Məhkəmə qərarları › İş №3(006)-3530/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3530/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3530/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qarayev Fuad Novruzəli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili “LCG” Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 15991057,50 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 15991057,50 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili E.C.Rəhman ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 12 iyul 2023-cü il tarixli protokolda qeyd olunan hal ilə əlaqədar, yəni şirkətin 15991057,50 Rusiya rublu məbləğində vəsaiti 09 iyun 2021-ci il tarixdə xaricə köçürülməsindən sonra həmin vəsait hesabına müqavilə üzrə alınan malların ölkəyə idxal olunmaması və ya valyutanın geri qayıtmamasında Şirkətin heç bir təqsiri yoxdur. Belə ki, şirkətlə “X1” ASC (Rusiya) arasında şəkər təchizatına dair Л3С-14571-13 №-li, 01 iyun 2021-ci il tarixli malın alınması və Azərbaycana idxalı ilə bağlı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə uyğun olaraq müvafiq qabaqcadan ödənişlər edilmişdir. Lakin, qısa zamanda bəlli olmuşdur ki, müqavilənin tərəfləri olan satıcı və onun dillerləri nə malı onlara göndərmək, nə də pulu geri qaytarmaq niyyətindədirlər. Əksinə, bəlli oldu ki, satıcı və onların dillerləri köçürdükləri vəsaitləri qanunsuz olaraq mənimsəmək niyyətindədirlər. Odur ki, bu niyyət onlara bəlli olan kimi, şirkət tərəfindən dərhal Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən nüfuzlu hüquq şirkətlərinin birindən baş verən hala dair ətraflı analiz və hüquqi rəy alınmış və gecikmədən məhkəməyə, həmçinin müvafiq hüquq mühafizə orqanlarına müraciət olunmuşdur. Hal-hazırda bu mübahisə ilə bağlı məhkəmə işi Rusiya Federasiyası, Lipetsk şəhəri, Arbitraj Məhkəməsinin icraatındadır (iş № A36- 581/2023, hakim Drujinin A.V.). Göründüyü kimi faktiki olaraq, bu mübahisə hal-hazırda məhkəmənin icraatındadır. Şirkət tərəfindən vəsaitin xaricə köçürülməsindən sonra, müqavilə üzrə təchiz ediləcək malların Azərbaycan ərazisinə idxal olunmaması və əvəzində ödənilmiş vəsaitin geri qaytarılmamasında şirkətin, yəni vəsaiti xaricə köçürənin bununla bağlı hər-hansı günahı, qərəzi, qəsdi və ya təqsiri mövcud deyildir. Göstərilənləri, Şəxs MMC tərəfindən sifariş edilmiş malların vaxtında ölkəyə idxalının onlardan asılı olmayan səbəbdən baş tutmamasını və MMC əməlində inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankına qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısnın izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli köçürmə sənədini surətindən görünür ki, Şəxs MMC tərəfindən 15991057,50 Rusiya rublu məbləğində vəsait həmin tarixdə Rusiya Federasiyasında yerləşən “X1” ASC-nin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Lipetsk vilayəti Arbitraj Məhkəməsinin xx.xx.2021-ci il tarixli, A36-8069/2021 saylı qərardadından görünür ki, Şəxs MMC-nin iddia ərizəsi icraata qəbul edilmiş, iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş Lipetsk vilayəti Arbitraj Məhkəməsinin xx.xx.2023-cü il tarixli, A36-8069/2021 saylı qərardadından görünür ki, A36-8069/2021 saylı iş birinci instansiya arbitraj məhkəməsinin xx.xx.2023-cü il saat 12:00-da məhkəmənin binasında keçirilən iclasında məhkəmə araşdırmasına təyin edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 15991057,50 Rusiya rublu məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən satın alınmış mallar MMC-dən asılı olmayan səbəblərdən idxal edilməmiş və ya köçürülmüş məbləğ ölkə ərazisinə geri qaytarılmamışdır, bununla bağlı MMC tərəfindən məhkəməyə iddia verilmiş və hazırda işə Lipetsk vilayəti Arbitraj Məhkəməsinin icraatında baxılır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə MMC-dən asılı olmayan səbəblərdən idxal edilmədiyindən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar