Məhkəmə qərarları › İş №3(006)-351/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-351/2021

12.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-351/2021 12.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1985-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs oğlunun barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:00 radələrində idarə etdiyi «X5» markalı, **-SK- *** nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində hərəkətdə olarkən X1 idarə etdiyi «Samand Minik» markalı, **-EG-*** nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə «Samand Minik» markalı avtomobildə olan sərnişin olan Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə, saat 16:00 radələrində idarə etdiyi «X5» markalı, **-SK-*** nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində hərəkətdə olarkən X1 idarə etdiyi «Samand Minik» markalı, **-EG-*** nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə «Samand Minik» markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Lakin, zərərçəkmiş şəxsin ilk öncə xəsarət alması barədə məlumatı olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs hadisə yerindən uzaqlaşaraq öz evinə getmiş, yalnız sonradan tanımadığı şəxs gəlib ona məlumat verdikdən sonra zərərçəkmiş şəxslə əlaqə saxlamış, ona dəymiş ziyana görə 150 manat pul vəsaiti vermis və əlavə olaraq 3 saylı Sabunçu xəstəxanasında müayinə və müalicə xərclərini ödəmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 tərəfindən verilən 1016 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət – sol gicgah nahiyəsinin qançır-şişkinlik halında əziyi (dərialtı-hematoması) bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün bakı Baş Sİ-nin 3 saylı şəhər Kliniki Xəstəxanasına müraciət etdiyi və qərarın təsviuri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Babək Mirzəyev tərəfindən qəbul edilmiş xx xxxxxx 2021ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-519 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəməyə təqdim olunmuş Bakı Nəqliyyat Agentliyi tərəfindən verilmiş 077917 seriya nömrəli fərqlənmə nişanından görünür ki, vergi ödəyicisi Şəxs məxsus ** SK *** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olması üçün icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə baş inspektoru X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmədə Şəxs törətdiyi inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar