin vurulmuş ziyanla bağlı şikayət və tələbi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 49-51, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3502/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3502/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver