Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3556/2024 11.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin gün internet informasiya resursunda yaradılan elektron kabinetinə yerləşdirilmişdir. Həmin protokolla İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 80 manat cərimə və 3 cərimə balı ilə tənbeh edilmişdir. Belə ki, həmin protokola əsasən guya o, xx.xx.2024-cü il tarixdə istifadəsində olan “Hyundai Sonata minik” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonun F.Əmirov küçəsi ilə hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulmasına yol vermiş və həmin qayda pozuntusu foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İlk öncə qeyd edir ki, o, xx.xx.2024-cü il tarixdə istifadəsində olan “Hyundai Sonata minik” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonun F.Əmirov küçəsi ilə hərəkətdə olmamışam, bununla yanaşı, ümumiyyətlə, qeyd olunan tarixdə hər hansı yol hərəkəti qaydalarının pozuntusuna da yol verməmişdir. İnzibati xəta haqqında qeyd olunan protokol internet informasiya resursunda yaradılan elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirildikdən sonra DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “902” qaynar xəttinə zəng vurmaqla, protokolun əsassız tərtib edildiyini, tərəfindən xx.xx.2024-cü il tarixdə hər hansı yol hərəkəti qaydalarının pozuntusuna yol verilmədiyini bildirməklə, protokolun ləğv edilməsini xahiş etməyimə baxmayaraq, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. Hesab edir ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən barəsində qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar qanunsuz və əsassızdır, ona görə də məhkəmə qaydasında ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Hyundai Sonata minik” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobil həmişə öz istifadəsində olmuş və yuxarıda da qeyd etdiyi kimi, tərəfindən xx.xx.2024-cü il tarixdə hər hansı yol hərəkəti qaydalarının pozuntusuna yol verilməmişdir. Bundan əlavə, əgər tərəfindən qeyd olunan tarixdə hər hansı yol hərəkəti qaydalarının pozuntusuna yol verilmiş olsaydı, tərtib edilmiş elektron protokola və qəbul edilmiş elektron qərara onun əlavəsi olaraq, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş qayda pozuntusunu əks etdirən foto və ya video materiallar da internet informasiya resursunda yaradılan elektron kabinetinə yerləşdirilmiş olardı. Lakin, tərəfimdən hər hansı yol hərəkəti qaydalarının pozuntusuna yol verilmədiyindən qayda pozuntusunu əks etdirən foto və ya video materiallar da mövcud deyil. Bu isə kifayət edir ki, DİN-nin Baş Dövlət Yol Polisi idarəsi tərəfindən barəsində qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərar məhkəmə qaydasında ləğv edilsin və barəsində qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Göründüyü kimi, tərəfindən hər hansı yol hərəkəti qaydalarının pozuntusu törədilməmiş, eyni zamanda, törədilmiş olsaydı belə inzibati xətanın törədildiyi vaxtdan (xx.xx.2024) 19 gün sonra (xx.xx.2024) inzibati xəta haqqında protokol tərtib olunmuş və internet informasiya resursunda yaradılan elektron kabinetimə yerləşdirilmiş, həmin protokola və sonradan qəbul olunmuş qərara foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş qayda pozuntusunu əks etdirən foto və ya video materiallar əlavə edilməmişdir. Bütün bunlar isə həmin protokol və qərarın məhkəmə qaydasında ləğvi üçün əsaslardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin tələbinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinin tələbinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İXM-nin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1,353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.3 və 122.3.1-ci maddələrinin tələblərindən isə göründüyü kimi, İnzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar da əlavə edilməlidir. Həmin Məcəllənin 122.4-cü maddəsinin tələbinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330 və 346-cı maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında is üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Həmin Məcəllənin 122.7-ci maddəsinin tələbinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razdaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 38.6-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1, 53.1.1, 53.1.6 və 53.1.11-ci maddələrinin tələblərindən də göründüyü kimi, inzibati xəta hadisəsi olmadıqda, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda və bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 126.1-ci maddəsinin tələbinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən isə, bu Məcəllənin 135.1.5-1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən X2 barəsində qəbul edilmiş TP seriyalı ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin qurumun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və şikayət ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə portaldan çıxarışdan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə idarə etdiyi «Hyundai Sonata» minik markalı, **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X2 mahiyyəti üzrə hər hansı inzibati xəta törətmədiyini bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarda inzibati xətanın törədilməsini təsdiq edən hər hansı bir sübuta istinad edilmədiyindən, beləliklə qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X2 barəsində olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X1 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi aydınlaşdırılmamış, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati tənbeh vermə haqqında qanunvericiliyin tələbləri inzibati tənbeh vermə haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3556/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3556/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver