Məhkəmə qərarları › İş №3(006)-3542/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3542/2022

11.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3542/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 04-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə, saat 13:15 radələrində etibarnamə ilə idarə etdiyi «TOYOTA PRADO MİNİK» markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində hərəkətdə olarkən piyada qismində yolu keçən Zərərçəkmiş şəxs vuraraq ona yüngül dərəcəli bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, 13:15 radələrində idarə etdiyi «TOYOTA PRADO MİNİK» markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində hərəkətdə olarkən qəfildən qarşısına adını sonradan bildiyi Zərərçəkmiş şəxs çıxmış, o isə əyləcdən istifadə etsə də, avtomobilin ön hissəsi ilə piyadanı vurmuşdur. Həmin şəxs yerə yıxılmışdır. O da dərhal avtomobildən düşüb onu xəstəxanaya aparmış, müalicəsinə çəkilən xərcləri ödəmişdir. Ona yüngül tənbehin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi və zərər çəkmiş şəxs məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallarda olan: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 Nəsimi Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli, 986 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol körpücük sümüyünün döş sümüyü ucunun bağlarının hissəvi zədələnməsi və körpücük nahiyəsinin qançır-şişkinliyi, üst çənədə soldan İ və İİ dişlərin tacının hissəvi travmatik sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər; - 18.04.2022-ci il tarixli, BB seriyalı, 224833 saylı sürücülük vəsiqəsinə əsasən Şəxs «B1,B» kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir; - AA 854673 saylı, xx.xx.2006-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «TOYOTA PRADO MİNİK» markalı, **- HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r və bu avtomobil xx.xx.2020-ci il tarixli etibarnamə ilə xx.xx.2022-ci il tarixədək idarə edilməsi üçün Şəxs verilib. Məhkəmə proses iştirakçısının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini İnzibati Xətalar Məcəlləsinin 32.1.7-ci maddəsinə uyğun olaraq onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar