Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3601/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qarayev Fuad Novruzəli oğlunun katibliyi, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15745319 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15745319 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X5 İdarəsi tərəfindən Bakı-Quba-Rusiya yolunun 26-cı kilometrliyində sürət həddini aşmağı ilə bağlı barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 328.2- ci maddəsi ilə 17 iyul 2023 il tarixli EQ 15745319 nörməli inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati xəta törətməsilə bağlı qərar qəbul olunmuşdur. Həmin inzibatı xəta haqqında protokol və qərar tam əsassızdır və ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolda qeyd olunanın əksinə o, idarə etdiyi **-FD-*** dövlət qeydiyyat nişanlı "Volkswagen Touareg” markalı avtomobillə yolda nəzərdə tutulmuş sürət həddində hərəkətdə olmuşdur. Bundan başqa, Azərbaycan Respublikası "X4" qanununun 50-ci maddəsinə əsasən “Yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan ***-**** metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır. Lakin onun hərəkətdə olduğu yolda belə yol nişanları quraşdırılmamışdır. Bunu protokolun əsaslandığı “i-patrul” çəkilişi də sübut edir. Əlavə olaraq, həmin yolda ümumən “i-patrul" sisteminin tətbiqi qanuna ziddir. “İ-Patrul” sistemi yalnız qanunla 3.24 və 6.14 yol nişanlarının qüvvədə olduğu zonada işləyə bilər. Lakin əvvəl də bildirdiyi kimi, həmin zonada qeyd olunan yol nişanları mövcud deyil. Nəticədə, idarə etdiyi avtomobilin sürətinin “i-patrul” vasitəsi ilə ölçülməsi ümumən qanuna zidd olmuşdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15745319 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq şikayət verən şəxs və Baş X5 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15745319 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İXMnin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada sübut olunmur. X2 hərəkət sürətini aşmadığını bildirmiş, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmadığından xx.xx.2023-cü il tarixli, EQ 15745319 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şikayət təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ 15745319 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3601/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3601/2023
07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver