Məhkəmə qərarları › İş №3(006)-3527/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3527/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3527/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Nəsimi rayon prokuroru Həsən Hənifəyevin xx xxxxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı və və ona əlavə olunmuş material məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan və ona əlavə olunmuş materiallardan görünür ki, Şəxs tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 saylı ünvanda yerləşən “Ampula” aptekin qarşı tərəfində Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə zamanı zərərçəkənə məxsus “VAZ 21725” markalı, **-XU-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan ön qapısının şüşəsini sındıraraq və onun əynində olan köynəyi cıraraq ümumilikdə 200 manat maddi ziyan vurmaqla İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərinin pozulması faktı müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkən Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, 2013-cü ildən etibarən Bakı şəhərində əczaçılıq ilə məşğul olaraq müxtəlif apteklərdə işləmiş, son 3 il ərzində isə Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi 9/1 ünvanında yerləşən “CARDİO” adlı aptekdə satıcı işləyir. İşi ilə bağlı Bakı şəhərində bir çox apteklər ilə əlaqəsi vardır ki, onlardan biri olan ünvan 3 saylı ünvanda yerləşən “Ampula” adlı apteki işlədən Şəxs ilə həmişə yaxşı münasibətdə olmaqla yanaşı, ara-sıra tapa bilmədiyi dərman və ya tibbi preparatlar üçün ona müraciət etmişdir. Zərərçəkmiş şəxs cari ilin yaz aylarında həmin aptekə “Vitamin C” dərmanını nisyə olaraq satarkən Şəxs ona 100 manat borcu yaransa da, o, maddi sıxıntısını dilə gətirərək bu pulu ona verə bilmədiyini dediyindən Zərərçəkmiş şəxs gələcəkdə ondan aldığı dərmanların pulunu verməməklə Şəxs ilə hesablaşacağını düşünmüşdür. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ünvan 3 saylı ünvanda yerləşən “Ampula” adlı aptekə gələrək ümumi dəyəri 535 manat olan müxtəlif dərmanlar aldıqda, ödəniş etmək üçün 20 manat pulu çatmadığından Şəxs ona borclu qaldığı 100 manat puldan 20 manatı çıxmasını deyib dərmanları götürüb aptekdən çıxaraq qarşı tərəfdə S.Vurğun küçəsinin işlək hissəsində saxladığı özünə məxsus “VAZ 21725” markalı **-XU-*** dövlət qeydiyyat nişanlı avtomaşının sükanı arxasına əyləşdikdən sonra Şəxs onun arxasınca aptekdən çıxaraq maşına yaxınlaşıb ondan 20 manat pulu tələb etmiş və əks halda dərmanları götürəcəyini dedikdə, Zərərçəkmiş şəxs ona bir neçə aydır borclu qaldığı 100 manat puldan 20 manat pulu çıxmasını izah etsə də, Şəxs onun ilə razılaşmayaraq maşının sağ yan qapı şüşəsinin təxminən 15-20 sm açıq olmasından istifadə edərək sağ yan ön oturacaq üzərində olan dərmanları götürmək istədikdə, o, dərman dolu paketi götürə bilməməsi üçün şüşəni nisbətən qaldırsa da, Şəxs maşının sağ yan ön qapı şüşəsini əli ilə dartaraq qəsdən sındırıb 85 manat dəyəri olan “Zoladex” adlı dərmanı götürərək onun 65 manat pulunu qaytarmışdır. Rüstəm maşından dərmanı götürüb aptekə qoyaraq geri qayıtdıqda, Zərərçəkmiş şəxs maşından düşərək ondan bunun izahını istəyərkən Şəxs onun yaxasından dartaraq əynində olan köynəyin yaxasını cırmışdır. Şəxs onun sinəsindən itələməklə yanaşı, qollarından tutaraq onu dartdığından onun sol qolunun dirsək və biləy nahiyələri cızılaraq xəsarət almışdır. Avtomaşının ön qapı şüşəsini sındıraraq ona 150 manat və əynində olan köynəyi cıraraq 50 manat maddi ziyan dəyməsini bildirmiş və ona borclu olduğu 100 manat pul ilə birlikdə 300 manat pulun Şəxs tərəfindən ödənilməli olmasını bildirmişdir. İzahatının sonunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan və ona əlavə olunmuş materialları nəzərdən keçirib və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon Polis İdarəsinin baş təhqiqatçısı Nazim Qədirov tərəfindən icraatında olmuş Zərərçəkmiş şəxs Şəxs şikayəti üzrə toplanmış HK 1-1502 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 1280/20 saylı material üzrə Nəsimi rayon prokurou Həsən Hənifəyev tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngüləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş maddi ziyanın 1 (bir) misli miqdarında, yəni 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar