Məhkəmə qərarları › İş №3(006)-3521/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3521/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3521/2023 28.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, şikayətçi X2, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X2 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin rəisi X11 tərəfindən barəsində tərtib edilmiş 04 iyul 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 ərizə ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən onun İXM-nin 192.4-cü maddəsi ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair 04 iyul 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, 01 fevral 1999-cu il tarixdən Bakı şəhəri Nizami rayonunda yerləşən “Bənövşə” uşaq bağçasında müdir vəzifəsində işləyir. X4 xx.xx.2011ci il tarixdən “Bənövşə” uşaq bağçasına tərbiyəçi vəzifəsinə qəbul edilmişdir. O, ADU-nun kitabxanaçılıq fakültəsini bitirmişdir. O, sonuncu dəfə xx.xx.2022-ci ildə bağlanan elektron müqaviləyə əsasən 14-cü dərəcə ilə aylıq 584 manat əmək haqqı ilə işləmişdir. Özünün dediyinə görə aprel ayında 14-cü dərəcədən 10-cu dərəcəyə endirilmiş və ona 497 manat maaş hesablanmışdır. Buna görə də, X5, Ombudsmana, Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasına və Azərbaycan Respublikasının Milli Məclisinə maaşının azaldılması barədə şikayət məktubları ünvanlamışdır. Qeyd olunan fakta görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin rəisi X7 04 iyul 2023-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilərək barəsində 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hamin qərar poçt vasitəsilə xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Qərarda göstərilmişdir ki, “Bənövşə” uşaq bağçasında X1 2023-cü il aprel və may ayı üzrə əmək haqqısı əmək müqaviləsi ilə müəyyən edilmiş 584 manat əmək haqqından aşağı 497 manat hesablanıb ödənilməklə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qərarla razı deyil, hesab edir ki, qərar tam əsassız və qanunsuzdur. Əvvəla qeyd edir ki, qeyri-ixtisas olduqlarına görə Respublika üzrə 5851 nəfərin maaşı aşağı salınmışdır. Bütün uşaq bağçaları mərkəzləşmiş idarəyə - Bakı şəhəri üzrə Təhsil İdarəsinə tabedir. Bütün hesablamalar və maliyyə məsələləri mərkəzləşmiş qaydada ümumi mühasibatlıqda aparılır. Bağça müdirləri yalnız hər ay iş vaxtının uçotu tabelini - yəni işçilərin aylıq iş saatlarını mühasibatlığa təqdim edir. Əmək haqqları mühasibatlıqda hesablanır. İşçinin dərəcəsinin, maaşının aşağı salınması və yaxud artırılması heç bir bağça müdirinin səlahiyyətində deyildir. Buna görə də, onun X1 əmək haqqısının əmək müqaviləsində müəyyən edilmiş əmək haqqından aşağı hesablanmasında heç bir iştirakı və təqsiri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi hə tərtib edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Beləliklə, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş və barəsində xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Onun isə işçinin maaşını aşağı salmaq kimi bir səlahiyyəti və hərəkəti olmamışdır. Həmçinin hazırki iş üzrə təqsirliliyi sübut etmək yükü barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Bu səbəbdən də, o, Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Barəsində tərtib olunmuş MN № ******* nömrəli protokol və MN ******* nömrəli qərar tam əsassızdır, o, əmək qanunvericiliyinin heç bir qaydalarını pozmamışdır. Qeyd olunanları nəzərə alaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilən 04 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarını qanunsuz və əsassız olduğu üçün ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, onun iştirakı təmin edilmədən və düzgün araşdırma aparılmadan barəsində inzibati xəta haqqında protokol və onun əsasında qərar qəbul edilmişdir. Halbuki, onun maaşları aşağı salmaq və ya hər hansı formada təsir etmək imkanı yoxdur. Belə ki, qeyd olunan proseslərlə bağlı Bakı şəhər Təhsil İdarəsi məşğul olur. Hal-hazırda həmin müəllimlərin dərəcələrinin aşağı salınması ilə bağlı problem aradan qaldırılmışdır. Həmçinin qeyd edir ki, şikayət etmiş X4 ondan deyil, məhz dərəcələrin aşağı salınmasını həyata keçirən Bakı şəhər Təhsil İdarəsindən şikayət etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X8 bildirmişdir ki, X1 şikayəti əsasında aparılmış araşdırmalar nəticəsində “Bənövşə” uşaq bağçasının müdiri Minarə Seyidova inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, X1 2023-cü il aprel və may ayı üzrə əmək haqqısı əmək müqaviləsi ilə müəyyən edilmiş 584 manat əmək haqqından aşağı 497 manat hesablanıb ödənilməklə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd olunmalıdır ki, elektron portalda işəgötürən şəxs kimi X6 göstərilmişdir. Həmçinin Bakı şəhər Təhsil İdarəsi tərəfindən verilmiş məlumatda bağça müdirlərinə elektron imza verilməsi və işəgötürən şəxs olması qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə qalmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 04 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 “Bənövşə” uşaq bağçasında X1 2023-cü il aprel və may ayı üzrə əmək haqqısı əmək müqaviləsi ilə müəyyən edilmiş 584 manat əmək haqqından aşağı 497 manat hesablanıb ödənilməklə əmək qanunvericiliyinin tələbləri pozulmasında təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən araşdırma aparılmış, X1 2023-cü il aprel və may ayı üzrə əmək haqqısı əmək müqaviləsi ilə müəyyən edilmiş 584 manat əmək haqqından aşağı 497 manat hesablanıb ödənilməklə əmək qanunvericiliyinin tələbləri pozulması müəyyən edilərək Bakı şəhər Təhsil İdarəsinin səlahiyyətli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib etmək əvəzinə qanunsuz olaraq “Bənövşə” uşaq bağçasının müdiri X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 04 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə X6 yuxarıda qeyd olunmuş həmin maddə ilə təqsirli bilinərək 700 (yeddi yüz) manat məbləğində cərimə edilmişdir. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsi tərəfindən inzibati xətanın kim tərəfindən törədilməsi düzgün müəyyən edilməmişdir. Göründüyü kimi, X2 barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas olmuş hallara səbəbkar X6 yox, Bakı şəhər Təhsil İdarəsi olmuşdur. Belə ki, X2 maaşların azaldılmasına və ya onlara hər hansı təsir edilməsinə səlahiyyəti olmamışdır. Buna baxmayaraq, inzibati xəta hadisəsi aşkar edildikdən sonra həmin inzibati xətanı törətmiş subyekt düzgün müəyyən edilməmiş, nəticədə əsassız olaraq X2 barəsində düzgün olmayaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılmışdır. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X2 əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan subyekt yoxdur. Bununla da, məhkəmə belə hesab edir ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 elementdən biri subyekt düzgün müəyyən edilmədiyindən, X6 barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanıla bilməz başlanılmış icraata isə xitam verilməlidir. Yuxarıdakilara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsi tərəfindən barəsində qəbul edilən 04 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X2 barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 inzibati xəta törədilməsində aidiyyəti olmadığından şikayət təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 04 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin 04 iyul 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar