Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3587/2023 26.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e- 2(006)-1160/2022 saylı, 24 fevral 2022-ci il tarixli və həmin məhkəmənin 2(006)-511/2022 saylı, 02 fevral 2022-ci il tarixli icra vərəqələrinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla bağlı verdiyi izahatında göstərdi ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-1160/2022 saylı, 24 fevral 2022-ci il tarixli və həmin məhkəmənin 2(006)-511/2022 saylı, 02 fevral 2022-ci il tarixli icra sənədləri barədə xəbərdar olmuşdur. Lakin onun maddi imkanı olmadığından borcunu tam ödəmək iqtidarında olmamışdır. O, işsizdir və hər hansı əlavə gəliri yoxdur. Belə ki, əməliyyat üçün bankdan kredit götürmüş, lakin sonradan işdən azad olunduğundan borclarını ödəyə bilməmişdir. Bundan əlavə, himayəsində 12 yaşında bir uşağı var və həmin uşağa görə aliment almadığından maddi vəziyyəti daha da ağırlaşmışdır. O heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, lakin maddi imkanı olmadığından borc üzrə ödəniş edə bilməmişdir. Qeyd olunanları və onun icra sənədinin icrasından yayınmamasını nəzərə alaraq, barəsində olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon İcra şöbəsinin icra məmuru X2 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-1160/2022 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 11148 manat 54 qəpik əsas borcun, 1609 manat 89 qəpik faiz və ödənilmiş 128 manat 27 qəpik dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Bundan əlavə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-511/2022 saylı, 02 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 2728 manat 80 qəpik məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Həmin icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilərək, tələbin könüllü qaydada icrasının təmin edilməsi üçün borclunun ünvanına bildirişlər göndərilmişdir. Görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, borclu tərəfindən tələbkarlara pul tam olaraq ödənilməmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" MMC-yə olan kredit borcu borclunun valideyini tərəfindən hissəhissə ödənildiyi üçün həmin hissədə tələbkar şikayətçi deyil, lakin digər icra sənədi üzrə isə tələbkar bankborcun tam olaraq ödənilməsini tələb edir. Sonda Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin e-2(006)-1160/2022 saylı, 24 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 11148 manat 54 qəpik əsas borcun, 1609 manat 89 qəpik faiz və ödənilmiş 128 manat 27 qəpik dövlət rüsumunun alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Bundan əlavə, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 2(006)-511/2022 saylı, 02 fevral 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs ümumilikdə 2728 manat 80 qəpik məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyəti müəyyən edir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun hansı qanuni tələbini yerinə yetirməməsi məhkəmə araşdrılması zamanı müəyyən edilməmiş, bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da, onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Nəsimi rayon Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3587/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3587/2023
26.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver