Məhkəmə qərarları › İş №3(006)-3507/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3507/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3507/2024 03.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: ünvan 1əri, Nəsimi rayonu, Cavadxan küçəsi, 34A; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, 188A saylı ünvanda yerləşən klinikada 12 avqust 2024-cü il tarixdə, saat 15:05-də aparılan plandankənar yoxlama zamanı sertifikatsız praktik tibb fəaliyyəti aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində icraat aparılan hüquqi şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlərin göndərilməsinə baxmayaraq, tərəflər məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • X7 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli elektron müraciətində qeyd olunur ki, metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında fəaliyyət göstərən “Urud” klinikasında Sevinc Musalı adlı şəxs heç bir ali təhsil diplomu olmadan stomatoloq həkim kimi fəaliyyət göstərir və insanları aldadaraq dələduzluq edir. İşlədiyi kabinetdə heç bir sterilizasiyaya əməl olunmur, insan həyatı üçün təhlükə olan xəstəliklərin yayılmasına şərait yaradır; • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X3” Publik Hüquqi şəxsin 09 avqust 2024-cü il tarixli, 3-28-1/3-2-899/2024 saylı qərarına əsasən Şəxs MMC-nin fəaliyyətinin yoxlanılması məqsədilə 2024-cü ilin avqust ayının 12dən 14-dək olan müddət ərzində plandankənar (növbədənkənar) yoxlama aparılmalıdır; • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan xx.xx.2024-cü il tarixli, KY242134909 saylı çıxarışa əsasən Şəxs MMC-yə məxsus klinikada 12.08-xx.xx.2024-cü il tarixlərdə plandankənar yoxlamanın aparılmasına icazə verilir; • xx.xx.2024-cü il tarixli, 490 saylı “Plandankənar (növbədənkənar) yoxlama Aktı”nda aparılmış qeydlərə görə şikayətə əsasən Bakı şəhəri, Nəsimi rayonu, X8 küçəsi, 188A saylı ünvanda yerləşən Şəxs MMC-yə məxsus klinikada plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Yoxlama zamanı sertifikasiya komissiyasından keçməyən X2 həkim-stomatoloq kimi işləməsi müəyyənləşdirilmişdir. MMC-nin qanuni təmsilçi X5 həkimin səhhəti ilə əlaqədar başqa dövlətdə olduğuna görə sertifikasiyadan keçmədiyini bildirmişdir; • 14.12.2023-cü il tarixli “Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə görə X6 Şəxs MMC-də stomatoloq işləyir; • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Şəxs MMC-yə verilmiş xx.xx.2017-cı il tarixli, İN/L-902/2017/1 saylı lisenziyanın əlavəsinə əsasən cəmiyyətə ünvan 4 ünvanda özəl tibbi fəaliyyətin ambulator tibb xidmətinin göstərilməsinə icazə verilən işlərin siyahısına terapiya (terapevtik), kardiologiya (kardioloji), mama-ginekologiya (ginekoloji (ekstrakorporal mayalandırma istisna olmaqla), stomatologiya (terapevtik, ortopedik), şüa diaqnostikası (ultrasəs müayinəsi), laboratoriya (klinik və klinik-biokimyəvi) daxildir. Məhkəmə iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs MMC-yə məxsus ünvan 5 ünvanda yerləşən tibbi mərkəzdə həkim-stomatoloq X1 keçmədən praktiki tibbi fəaliyyətə cəlb edilmişdir. Bununla da Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə məsuliyyət müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə uyğun olaraq praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, quruma İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar