Məhkəmə qərarları › İş №3(006)-3518/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3518/2023

02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3518/2023 02.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qarayev Fuad Novruzəli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Nizami, ev 121, mənzil 14; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1 və 492.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100- 01695/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01695/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, "X4.And Exp.Co.Ltd.” şirkəti tərəfindən “Nyukond" MMC-nin ünvanına 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilən “Vahid korpusda Kondisionerlər” yükü xx.xx.2023-cü il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təyinat almışdır. 20ED189/20ZA479 və 395BK877/35ZB877 dövlət nömrə nişanlı nəqliyyat vasitələri xx.xx.2023 cü il tarixdə “İpək yolu” gömrük terminalı ərazisinə daxil olmuşlar. Yuxarıda qeyd olunan nəqliyyat vasitələri fiziki yoxlanış üçün “İpək yolu” gömrük postundan təyinat anbarına yönləndrilimişdir. Mobil gömrük şöbəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin fəaliyyət ərazisində nəqliyyat vasitələrinə vizual baxış keçirən zaman 20ED189/20ZA479 və 35BK877/35ZB877 dövlət nömrə nişanlı nəqliyyat vasitələri təyinat anbarında deyil Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən anbarda olduğu və gömrük təminatı olan plombun kəsildiyini və yük yerinin açıldığı faktı aşkar edilmiş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 barələrində tərtib olunmuş protokola etiraz etmədiklərini bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1 və 492.1-ci maddələrinin tərkibi vardır. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 34/015/01554 nömrəli xx.xx.2023-cüil tarixli raporta əsasən "X4.And Exp.Co.Ltd.” şirkəti tərəfindən “Nyukond" MMC-nin ünvanına 20ED189/20ZA479 və 35BK877/35ZB877 nömrə nişanlı nəqliyyat vasitəsilə göndərilən “Vahid korpusda Kondisionerlər” yükü xx.xx.2023-cü il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təyinat almışdır. 20ED189/20ZA479 və 395BK877/35ZB877 dövlət nömrə nişanlı nəqliyyat vasitələri xx.xx.2023 cü il tarixdə “İpək yolu” gömrük terminalı ərazisinə daxil olmuşlar. Yuxarıda qeyd olunan nəqliyyat vasitələri fiziki yoxlanış üçün “İpək yolu” gömrük postundan təyinat anbarına yönləndrilimişdir. Mobil gömrük şöbəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin fəaliyyət ərazisində nəqliyyat vasitələrinə vizual baxış keçirən zaman 20ED189/20ZA479 və 35BK877/35ZB877 dövlət nömrə nişanlı nəqliyyat vasitələri təyinat anbarında deyil Qaradağ rayonu, Lökbatan dairəsi yaxınlığında yerləşən anbarda olduğu və gömrük təminatı olan plombun kəsildiyini və yük yerinin açıldığı faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 485.1 və 492.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 492.1-ci maddənin sanksiyası həddində cərimə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1 və 492.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar