Məhkəmə qərarları › İş №3(006)-3570/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3570/2022

06.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3570/2022 06.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, X1 iştirakı ilə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Nəsimi Rayon Polis İdarəsinin 20ci Polis Bölməsinin 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, ona qanunsuz olaraq maska cəriməsi yazılmışdır və hadisələr aşağıda qeyd etdiyi kimi baş vermişdir. Ona yazılan cərimə maska taxdığı halda sahe inspektoru X4 tərəfindən xx.xx.2021-ci il tarixinde EXP1061192 protokol nomrəsi ilə qeydə almışdır. Bu hadise Bravo marketin qarşısındakı avtobus dayanacağında baş vermişdir. Həmin vaxt o, fərdi qoruyucu vasitədən istifadə etməsinə baxmayaraq inspektor A.Bayramov maskanın burun nahiyəsinin altında olduğu üçün onu cərimə etmişdir, o, inspektora dəfələrlə nəfər darlığı probleminin olduğunu, nəfəs alıb vermekde çətinlik çəkdiyi üçün burnunu açıq qoymasının səbəbini izah etməsinə baxmayaraq, maskası olduğu halda onun barəsində protokol tərtib etmişdir. Onun maskalı şəkli həm Anar bəyin özündə, həm DİN-nin portalında şəkilləri var və həmçinin onun ilə Anarın arasında olan danışıqlar var və özüdə etiraf edirki, sırf sənə burun deşiklərin çöldə qaldığı üçün yazmışdır. Halbuki, ətrafında maskadan istifadə etməyən ve onun kimi istifadə edənlər olmuşdur, məhz o, polis əməkdaşəna cavab verib vəziyyəti izah etdiyi üçün bilə-bilə ona cərimə yazılmışdır. Həmçinin bildirmişdir ki, o, ailəlidir, işsizdir, himayəsində 2 övladı var və barəsində yazılmış cərimələri ödəməyə imkanı yoxdur. Göstərilənləri nəzərə alaraq onun barəsində yazılmış cərimənin silinməsinə köməklik edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi O.V.Rəsulov şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, həmin gün fərdi qoruyucu vasitədən istifadə etmişdir. Belə ki, maska onun burnundan aşağı vəziyyətdə olmuşdur, bununda səbəbi onun nəfəs darlığından əziyyət çəkməsi olmuşdur. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçiyə və Nəsimi RPİ-nin 20-ci PB-nə lazımi qaydada məlumat verilsə də, şikayətçi və Nəsimi RPİ-nin 20-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin və Nəsimi RPİ-nin 20-ci PBnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, O.V.Rəsulov xx.xx.2021-ci il tarixli, EXP ******* saylı protokol əsasında sonuncu Azərbaycan Respublikasının İXM-nin 211.3-cü maddəsini törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, O.V.Rəsulovun xx.xx.2021-ci il tarixdə fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsi (karantin qaydasını pozması) aşkar edilmiş, onun barəsində həmin tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında 16 iyun 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasında şikayətçinin ərizəsindən və izahatından müəyyən edilmişdir ki, şikayətçi fərdi qoruyucu vasitədən düzgün istifadə etməməsini, yəni tibbi maskanı burun nahiyəsindən aşağı endirməklə istifadə etdiyini bildirmişdir. Göründüyü kimi, O.V.Rəsulov epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması halına barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halına yol vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 211.3-cü maddəsinə əsasən bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı saylı qərarı qanuni və əsaslı olduğundan O.V.Rəsulovun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin 16 iyun 2021-ci il tarixli, EPQ ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar