Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3584/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 3.000.000,00 Rusiya rublu məbləğində vəsaiti xx.xx.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 3.000.000,00 Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta xx.xx.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hazırda Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sənədlər MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru G.Ə.Məmmədov bildirmişdir ki, Şəxs MMCnin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən 3.000.000,00 Rusiya rublu məbləğində pul xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən MMC-nin müqavilə üzrə əməkdaşı olduğu Rusiya Federasiyasında yerləşən "xxxx" MMC tərəfindən müqavilə üzrə öhdəliklərin bir hissəsi yerinə yetirilsə də, qalan hissədə icra olunmamış və Şəxs MMC tərəfindən göndərilmiş məbləğdə ölkəyə geri qaytarılmamışdır. Şəxs MMC daha sonra əməkdaşı olduğu "xxxx" MMC-ni X3 Məhkəməsinə ona geri qaytarılmamış pulun qaytarılması ilə bağlı müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" MMC-dən Şəxs MMC-nin nəfinə 14.728.632 rubl məbləğdə borc, eləcə də dövlət rüsumunun ödənişi ilə əlaqədar xərclərin qarşılığının ödənilməsi üçün 96.643 rubl məbləğdə vəsait tutulması qət edilmişdir. Həmin halı təsdiq edən qətnaməni məhkəməyə təqdim edir. Göstərilənləri, Şəxs MMC tərəfindən sifariş edilmiş malların vaxtında ölkəyə idxalının onlardan asılı olmayan səbəbdən baş tutmamasını və MMC əməlində inzibati xəta hadisəsinin olmamasını nəzərə alaraq Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, Şəxs MMC tərəfindən 3.000000,00 Rusiya rublu məbləğində vəsait həmin tarixdə Rusiya Federasiyasında yerləşən "xxxx" MMC-nin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Rusiya Federasiyasnın X3 Məhkəməsinin xx.xx.2022ci il tarixli, İŞ № A05-1832/2022 saylı qətnaməsindən görünür ki, "xxxx" MMC-dən Şəxs MMC-nin nəfinə 14.728.632 rubl məbləğdə borc, eləcə də dövlət rüsumunun ödənişi ilə əlaqədar xərclərin qarşılığının ödənilməsi üçün 96.643 rubl məbləğdə vəsait tutulması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 3.000000,00 Rusiya rublu məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən satın alınmış mallar MMC-dən asılı olmayan səbəblərdən idxal edilməmiş və ya köçürülmüş məbləğ ölkə ərazisinə geri qaytarılmamışdır, bununla bağlı Rusiya Federasiyasnın X3 Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə qətnamə çıxarılmış və həmin qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq mallar ölkəyə MMC-dən asılı olmayan səbəblərdən idxal edilmədiyindən və ya köçürülmüş məbləğ ölkə ərazisinə geri qaytarılmadığından Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-3584/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3584/2022
27.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver