Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3582/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, X7 katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs (bundan sonra Şəxs MMC) (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev 197, mənzil 49; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXMnin) 339.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon DYPŞ-nin polis mayoru X5 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs MMC-nin mülkiyyətində olan “FİAT DOBLO CARGO YÜK” markalı, 99JO415 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verilmiş, lakin onu təkrar dövlət qeydiyyatından keçirməmiş, bununla da Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X6 məhkəməyə təqdim olunmuş etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Şəxs MMC ictimai iaşə sahəsində fəaliyyət göstərir və Şəxs adlı restoranları idarə edir. FİAT DOBLO cargo yük markalı, 99JO415 dövlət qeydiyyat nişanlı avtomobil Şirkətin mülkiyyətindədir və Şirkətin işçisi olan Sakit Qənbərli tərəfindən idarə olunur. Elektron məhkəmə portalındakı kabinetə baxış keçirən zaman məlum olmuşdur ki, Nəsimi Rayon DYPŞ-nin polis mayoru Nurlan Axundzadə tərəfindən Şirkət barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilərək əlavə sənədlərlə birlikdə məhkəməyə təqdim edilmişdir. 3(006)-3154/2025 nömrəli həmin iş üzrə yazılı etiraz hazırlayaraq sözügedən sorğu məktubunun Şirkətə çatdırılmadığını əsaslandırmışlar. Çünki məhkəməyə təqdim edilən xəbərnamədə “Babazadə” soyadlı bir şəxsin imza edərək sorğu məktubunu qəbul etməsi əks olunmuşdur. Tərəflərindən məhkəməyə arayış təqdim edilərək Şirkətin ofis heyətində bu günə qədər, o cümlədən xəbərnamənin imzalandığı xx.xx.2025-ci il tarixdə Babazadə soyadında şəxsin işləməməsi bildirilmişdir. Məhkəmə obyektiv araşdırma apararaq xx.xx.2025-ci il tarixli qərarla inzibati xəta tərkibi olmadığına görə icraata xitam verilmişdir. Maraqlısı isə odur ki, Nəsimi Rayon DYPŞ-nin polis mayoru Nurlan Axundzadə tərəfindən xx.xx.2025-ci il tarixli qərarın elan edilməsindən 1 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə Şirkət barəsində İXM-nin 339.1-ci maddəsi ilə protokol tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə təqdim edilmişdir. Görünür ki, İXM-in 347-ci maddəsinə əsasən tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işinə xitam verilmiş Nəsimi DYPŞ Şirkəti “cəzalandırmaq” üçün dərhal İXM-nin 339.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə göndərmişdir. Görünən odur ki, Nəsimi DYPŞ İXM-nin 339.1-ci maddəsini əlində “gizli silah” kimi saxlayır, halbuki, həqiqətən Şirkət belə bir pozuntu törədibsə, bu barədə protokol İXM-nin 347-ci maddəsindən asılı olmayaraq daha əvvəlcədən tərtib edilib məhkəməyə təqdim edilə bilərdi. Amma Nəsimi DYPŞ ilk öncə İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edib məhkəməyə göndərir, əgər bu maddə ilə təqsir sübuta yetirilməsə, İXM 339.1-ci maddəsini işə salır. Bu da onu deməyə əsas verir ki, Nəsimi DYPŞ İXM-nin 339.1-ci maddəsinin müddəalarından sui-istifadə edir, məqsədi İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsində nəzərdə tutulduğu kimi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaq, qanunçuluğu möhkəmləndirmək və inzibati xətaların qarşısını almaq deyil, məhz Şirkəti hər hansı yolla “cəzalandırmaqdır”. Bununla belə məhkəməyə təqdim edilən inzibati xəta haqqında protokola nəzər yetirəndə görünür ki, protokolda sadəcə şəxsin təqsirli bilindiyi İXM-nin müvafiq maddəsinin nömrəsi göstərilməklə, həmin maddənin tələblərinin pozulduğu göstərilmişdir. Protokolda pozuntu qismində “nəqliyyat vasitələrinin sahibləri və sürücüləri tərəfindən dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə müqaviləsi əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməmək” göstərilmişdir. Halbuki, "xxxx" MMC mülkiyyətində olan FİAT DOBLO cargo yük markalı, 99JO415 dövlət qeydiyyat nişanlı avtomobili icarə müqaviləsi əsasında hər hansı fiziki və ya hüquqi şəxsin istifadəsinə verməmişdir. Həmin avtomobili Şirkətin işlərinin görülməsi üçün əmək müqaviləsi əsasında sürücü vəzifəsində işləyən Sakit Qənbərli yol vərəqəsi əsasında idarə edir. Sürücü həmin avtomobillə anbardan restoranlara qida və qeyri-qida mallarının daşınmasını təmin edir. Həmin avtomobil anbarın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov 53 ünvanında saxlanılır. Sürücü hər səhər o ünvana gələrək avtomobili götürüb işə çıxır və axşam saatlarında həmin ünvana geri gətirərək təhvil verir. Sözügedən avtomobil hər hansı fiziki və ya hüquqi şəxsin icarəsinə, istifadəsinə verilməmişdir. Avtomobil üzərində üçüncü şəxslərin hər hansı əşya hüququ yaranmamışdır. Ümumiyyətlə, yol polisi şöbələrinin İXMin 339.1-ci maddəsinə dair tərtib etdikləri protokollardan görünür ki, hüquqi şəxsin mülkiyyətində olan avtomobilin öz işçilərin tərəfindən idarə edilməsi üçün verilən yol vərəqələri ilə fiziki şəxsin mülkiyyətində olan avtomobilin idarə edilməsi üçün digər fiziki şəxslərə verilən etibarnamələr qarışdırılır, onlar bir-birindən fərqləndirilmir, hər 2 hala eyni münasibət göstərilir. Halbuki, mülkiyyətçi olan hüquqi şəxs, yəni Şəxs MMC mahiyyət etibarilə hər hansı avtomobili idarə edə bilməz, hüquqi şəxs dedikdə kağız üzərində mövcud olan qurum başa düşülür. Hər bir halda bu avtomobili bir insan idarə etməlidir və hüquqi şəxsin işçisi olan fiziki şəxslər hüquqi şəxsə münasibətdə üçüncü şəxslər hesab edilməməlidir. Təbii olaraq hüquqi şəxs öz işçilərinə yol vərəqələri verməklə onların qanuna uyğun şəkildə avtomobili idarə etmələrini təmin edirlər. Amma bu yol vərəqələri hər hansı əşya hüquqları baxımından işçilər üçün heç bir hüquq yaratmır. Göründüyü kimi, protokolda göstərilən dispozitiv əlamət işin hallarına uyğun gəlmir. Nəsimi DYPŞ tərəfindən məhkəməyə hər hansı icarə müqaviləsi təqdim edilməmişdir. İş materialları ilə şirkətin öz mülkiyyətində olan adıçəkilən avtomobili icarəyə verməsi faktı təsdiq edilmir. Halbuki, Azərbaycan Respublikası İXM-in 115.1.4-cü maddəsinə əsasən işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında iş üzrə qərarda göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Digər tərəfdən Nəsimi DYPŞ Şirkət tərəfindən törədildiyini güman etdiyi iki inzibati xətaya dair protokolu eyni vaxtda baxılması üçün məhkəməyə göndərməyərək İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin tələblərini də pozur. Həmin maddəyə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Nəsimi DYPŞ-nin qənaətinə görə hər iki inzibati xətanı törədən Şəxs MMCdir, hər iki inzibati xəta hadisəsi üzrə protokolu tərtib etmək səlahiyyəti Nəsimi DYPŞ-yə verilmişdir və hər iki inzibati xəta haqqında işə Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Amma Məcəllənin tam əksinə Nəsimi DYPŞ ilk öncə İXM-nin 347-ci maddəsi ilə protokol tərtib edib məhkəməyə göndərir, daha sonra isə İXM-in 339.1-ci maddəsi ilə protokol tərtib edib məhkəməyə göndərir. Halbuki, İXM-in 339.1-ci maddəsi ilə törədildiyi güman edilən inzibati xəta hadisəsi İXM 347-ci maddəsi ilə törədildiyi güman edilən inzibati xəta hadisəsindən daha əvvəl baş verir. Amma Nəsimi DYPŞ hər iki maddə üzrə eyni vaxtda protokol tərtib etmək imkanı olmasına baxmayaraq ayrı-ayrı vaxtlarda bunu edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə və ya əlavə sübutlarla təsdiq edilmir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Nəsimi rayon DYPŞ-nin polis mayoru X2 məktubundan görünür ki, hüquqi şəxs Şəxs MMC-nin mülkiyyətində olan «FİAT DOBLO CARGO YÜK» markalı, 99JO415 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs xx.xx.2025-ci il tarixdə, saat 10:05-də İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, «FİAT DOBLO CARGO YÜK» markalı, 99JO415 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X3 idarə etməyə 6 (altı) ay icazə verilir, etibar edilən müddət xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədəkdir. İş materiallarında olan əmək müqaviləsindən surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Şəxs MMC-də Təchizat şöbəsinə sürücü kimi işə qəbul edilmişdir. İş materiallarında olan Avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış kartından görünür ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən «FİAT DOBLO CARGO YÜK» markalı, 99JO415 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair Şəxs MMC-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək buraxılış kartı verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İş materiallarından əlavə edilmiş sənədlərdən göründüyü kimi, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3582/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3582/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver