Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3548/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qarayev Fuad Novruzəli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli, ev 62; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin) 491.1 və 492.1-ci maddələri üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01501/23) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İXM-nin 491.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01501/23) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli, ev 62 ünvanında qeydiyyatda Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) Bakı şəhəri, Qaradağ rayonu, Səlyan şossesi, 26-cı km ünvanında yerləşən anbarına daxil olmuş, “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan yüklərin istifadə olunduğu barədə əldə edilmiş məlumatla bağlı həmin anbara keçirilmiş baxış zamanı 3 gömrük bəyannaməsi üzrə (xx.xx.2023-cü il tarixli **********3136 sorğu nömrəli xx.xx.2023-cü il tarixli **********2403 sorğu nömrəli xx.xx.2023-cü il tarixli **********3155 sorğu nömrəli “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan ümumi gömrük dəyəri 353990 (üç yüz əlli üç min doqquz yüz doxsan) manat olan boruların istifadə edilməsi və anbarda mövcud olmaması aşkarlanmış, bununla da gömrük təminatının pozulması faktı qeydə alınmışdır. Araşdırma ilə bağlı şirkətin əməkdaşı ilə əlaqə saxlanılaraq (**********) məlumat verilmiş, Bakı Baş Gömrük İdarəsinə izahat verməsi üçün dəvət edilmiş, lakin iş üzrə heç kim gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməlliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən xx.xx.2023-cü il tarixli **********3136 sorğu nömrəli xx.xx.2023-cü il tarixli **********2403 sorğu nömrəli, xx.xx.2023-cü il tarixli **********3155 sorğu nömrəli “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan gömrük dəyəri 353990 (üç yüz əlli üç min doqquz yüz doxsan) manat olan yüklərin üzərində sərəncam verməsi və gömrük təminatının pozulması faktı müəyyən edilmiş, bununla da, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı Azərbaycan Respublikasının İXM-nin 491.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında içtirak edən arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, X1 LİMİTED şirkətinin Azərbaycan Respublikasındakı filialı uzun müddətdir fəaliyyət göstərir. Şirkət fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtı vaxtında ödəyir. Bu günədək hər hansı bir dövlət orqanları ilə problem yaşanmamışdır. Fəaliyyətiləri dövründə xeyli sayda işçiləri olmuş və onların qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuş, hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. 2019-cu ildə “BP EXPLORATİON CASPİAN SEA LİMİTED” şirkəti ilə aralarında müqavilə imzalanmışdır. Sözü gedən müqavilənin tələblərinə əsasən tərəflərindən neft borularının idxalı həyata keçirilməli idi. Müqavilə ilə nəzərdə tutulmuş məhsullar 2019-cu ildən başlayaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada ölkələrinə idxal edilmişdir. 2023-cü ilin may ayının əvvəllərində Bakı Baş Gömrük İdarəsindən şirkətə zəng vurularaq bildirilmişdir ki, güya idxal etdikləri borular anbarda aşkar edilməmişdir. Daha sonra isə hər hansı araşdırma aparmadan inzibati hüquq pozuntusu faktı aşkar edilmədən 8 iyul 2023-cü il tarixdə barələrində inzibati icraat başladaraq EP0079993 nömrəli inzibati xəta haqqında protokol tətbiq edərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişlər. Hesab edirlər ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci və 492.1-ci maddələrinə əsaslanaraq tərtib edilmiş İnzibati Xəta haqqında protokol qanunsuzdur və başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, “BP EXPLORATİON CASPİAN SEA LİMİTED” şirkəti ilə aralarında müqaviləyə əsasən onlara idxal etməli olduqları borular Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin güya keçirildiyini irəli sürdüyü baxış zamanı anbarda olmuşdur. Borular üçüncü şəxsə daha təhvil verilməmiş və bu səbəbdən rüsum haqqı ödənilməmişdir. Eyni zamanda, qeyd etmək lazımdır ki, borular üçün rüsum haqqı artıq ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələblərinə görə İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar mövcuddur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.1.2ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin, onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlardan da açıq-aydın görünür ki, tərəflərindən hər-hansı inzibati hüquq pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən heç bir baxış keçirilmədən, araşdırma aparılmadan əsassız olaraq protokol tərtib olunmuşdur. Xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən iş materiallarından da göründüyü kimi 2023-cü ilin may ayının əvvələrində güya baxış keçirsələrdə protokol 2023-cü ilin iyul ayında tərtib olunmuşdur. Bu bir daha onu sübut edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi qərəzli mövqedən çıxış edərək mümkün olan bütün prossesual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 -ci maddəsinin tələblərinə görə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin məcəllənin 101.2.-ci maddəsinin tələblərinə görə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Bu səbəbdən də, tərtib edilən protokolnan razılaşmırlar. Ona görə də sözügedən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 491.1-ci və 492.1 -ci maddələrinə əsaslanaraq tərtib edilən 08 iyul 2023-cü il tarixli İnzibati Xəta haqqında EP ******* saylı protokolnan bağlı “etiraz” ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd olunanlara əsasən şirkətin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkilini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının Azərbaycan Respublikasının İXMnin 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş 34/013/015432 nömrəli, xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 31 May 2023-cü il tarixdə BBGİ-nin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli, ev 62 ünvanında qeydiyyatda olan Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN: **********) Bakı şəhəri, Qaradağ rayonu, Səlyan şossesi, 26-cı km ünvanında yerləşən anbarına daxil olmuş, “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan yüklərin istifadə olunduğu barədə əldə edilmiş məlumatla bağlı həmin anbara baxış keçirilmişdir. Baxış zamanı 3 gömrük bəyannaməsi üzrə (xx.xx.2023 tarixli **********3136 sorğu nömrəli, xx.xx.2023 tarixli ********* 72403 sorğu nömrəli, xx.xx.2023 tarixli **********3155 sorğu nömrəli “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan ümumi gömrük dəyəri 353990 (üç yüz əlli üç min doqquz yüz doqsan) manat olan boruların istifadə edilməsi və anbarda mövcud olmaması aşkarlanmış, bununla da gömrük təminatının pozulması faktı qeydə alınmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 83.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq sərbəst dövriyyəyə buraxılanadək, məhv edilənədək; dövlətin xeyrinə imtina olunanadək; malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək və ya mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək gömrük nəzarəti altında olurlar. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə görə Bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə - inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 492.1-ci maddəsinə görə gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə - inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Göründüyü kimi məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili “BP EXPLORATİON CASPİAN SEA LİMİTED” şirkəti ilə aralarında olan müqaviləyə əsasən onlara idxal etməli olduqları borular Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən keçirilmiş baxış zamanı anbarda olduğunu bildirmişdir. Borular üçüncü şəxsə daha təhvil verilməmiş və bu səbəbdən rüsum haqqı ödənilməmişdir. Daha sonra borular üçün rüsum haqqı artıq ödənildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində olan xx.xx.2023-cü il tarixli, EP ******* (00100-01501/23) saylı inzibati xəta haqqında protokol heç bir sübuta istinad edilmədən tərtib edilmiş, həmçinin, protokolla İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, protokol tərtib edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Həmçinin səlahiyyətli orqan tərəfindən İXM-nin 100-cü maddəsinin tələbləri pozulmuş, inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, toplanmış sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, Bakı Baş Gömrük İdarəsinin xx.xx.2023-cü il tarixli aktı əsasında tərtib edilmiş protokol Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus anbarda olan boruların istifadə edilməsi və anbarda mövcud olmaması qənaətinə gəlinməsi üçün mötəbər sübut kimi qəbul oluna bilməz. Beləliklə, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda saxlanmalı olan ümumi gömrük dəyəri 353990 (üç yüz əlli üç min doqquz yüz doxsan) manat olan boruların istifadə edilməsi və anbarda mövcud olmaması məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl mövcud deyildir. Ona görə də, Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialının barəsində Azərbaycan Respublikasının İXM-nin 491.1 və 492.1-ci maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 105, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3548/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3548/2023
08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver