Məhkəmə qərarları › İş №3(006)-3505/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3505/2022

17.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3505/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının X5 Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair toplanmış inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 15 ünvanında xx.xx.2022-ci il tarixdə, saat 11:45-də “Reklam Mall” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının X5 Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi B.P.İsmayılov inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Bundan başqa, Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi B.P.İsmayılov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs MMC tərəfindən müvafiq icazə və ödəniş inzibati xəta haqqında protokol tərtib edildikdən sonra həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi M.M.Cabbarov bildirmişdir ki, onlar agentlikdən açıq məkanda reklam yerləşdirilməsinə dair icazəni 12 sentyabr 2022-ci il tarixdə almış və X5 hesabına 08 sentyabr 2022-ci il tarixdə 1530,33 manat müqavilə üzrə, 175,90 manat isə dövlət rüsumu üzrə ödəniş etmişlər. Belə ki, MMC tərəfindən hal-hazırda inzibati xətaya dair baş vermiş hal aradan qaldırılmışdır. Həmin icazələri və ödəniş tapşırıqlarını məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, həmçinin inzibati xəta haqqında protokolu və digər materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 15 ünvanında yerləşən “Reklam Mall” adlı obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi əməlinə yol vermiş, bununla da, Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin protokol Şəxs MMC-nin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş, lakin nümayəndə özünü təqdim etməkdən, izahat verməkdən, protokolu imzalamaqdan və onun surətini almaqdan imtina etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının X5 Bakı Şəhər Reklam İdarəsinin Şəxs MMC-yə ünvanladığı 23 avqust 2022-ci il tarixli, Rİ-1/xx-xx/2459 saylı məktubdan görünür ki, Şəxs MMC-yə barəsində Azərbaycan Respublikasının İXM-nin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol barədə məlumat verilmişdir. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli Şəxs MMC tərəfindən Azərbaycan Respublikası X5 Bakı Reklam İdarəsinə ünvanlanmış açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə müraciətindən görünür ki, icazənin müddəti 15 yanvar 2021-ci il tarixdən 12 ay müddətinə istənilmişdir. İş materiallarına əlavə edilmiş 12 sentyabr 2022-ci il tarixli açıq məkanda reklam yerləşdirilməsinə dair icazələrdən görünür ki, Şəxs MMC Bakı Reklam Agentliyindən həmin tarixdə icazə almışdır. İş materiallarına əlavə edilmiş 08 sentyabr 2022-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, Şəxs MMC tərəfindən Bakı Reklam İdarəsinin hesabına 175,90 manat, 1530,33 manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər Reklam İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 11:45-də Bakı Şəhər Reklam İdarəsi tərəfindən Şəxs MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, X6 küçəsi 15 ünvanında yerləşən “Reklam Mall” adlı obyektinin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı müəyyən edilmiş, buna görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən törədilmiş inzibati xəta yalnız MMC barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra aradan qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, həmin hal məhkəmə iclasında Azərbaycan Respublikasının X5 Bakı Şəhər Reklam İdarəsinin və Şəxs MMC-nin nümayəndəsi tərəfindən verilmiş izahatlarda, təqdim edilmiş sənədlərdə və məhkəmə iclasında verilmiş sualların cavablarında öz təsdiqini tapmışdır. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanından icazə almalı, ərazinin, daşınmaz əmlakın mülkiyyətçisi və ya onlar barədə sərəncam vermək hüququ olan şəxslə müqavilə bağlamalıdır. Həmin müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən reklama dair texniki şərtlər pasportu hazırlanır. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Reklama dair texniki şərtlər pasportunun formasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs MMC tərəfindən müvafiq icazənin alınması və dövlət rüsumunun ödənilməsi məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5.000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar