Məhkəmə qərarları › İş №3(006)-3520/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3520/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3520/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 iştirakı ilə Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 07.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 07.11.2021-ci il tarixdə Bakı şəhər X5 İdarəsinin Müşayiət-Eskort bölüyü yol patrul xidməti baş inspektoru H.Rüstəmov tərəfindən barəsində 07.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu qərara əsasən o, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə olunmuşdur. Lakin heç bir sübut olmadan hərəkətdə olmayan nəqliyyat vasitəsinə cərimə yazılmışdır. O, bu qərarla razı deyil. Belə ki, inspektorun avtomobilinin dayandığı yerdən onun tərəfindən hər hansı pozuntu faktının aşkar edilməsi mümkün deyil. O, inzibati xətanın mövcudluğu faktı ilə razılaşmadığı halda inspektor protokol tərtib etmək əvəzinə barəsində inzibati təbeh vermə haqqında qərar qəbul etmişdir. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Qeyd olunanlara əsasən barəsində olan 07.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayət vermiş şəxs və qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Bakı şəhər X5 İdarəsinin Yol patrul xidməti inspektoru tərəfindən tərtib edilmiş 07.11.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X1 07.11.2021-ci il tarixdə, saat 14:26-da idarə etdiyi “Porsche Cayenne minik” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; - Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 07.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 07.11.2021-ci il tarixdə, saat 14:26-da idarə etdiyi “Porsche Cayenne minik” markalı, **-UN- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, X1 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə məsuliyyət müəyyən edir. Beləliklə müəyyən edilir ki, Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 07.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 07.11.2021-ci il tarixdə, saat 14:26-da idarə etdiyi “Porsche Cayenne minik” markalı, **- UN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsində olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarını pozmuş və bununla bağlı o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilmişdir. Şikayət vermiş şəxs şikayətində yalnız barəsində qəbul edilmiş qərarın qanuniliyini mübahisələndirib onun ləğv edilməsini xahiş etsə də, inzibati xətanın mövcudluğu faktını hansı əsaslarla inkar etdiyinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda onun əməlində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkib əlamətləri olduğu müşahidə edilir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 07.11.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar