Məhkəmə qərarları › İş №3(006)-360/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-360/2024

08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-360/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 16 yanvar 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 90TJ668/10ZG750 dövlət nömrə nişanlı yük avtomaşınında 3 nömrəli xx.xx.2023-cü il tarixli invoysla idxal olunan və **********7262 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yüklərə gömrük yoxlaması həyata keçirilən zaman həmin gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilən 1 ədəd “Bong” ləqəbli qızılı retriver cinsli (Çip N **********07223), 1 ədəd “Elf” ləqəbli pudel cinsli (Çip N **********0014) itlərin nəqliyyat vasitəsində olmadığı müəyyən edilmişdir və bu barədə xx.xx.2023-cü il tarixdə protokol tərtib olunmuşdur. Qeyd edilən faktla bağlı müvafiq izahatlar alınmış və izahatlar zamanı müəyyən olunmuşdur ki, 1 ədəd “Bong” ləqəbli qızılı retriver cinsli (Çip N **********07223), 1 ədəd “Elf” ləqəbli pudel cinsli (Çip N **********0014) itlərin nəqliyyat vasitəsindən götürülməsi təşəbbüsü Şəxs MMC tərəfindən olunmuşdur. Şəxs MMC-nin direktoru Hacıyeva Aygünün Bakı Baş Gömrük İdarəsinə göndərdiyi ərizədə həmin itlərin nəqliyyat vasitəsindən götürülməsi ilə bağlı göstərişi şirkət olaraq özləri vermiş və bununla da itlər üzərində sərəncam verərək “müvəqqəti idxal” xüsusi gömrük prosedurunun qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlərini pozmaqla qanunsuz əməliyyatlar aparılmışdır. Aparılan araşdırma zamanı 1 ədəd “Bond” ləqəbli qızılı retriver cinsli və 1 ədəd “Elf” ləqəbli pudel cinsli itlərin 02 oktyabr 2023-cü il tarixə Respublika üzrə orta bazar qiymətinin müəyyən edilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 3-33-1100/2010112/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin müraciətə cavab olaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/8316 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixə 1 ədəd retriver cinsli itin orta bazar qiyməti 640 manat 1 ədəd pudel cinsli itin orta bazar qiyməti 410 manat olunmaqla ümumilikdə 2 itin orta bazar qiyməti 1050 manat müəyyən olunmuş, bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İXMnin 491.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 barələrində tərtib olunmuş protokola etiraz etmədiklərini bildirmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokolu tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin tərkibi vardır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Baş Gömrük İdarəsinin 3-33-/3-1- 028250/2023 saylı, xx.xx.2023-cü il tarixli raportundan görünür ki, "xxxx" MMC-nin ünvanına Rusiya Federasiyasından 90TJ668/10ZG750 dövlət nömrə nişanlı yük avtomaşınında 3 nömrəli xx.xx.2023-cü il tarixli invoysla idxal olunan və **********7262 sorğu nömrəli gömrük – bəyamaməsi ilə bəyan olunan yüklərə gömrük yoxlaması keçirilən zaman, GB-nin 1-ci mal mövqeyində bəyan edilən 1 ədəd “Bond” ləqəbli qızılı retriver cinsli (Çip N **********07223), 1 ədəd “El” ləqəbli pudel cinsli (Çip N **********0014) itlərin nəqliyyat vasitəsində olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8316 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 02 ədəd itlərin ümumilikdə orta bazar qiyməti nəzəri hesablama yolu təxminən 1050,00 manat müəyyən edilir. O, cümlədən: - 01 ədəd “Retriver” cinsli it – 640, 00 manat: - 01 ədəd “Pudel” cinsli it – 410, 00 manat: Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 491.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq, Şəxs MMC-nin barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 1050,00 manat məbləğinin otuz faizi – 315,00 manat məbləğində inzibati cərimə edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan - ümumilikdə 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 1050 (min əlli) manat məbləğinin 30 (otuz) faizi məbləğində, yəni 315,00 (üç yüz on beş) manat məbləğində inzibati cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərci olan - ümumilikdə 100 (yüz) manat məbləğində pul vəsaiti Şəxs MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qərardan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar