Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3504/2022 21.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, subay, işləməyən, İsmayıllı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, 21 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon prokurorluğunda normal iş fəaliyyətini pozaraq ictimai asayişi pozmuş, yüksək səslə qışqıraraq təhqiredici ifadələr işlətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 izahatında göstərmişdir ki, növbətçi hissəyə xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində Nəsimi rayon prokurorluğundan bir xanımın iş rejimini pozması ilə bağlı məlumat daxil olmuş, bölmədən polis əməkdaşları əraziyə göndərilmişdir. Şəxs Nəsimi rayon prokurorluğunda normal iş fəaliyyətini pozaraq, ictimayi asayişi pozması, yüksək səslə qışqıraraq təhqiredici ifadələr işlətməsi müəyyən edilmiş, barəsində müvafiq qaydada protkol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, onun evində kirayədə yaşayan xanım evindən oğurluq etmişdir. O, həmin xanımdan şikayət etmiş, lakin ərizəsinə baxılmamışdır. Ərizəsinə baxılmasını tələb etmək üçün Nəsimi rayon prokurorluğuna gedərək prokuror köməkçisi Aytən xanımla görüşmüşdür. Lakin prokurorluq əməkdaşları ona tələ qurmuş, şikayətini geri götürməsi üçün ona şər atmışlar. O, heç kimi vurmamış, söyüş söyməmişdir. Göstərilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə idarəsi polis nəfəri, polis serjantı X3 izahatında göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə inzibati ərazidə xidmət apararkən Nəsimi RMİ-nin Növbətçi hissəsi tərəfindən gələn çağırışı qəbul edərək Nəsimi rayon prokurorluğuna yaxınlaşmışlar. Orada sonradan şəxsiyyətinin Şəxs olduğunu müəyyən etdikləri xanımın prokurorluğun binasında səs-küy salaraq ictimai asayişi pozduğunu və prokurorluğun normal iş fəaliyyətinə maneçilik törətdiyini aşkar etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsinin Bakı şəhəri Nəsimi rayon mühafizə idarəsi polis nəfəri, polis serjantı X7 izahatında göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə Nəsimi rayon prokurorluğunda bir nəfər xanım vətəndaş gəlmiş, əvvəlcə prokurorluğun əməkdaşlarından Fərid müəllimin yanına qalxmış, daha sonra isə Aytən xanımın yanına getmişdir. 5-10 dəqiqə sonra Aytən xanım zəng edərək həmin xanımın səs-küy saldığını demişdir. Yuxarı qalxdıqda səs-küyü eşitmişdir. İş materialarında olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Nəsimi rayon prokurorluğunda xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş – cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48,114,115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətaların törədilməsində təqsirli bilinərək 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3504/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3504/2022
21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver