Məhkəmə qərarları › İş №3(006)-355/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-355/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-355/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, X1, Qərarından şikayət verilmiş orqan Bakı şəhər BPİ-nin X12 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 Bakı şəhər X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-118/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, X4 Bakı şəhər X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokol əsasında Mirqasımov və Mərdanov qardaşları küçələrinin kəsişməsində barəsində protokol tərtib edən YPX əməkdaşları pik saatlarda yaranmış qarışıqlıq və sıxlıqdan istifadə edərək nəqliyyat vasitələrinin hərəkətini tənzimləmək əvəzinə xidməti avtomobilin salonundan ətrafda baş verənləri sadəcə müşahidə edərək protokol tərtib etmişdir. Qeyd edir ki, M.Mirqasımov küçəsi baş yol olmasına baxmayaraq həmin küçədə avtomobil axını bir o qədər də sıx deyil. Lakin, Mərdanov Qardaşları küçəsi istiqamətindən gələn avtomobil axını çox sıx və daha intensivdir və avtomobillər tərəfindən süni tıxacın yaranmasına səbəb olur. Bu situasiyalar şəhərin digər küçələrində də müşahidə olunsa da, YPX əməkdaşlarının səmərəli müdaxiləsi sıxlığın nəzərə çarpacaq dərəcədə azalmasına səbəb olur. Mirqasımov küçəsi istiqamətindən gələn avtonəqliyyat vasitəsinin kifayət qədər uzaq məsafədə olmasından istifadə edərək, şikayətçi Mərdanov qardaşları küçəsindən M.Mirqasımov küçəsinə dönərək hərəkət edərkən arxadan gələn YPX maşınının dayan əmri verdiyini eşitmişdir. Polis əməkdaşı dayandırılmağının səbəbini ona bildirən zaman təəccüblənmiş, YPX əməkdaşına baş yoldan gələn avtonəqliyyat vasitəsinə mane olmadığa görə dönmə əməliyyatını qanuna uyğun yerinə yetirdiyini bildirmişdir. YPX əməkdaşı öz növbəsində onun barəsində protokol tərtib olunacağını qeyd etmişdir. Şikayətçi kəsişməni yol hərəkəti qaydaları çərçivəsində keçdiyini bildirmiş, lakin, daha dəqiq olması üçün YPX xidmətin avtomobilində olan video görüntünü təqdim etməsini xahiş etmişdir. Lakin YPX əməkdaşı video görüntünü göstərməyərək özünün haqlı olduğunu söyləmişdir. Bu qərarla razılaşmayaraq şikayətçi onun vəzifə borcunu yerinə yetirmək əvəzinə xidməti avtomobildə oturub tıxacın yaranmasının aradan qaldırılmamasına səbəb olduğunu bildirmiş və bu barədə şikayət edəcəyini qeyd etmişdir. Şikayətçi yol polisinin internet saytına şikayət yazmış lakin aradan xeyli müddət keçdiyinə baxmayaraq cavab gəlməmişdir. Protokol xx.xx.2023-cü il tarixində tərtib olunmuş, xx.xx.2023-cü il tarixində bu barədə onun tərəfindən şikayət olunmuş, və bugünə qədər ona rəsmi cavab verilməmiş və araşdırma üçün dəvət almamışdır. Lakin, dekabr ayının son günləri ona polis əməkdaşı mobil telefon vasitəsi ilə zəng vuraraq, müraciətə şikayət verən şəxsin iştirakı olmadan baxıldığına və qərar qəbul edildiyini bildirmişdir. İnzibati orqan öz qərarını qəbul edərkən araşdırmada iştirak etmək üçün bildiriş göndərməmişdir, qeyd edir ki, faktiki olaraq müdafiə olunmaq hüququ pozulmuşdur. Bu barədə zəng edən şəxsə məlumat vermiş ona qərarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququnun olduğu izah etmişdir. Daha da əmin olmaq üçün şikayətçi BŞDYPİ-də videonu izləmiş lakin, video görüntüdə hadisəni tam dəqiqliklə görə bilməmişdir. Qeyd olunanların nəzərə alınaraq barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 bildirmişdir ki, sıxlıq vaxtı Yol Polisi əməkdaşı yolu tənzimləməlidir. Kənarda olan Yol Polisi əməkdaşı buna riayət etmir, bundan əlavə, aşağı sürətlə gəlib, bütün riskləri hesablayaraq hər hansı bir xəta etmədən küçəyə daxil olmuşdur. Yol Polisi əməkdaşı isə qərəzli olaraq protokol tərtib edir. Bu açıq aydın videogörüntüdə də öz əksini tapır. Odur ki, qeyd olunanların nəzərə alınaraq şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi yol hərəkəti haqqında qanunun tələblərinə əsasən sürücü yola daxil olarkən şəraitə baxmalıdır. Baş yoldan gələn avtomobili gözləməlidir. Orada işarə də var. Şikayətçi işarənin və nişanın tələblərini pozur. Qarşı tərəfdən gələn avtombil sürəti azaltmasaydı, orada mütləq qaydada qəza hadisəsi baş verə bilərdi. İnzibati xətanın olduğu görüntüdən də görünür, baş yolda gələn avtomobili gözlənilməli və sonra hərəkətə davam etdirilməlidir. Şikayətçi Mehdiyev isə buna əməl etmir, baş yoldan avtomobilə yol vermədən hərəkətini davam etdirərək qəza şəraiti yaradaraq dönmə əməliyyatını həyata keçirir. Odur ki, qeyd olunanların nəzərə alınaraq şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə hər iki tərəfin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhər X11 İdarəsinin polis mayoru X7 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli qərardan və CD-diskdən görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixində, saat 18:42-də Mirqasımov-Mərdanov qardaşları küçəsi ünvanında “Toyota Land-Cruiser Prado minik” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - səksən manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X4 yolayrıcını keçmə qaydalarını pozması göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X11 İdarəsinin polis mayoru X7 tərəfindən qəbul edilmiş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixində, saat 18:42-də Mirqasımov-Mərdanov qardaşları küçəsi ünvanında “Toyota Land-Cruiser Prado minik” markalı, **-BY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcını keçmə qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr (CD-diskdə olan video çəkiliş) onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Bundan əlavə iş üzrə qərar qəbul edilərkən X4 iştirakı olmadan, onun iştirakı ilə heç bir araşdırma aparılmadan xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı qərar qəbul edilmişdir, həmçinin hadisə zamanı qeydə alınmış videogörüntülər ona təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı şəhər X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X4 şikayəti qismən təmin edilsin. Bakı şəhər X11 İdarəsinin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar