Məhkəmə qərarları › İş №3(006)-3553/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3553/2023

16.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3553/2023 16.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin böyük icra məmuru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X6 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə borclu Şəxs MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16(006)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə göstərilən tələbin icrasını təmin etməmiş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında böyük icra məmuru X5 izahat verərək bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin 16(006)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək müvəqqəti təminat tədbiri kimi X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 113 və 114 ünvanında yerləşən mənzillərin və Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi (digər formada zədələnməsi kimidə nəzərə alınmaqla) Şəxsnə və digər şəxslərə qadağan edilmişdir. İcra sənədləri icraata daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilərək müvafiq bildirişlə birlikdə borclu Şəxs MMC-nin icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Lakin tələb borclu tərəfindən könüllü icra edilməmişdir. Görülmüş tədbirlərə baxmayaraq, borclu icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X11 bildirmişdir ki, Şəxs MMC-nin direktoru X1 Rayon Məhkəməsinin müvafiq qərarı üzrə hər hansı qərəzlilik nümayiş etdirməmiş və icra məmurunun qanuni tələbindən yayınmamışdır. Belə ki, 10 yanvar 2023-cü il tarixdə “söküntü, qazıntı və daşınma xidməti” müqaviləsi üzrə sifarişçi Şəxs MMC-nin direktoru X8 və icraçı fərdi sahibkar X7 arasında bağlanmış müqaviləyə əsasən söküntü, qazıntı və daşınma xidmətlərinin həyata keçirilməsi icraçı tərəfindən təmin edilməlidir. Nəsimi Rayon Məhkəməsinin 16(006)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən onlar heç bir iş görmürlər. Həmin ərazidə olan qəzalı binanın demək olar ki, yarısı var, yarısı isə yoxdur. Binanın sakinləri həmin binadan köçərkən öz qapı və pəncərələrini söküb aparmışlar. Onlar heç bir söküntü işi aparmamışlar. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 16(006)-178/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək müvəqqəti təminat tədbiri kimi X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 113 və 114 ünvanında yerləşən mənzillərin və Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 21 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin sökülməsi (digər formada zədələnməsi kimidə nəzərə alınmaqla) Şəxsnə və digər şəxslərə qadağan edilmişdir. İş materiallarında olan 10 yanvar 2023-cü il tarixli “söküntü, qazıntı və daşınma xidməti” müqaviləsinin surətindən görünür ki, sifarişçi "xxxx" MMC-nin direktoru X8 və icraçı fərdi sahibkar X7 arasında bağlanmış müqaviləyə əsasən söküntü, qazıntı və daşınma xidmətlərinin həyata keçirilməsi icraçı X7 tərəfindən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın aktın surətindən görünür ki, icra sənədi üzrə tələbkarın şifahi müraciəti əsasında Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, ev 4, mənzil 21 (qeyri-yaşayış sahəsi) ünvanına gələrək həmin ünvanın tamamının söküldüyü tərəflərindən müəyyən edilmiş, ərazidə söküntü işləri dayandırılmışdır. Borclu Şəxs MMCyə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarın aktın surətindən görünür ki, icra sənədinin icrası ilə əlaqədar qeyd edilən ünvana gələrək ərazidə tikinti-söküntü işləri aparılmadığı müəyyən edilmiş, icra sənədi üzrə vəzifə və öhdəlik Şəxs MMC-nin nümayəndəsinə izah olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə iclasında müəyyən olundu ki, iş üzrə barəsində icraat aparılan hüquqi şəxsin icra sənədini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə baxışında sübuta yetirilməmişdir. Belə ki, borclunun üzərinə qoyulmuş qadağanı qəbul etməsi, onun icrasından boyun qaçırmadığı, icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən ərazidə Şəxs MMC tərəfindən söküntü, qazıntı və daşınma işləri aparılmadığı müəyyən edilməmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Şəxs MMC icra sənədinin icrasından qərəzli olaraq yayınmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və işin faktiki hallarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar