Məhkəmə qərarları › İş №3(006)-3601/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3601/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3601/2025 04.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn (bundan sonra Şəxs MMC) nümayəndəsi X1, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları, ev 137; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, o, 383135,92 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 383135,92 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə təqdim etdiyi etiraz ərizəsinə uyğun izahat verərək bildirdi ki, Şəxs MMC qeyri-qida seqmenti üzrə də uyğun qiymətlərlə yüksək keyfiyyətli məhsulların Azərbaycan istehlakçısına çatdırılması məqsədilə Polşanın məşhur “Pepco” brendinin françayzinqinin təsis edilməsi istiqamətində addımlar atmışdır. “Pepco” ilə aparılan danışıqların nəticəsi olaraq 04 fevral 2022-ci il tarixində “Pepco” və Şəxs MMC arasında françayzinq müqaviləsi bağlanmışdır. Françayzinq müqaviləsi ilə hər iki tərəf gəlir əldə etməyi hədəfləmiş, Cəmiyyət tərəfindən həm malların alışı, həm də mağazaların açılması üçün böyük investisiya edilmişdir. Müqavilə əsasında Şəxs MMC “Pepco Poland”a 2022-ci ildə ******* manat, 2023-cü ildə ******* manat, 2024-cü ildə 968747 manat ödəniş etmiş və bu məbləğlərin müqabilində “Pepco” məhsullarını idxal etmişdir. Cəmiyyətin ümumilikdə açmağı planlaşdırdığı mağaza sayı 100 olmuş, bunlardan 40-ı qeyd edilən dövrdə açılmış və digər 60 mağazanın açılışı üçün hazırlıqlar getmişdir. Bundan əlavə olaraq, Azərbaycanda açılacaq “Pepco” mağazaları üçün olan avadanlıqların (rəflər, vitrinlər və s.) alınması məqsədilə Şəxs MMC ilə "xxxx" şirkəti arasında xx.xx.2022-ci il tarixində müqavilə bağlanmışdır. Qeyd olunan müqavilə əsasında Şəxs MMC "xxxx" şirkətinə bu günə qədər ümumilikdə ******* manat avans ödəniş etmişdir. Həmin avans ödənişlərinin müqabilində bu günə qədər ******* manat dəyərində mal ölkəyə idxal edilmişdir. Lakin gözlənilmədən 16 oktyabr 2023-cü il tarixində “Pepco” Cəmiyyətə müqavilənin ləğvi ilə bağlı xəbərdarlıq göndərmiş, daha sonrasında müqaviləyə xitam verilmişdir. Müqavilənin ləğv edilməsi Cəmiyyətə çox böyük maddi ziyan vurmuşdur. Bütün bunlarla yanaşı, həmçinin "xxxx" şirkəti ilə müqavilə çərçivəsində MMC tərəfindən avans olaraq ödənilmiş ******* ABŞ dolları məbləğinin geri qaytarılması məsələsində də çətinlik yaranmışdır. MMC bu vəziyyəti aradan qaldırmaq, ziyanın qarşısını almaq, eləcə də, ödənilmiş avans ödənişinin geri qaytarılmasını təmin etmək məqsədilə 2024-cü ilin avqust ayında “Pepco Poland” və "xxxx" ilə üçtərəfli müqavilə bağlamışdır. Bu müqaviləyə əsasən, onların etdiyi ödənişə uyğun “Pepco” şirkəti "xxxx" şirkətindən malları birbaşa almalı və həmin ödənişləri qəbul etdikcə "xxxx" şirkəti Araz Supermarketə ödənilmiş avansı hissə-hissə geri qaytarmalıdır. Lakin gözlənilənin əksinə, "xxxx" şirkəti malları vaxtında təhvil verə bilməmiş və bu səbəbdən avansın geri qaytarılmasına dair öhdəliklərini yerinə yetirməmişdir. Nəticədə, ölkədən çıxan valyuta vəsaitinin geri qaytarılması gecikmişdir. Bu vəziyyətə görə, Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində malların idxal edilməməsi və ya ödənişlərin geri qaytarıimamasına görə barəsində cərimə tətbiq edilməsi təhlükəsi ilə qarşı-qarşıyadır. Bildirir ki, Şəxs MMC avans ödənişlərinin geri qaytarılması üçün özü tərəfdən bütün müvafiq addımları atmaqda davam edir. Belə ki, Cəmiyyət həm “Pepco”, həm də "xxxx" şirkəti ilə danışıqları davam etdirmiş, gecikmənin səbəbini aydınlaşdırmış və ödənilmiş valyuta vəsaitinin geri qaytarılması səbəbilə üçtərəfli müqaviləyə əlavə tərtib etmişdir. Bu əlavəyə əsasən, "xxxx" şirkəti avans ödənişlərinin geri qaytarılmasını qrafiklə təmin edəcəkdir. Şəxs MMC tərəfindən "xxxx" şirkətinə ödənilən avans məbləği yalnız malların alınması məqsədilə ödənilmişdir və heç bir başqa məqsəd güdülməmişdir. Bu daha əvvəl “Pepco” və "xxxx" şirkəti ilə bağladıqları müqavilə çərçivəsində etdikləri ödənişlərin müqabilində alınan malların idxal edilməsi ilə də öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildiriş göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına göndərilmiş xx.xx.2025-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 02 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. - Ödəniş sənədinə əsasən Şəxs MMC tərəfindən Polşada yerləşən "xxxx" şirkətinin hesabına xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2023-cü il tarixdə 383135,92 ABŞ dolları məbləğində pul göndərilmişdir; - Şəxs MMC-nin İdarə Heyətinin sədri Rəşad İbrahimov tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 sədri Taleh Kazımova xx.xx.2025-ci il tarixində ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC ödənilmiş valyuta vəsaitinin geri qaytarılması səbəbilə üçtərəfli müqaviləyə əlavə tərtib etmiş və bu əlavəyə əsasən, bu aydan etibarən, Caps avans ödənişlərinin geri qaytarılmasını müvafiq qrafiklə təmin edəcəkdir. Pepco-Araz müqaviləsinin ləğv edilməsi ilə Cəmiyyətə dəyən ziyanı, tərəflərindən ziyanın aradan qaldırılması məqsədilə göstərilən səyləri və ödənişlərin geri qaytarılması üçün atılan addımların nəzərə alınması və avans ödənişlərinin geri qaytarılması məqsədilə təyin olunan yeni müddətlər bitənə qədər Cəmiyyətə möhlət verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X4 xx.xx.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə qeyd edir ki, maddənin dispozisiyasında göstərilən əlamətlər o vaxt inzibati məsuliyyətə səbəb olur ki, həmin əməllər təqsirli şəxs tərəfindən qəsdlə törədilsin, əks halda maddi hüquq normasının dispozisiyasında sadalanan əlamətlərin formal cəhətdən mövcud olması inzibati məsuliyyətin yaranması üçün əsas ola bilməz. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Bundan başqa Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” haqqında 19 dekabr 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarından da görünür ki, müəyyən edilmiş müddətdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar