Məhkəmə qərarları › İş №3(006)-3564/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3564/2022

28.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3564/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X2 iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 27 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi, «Park 20» ticarət mərkəzinin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X4 verdiyi izahatında bildirdi ki, 27 sentyabr 2022-ci il tarixdə X1 xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına yaxınlaşaraq Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi, «Park 20» ticarət mərkəzinin qarşısında bir nəfər şəxsin təqibinə məruz qaldığını bildirmişdir. Polis əməkdaşları şəxsiyyəti sonradan məlum olan Şəxs yaxınlaşaraq xəbərdarlıq etmişdir. Lakin bir müddət sonra X1 yenidən polis əməkdaşlarına müraciət edərək Şəxs tərəfindən təqib olunduğunu bildirmişdir. Bundan sonra, polis əməkdaşları Şəxs yaxınlaşaraq polis bölməsinə dəvət etmiş, lakin sonuncu polis bölməsinə getməkdən imtina edərək polisin qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis qüvvələrinin köməkliyi ilə polis bölməsinə gətirilmiş və tərəfindən Şəxs barəsində inzibati xəta haqqında prorokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o, 27 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi, «Park 20» ticarət mərkəzinin qarşısında bir müddət öncə tanış olduğu X1 ilə aralarında mübahisə yaranmış və həmin mübahisə səbəbindən sonuncu polis əməkdaşlarına yaxınlaşaraq ondan şikayət etmişdir. Polis əməkdaşları ona xəbərdarlıq edərək Əfsanə Allahverdiyevayanı narahat etməməsi barədə xəbərdarlıq etmişdir. Bundan sonra, Sumqayıt şəhərinə gedən avtobusa minmək istəsə də, Əfsanə Allahverdiyeva onun olduğu avtobusa minməməsini tələb etmişdir. Bundan sonra, polis əməkdaşları ona yaxınlaşaraq digər avtobusa minməsini tələb etsə də, o, digər avtobusda insan sıxlığının olacağını bildirərək Əfsanə Allahverdiyevanın olduğu avtobusa minəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş, lakin, o, polis bölməsinə getməkdən imtina etmişdir. Polis əməkdaşları onu saxlamış və Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə aparmışlar. Halbuki, onun polis əməkdaşlarına qarşı müqavimət göstərmək və onların qanuni tələblərinə əməl etməmək niyyəti olmamışdır. Onun polis bölməsinə aparıldıqdan sonra izahatı alınmış və barəsində inzbati xəta haqqında protokol tərtib edilmişdir. İzahatının sonunda heç bir təqsirinin olmamasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü, polis serjantı X5 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 27 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, «20 yanvar dairəsi, «Park 20» ticarət mərkəzinin qarşısında xidməti vəzifəsini yerinə yetirərkən bir nəfər xanım ona yaxınlaşaraq şəxsiyyəti sonradan ona məlum olan Şəxs tərəfindən təqibə məruz qaldığını bildirmişdir. O, dərhal Şəxs yaxınlaşaraq həmin xanımı narahat etməməsi barədə xəbərdarlıq etmişdir. Lakin sonradan həmin xanım yenidən ona yaxınlaşaraq Şəxs tərəfinən təqibə məruz qaldığını bildirmişdir. O, yenidən Şəxs yaxınlaşaraq xəbərdarlıq etsə də, sonuncu həmin xanımın olduğu avtobusla Sumqayıt şəhərinə gedəcəyini bildirmişdir. Şəxs digər avtobusla getməsi tələb olunsa da, sonuncu növbəti avtobusda insan sıxlığını qeyd edərək imtina etmişdir. Bundan sonra həmin şəxs polis bölməsinə dəvət edilsə də, Şəxs polisin qanuni tələbini yerinə yetirməkdən imtina etmişdir. Lakin polis əməkdaşlarının birlikdə səyi nəticəsində Şəxs saxlanılmış və Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə aparılmışdır. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin sahə inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan 27 sentyabr 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 27 sentyabr 2022-ci il tarixdə, saat 20:00 radələrində inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar