Məhkəmə qərarları › İş №3(006)-355/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-355/2022

02.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-355/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03.05.2021-ci il tarixli, MN ******* saylı 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Xətai rayon məhkəməsinə ünvanlanmış şikayət aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Nəsimi Rayon Polis İdarəsi tərəfindən 03.05.2021-ci il tarixində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib edilmişdir. Həmin protokola əsasən o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətam törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə olunmuşdur. Əsas kimi göstərilmişdir ki, Nəsimi rayonunda yerləşən “HOLLYWOOD” adlı obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati xətalar məcəlləsinin 17-ci maddəsinə əsasən, “Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar”. Məlumat üçün bildirir ki, o, həmin “HOLLYWOOD” adlı obyektdə heç bir vəzifə daşımır və müvafiq olaraq heç bir vəzifənin icrası ilə bağlı məsuliyyətə cəlb edilə bilməz. Belə ki, onun pozuntunun olması iddia olan obyektlə heç bir hüquqi bağlılığı mövcud deyil və bunu onu məsuliyyətə cəlb etmiş şəxslərə yerində izah etmişdir. Hüquqi bağlılığının olmaması həmin obyektə dair sərəncamverici xüsusiyyətlərinin olmaması anlamına gəlir ki, o da həmin yer ilə aidiyyatı və təsir gücünün olmaması deməkdir. İnzibati xətanın onun tərəfindən törədilməsinə yeganə əsas kimi həmin xətanın aşkar olunduğu vaxt onun həmin obyektdə olmağı olmuşdur və nəzərə alsaq ki, həmin yer insanların kütləvi baş çəkdiyi yerlərdir, onun orada olmağı təəccüblü olmamalıdır. Hesab edir ki, protokol tərtib edən polis əməkdaşları inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün kifayət qədər araşdırma aparmamış, onun həmin inzibati xətanın törədilməsində təqsirini sübut edən sübutlar işə əlavə olunmamış və araşdırmamışdır. Dövlət orqanlarının elektron sisteminə çıxışı olması səbəbində müvafiq icra hakimiyyəti orqanının nümayəndələri lazımi həvəs və diqqət göstərmiş olsaydılar inzibati xətanın törədilməsində təqsirli olan şəxsi aydınlaşdırmaq elə də asan olmazdı. Bunun üçün hətta həmin obyektin icarə müqaviləsinə baxmaq kifayət idi. İnzibati iş üzrə qərarın surətini ona təqdim edilməsi ilə bağlı 24.11.2021-ci il tarixli məktubla Bakı Şəhər Baş Polis İdarəsinə rəsmi müraciət etmiş, lakin hələ də cavab gəlməmişdir. Təəssüf hissi ilə bildirir ki, həmin bu protokola əsasən qəbul olunmuş qərar ona lazımi qaydada çatdırılmayıb və bu səbəbdən həmin qərardan şikayət verə bilməmişdir. Qərarın surətini 24.01.2022-ci il tarixində rəsmi qaydada Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsindən təhvil almış və bu qərardan məhkəməyə şikayət vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-cı maddəsində qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21ci Polis Bölməsinə və şikayətçiyə lazımi qaydada məlumat verilsə də, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsi və şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin nümayəndəsinin və şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 03.05.2021-ci il tarixdə, saat 09:40-da Bakı şəhəri, Nəsimi rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə tam riayət olunmamış, barəsində icraat aparılan şəxslə bağlı zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə rəisi tərəfindən qəbul edilmiş 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 03.05.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar