Məhkəmə qərarları › İş №3(006)-3503/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3503/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3503/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, onun barəsində elektron qərarın tərtib edildiyi tarixdə idarə etdiyi **-NC-*** döviət nömrə nişanlı avtomobili Nəsimi rayonu, Şəmsi Bədəlbəyli 86 ünvanında müvəqqəti saxladığı üçün X5 idarəsi əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci (dayanma və ya durma qaydalarını pozmağa görə) maddəsi əsas tutularaq barəmdə protokol tərtib edilmiş və cərimə yazılmışdır. Həmin ərazidə dayanma və ya durmanı qadağan edən nişan yoxdur. Həmin ərazidə 5.14 "Minik taksilərinin dayanacaq yeri” nişanı vardır ki, bu nişanın tələblərini pozmağa görə inzibati Xətalar Məcəlləsində cərimə məbləği nəzərdə tutulmamışdır. Elektron qərara (xx.xx.2021ci il tarixli, EQ ******* nömrəli) etirazını dəfələrlə yazılı surətdə bildirmiş olduğuna baxmayaraq, Bakı şəhəri X5 İdarəsi tərəfindən əsaslandırmamış və heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X3" Qanununun 52-ci maddəsinin tələblərini pozmaqla hər bir protokol üzrə ayrılıqda olmaqla 32 manat məbləğində cərimə edilməyi ilə bağlı qərarlar çıxarılmışdır. Eyni zamanda bildirir ki, qeyd edilən elektron qərarın ləğv edilməsinə dair əvvəllər etdiyi müraciətlərlə bağlı bir neçə dəfə elektron poçt vasitəsilə qanunvericiliyə zidd və əsaslandırılmamış cavab məktubu göndərilmişdir. Belə ki, Bakı şəhər X5 idarəsinin əməkdaşı məsələ ilə əlaqəsi olmadığı halda “X3” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin İ hissəsini rəhbər tutaraq sözügedən elektron qərarların doğru tərtib edildiyini cavab məktubunda bildirmişdir. Qanunun həmin maddəsinin qeyd edilən hissəsi ilə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində-yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verildiyi əks olunur. Barəsində tərtib edilən protokollar isə Şəmsi Bədəlbəyli 86 ünvanında yolun sol tərəfində dayanma və ya durmanın qadağan edilmədiyi yerdə tərtib edilmişdir. Göründüyü kimi barəsində tərtib edilmiş elektron qərar qanunvericiliyə zidd olaraq tərtib edilmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİNnin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. İş materiallarında olan 07 may 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 tərəfindən dayanma qaydalarını pozduğuna görə İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli şəxsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, barəsində icraat aparılan şəxslə bağlı zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş materialları yenidən araşdırılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar