Məhkəmə qərarları › İş №3(006)-3557/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3557/2025

04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3557/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, tərcüməçi X1, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Faifer Anzhelanın iştirakları ilə xx.xx.1987-ci il tarixdə Qazaxıstan Respublikasında anadan olmuş, Qazaxıstan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla ünvan 2 ünvanında müvəqqəti yaşayan, Faifer Anzhelanın barəsində Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Faifer Anzhelanın İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Faifer Anzhela qanunsuz olaraq narkotik vasitədən istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 21ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X4 izahatında bildirmişdir ki, Qazaxıstan Respublikasının vətəndaşı Faifer Anzhela xx.xx.2025-ci il tarixdə saat 19:55də ünvan 4 ünvanının qarşısında qeyri-adekvat hərəkətlər etməsi və davranışlarının nizamsız olması səbəbindən ona yaxınlaşan polis əməkdaşlarına hərəkətlərini izah edə bilməyərək rus dilində narkotik vasitənin təsiri altında olduğunu bildirdiyi üçün onun qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşımasına əsaslı şübhələr olduğundan barəsində prosessual hərəkətlərin aparılması məqsədilə Nəsimi RPİ-yə gətirilmişdir. Faifer Anzhelanın Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığı üçün o, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Faifer Anzhelanın azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 03 iyun 2025-ci il tarixdə saat 19:55 dəqiqədən tutulmuş hesab edilmişdir. Nəsimi RPİ-nin inzibati binasında üzərində şəxsi axtarış və götürmə aparılmış, üzərinə baxış zamanı üzərindən 0,038 qram psixotrop maddə - metamfetamin və 0,736 qram ağ dənəvər şəkilli maddə aşkar edilərək götürülmüşdür. Araşdırma zamanı izahatı alınan Faifer Anzhela narkotik vasitə istifadəçisi olduğunu etiraf etmişdir. Faifer Anzhela Respublika Narkoloji Mərkəzə aparılmış və müayinədən keçirilmiş, nəticədə məlum olmuşdur ki, Faifer Anzhelanın sidiyində APM (+) MET (+) aşkar olunmuşdur. Faifer Anzhelanın üzərindən aşkar edilmiş psixotrop maddə - şəxsi istehlak miqdarından az miqdarda olduğundan əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi üzrə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından şübhəli şəxs qismində statusuna xitam verilmiş və şübhəli şəxs qismində tutulması ilə əlaqədar saxlanıldığı Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsindən dərhal azad edilmişdir. Toplanmış materiallar üzrə Faifer Anzhelanın əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi üzrə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, lakin əməlində İXM-nin 206-cı maddəsinin tərkib əlaməti olduğundan barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Faifer Anzhela özünü təqsirli bilərək göstərmişdir ki, o, 10 ilə yaxındır ki, Azərbaycan Respublikasında yaşayır. xx.xx.2025-ci il tarixdə saat 19:50-20:00 radələrində Nəsimi rayonu, C.Hacıbəyli küçəsində psixotrop maddənin təsiri altında olduğundan polis əməkdaşları ona yaxınlaşmış və onu polis idarəsinə dəvət etmişlər. İdarədə tərcüməçinin və müdafiəçinin də iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən bir büküm psixotrop maddə aşkar edilmişdir. Həmin maddə ona məxsus olmuş və onu şəxsi istifadəsi üçün Eyvaz kimi tanıdığı şəxsdən əldə etmişdir. Daha sonra narkoloji ekspertizadan keçmiş və psixotrop maddə istifadəçisi olduğu müəyyən edilmişdir. Əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli 3324 nömrəli rəyindən görünür ki, müayinə zamanı Faifer Anzhelada psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 04 iyun 2025-ci il tarixli, 6/2091 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Şübhəli şəxs Faifer Anzhela...” yazıları olan bir ədəd zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf paketdə çəkisi 0,038 qram maddə kütləsi psixotrop maddə - metamfetamindir, 1 (bir) ədəd qara rəngli bükümdə təmiz çəkisi 0,736 qram maddənin tərkibində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış, nəzarət edilən narkotik vasitələr, psixotrop və güclü təsir edən, habelə zəhərli maddələr, prekursorlar müəyyən edilmədi. Tədqiqata fərqli növlərə malik maddələr təqdim olunduğundan onlar arasında müqayisəli tədqiqat aparılmadı. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Faifer Anzhelanın əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, Faifer Anzhelanın şübhəli şəxs statusuna xitam verilməklə saxlanıldığı Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsindən dərhal azad olunmuş və qəbul edilmiş qərar Faifer Anzhela barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi, məhkəmə fiziki-kimyəvi ekspertizanın rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları əsasında sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Faifer Anzhelanın əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Faifer Anzhelanın əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş üzrə inzibati xəta törətmiş şəxsin əməlindən səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, Faifer Anzhelaya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə inzibati tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin, iş materialları araşdırılarkən məlum olmuşdur ki, Faifer Anzhela 03 iyun 2025-ci il tarixində saat 19:55-dən şübhəli şəxs qismində tutulmuş hesab olunmuş və 04 iyun 2025-ci il tarixli qərarla şübhəli şəxs statusuna xitam verilməklə saxlanıldığı Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsindən azad olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Faifer Anzhela Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Faifer Anzhela barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar