Məhkəmə qərarları › İş №3(006)-3603/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3603/2021

19.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3603/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 04 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzində sifariş qəbul edən Zərərçəkmiş şəxs1 daşıma çantasını mopedin üzərinə qoyaraq obyektə daxil olmasından istifadə edərək 100 manat dəyərində həmin çantanı oğurluq yolu ilə ələ keçirmiş, daha sonra 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzində sifariş qəbul edən Zərərçəkmiş şəxs2 daşıma çantasını və dəbilqəsini mopedin üzərinə qoyaraq obyektə daxil olmasından istifadə edərək ümumilikdə 230 manat dəyərində həmin daşıma çantasını və dəbilqəsini oğurluq yolu ilə ələ keçirmişdir. Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X3 izahatında göstərmişdir ki, 04.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzi yaxınlığında sifarişi yerinə yetirmək üçün idarə etdiyi mopedi saxlayaraq daşıma çantasını həmin mopedin üzərinə qoyduqdan sonra obyektə daxil olmuş, lakin geri qayıdarkən daşıma çantasının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Daha sonra 14.11.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzi yaxınlığında sifarişi yerinə yetirmək üçün idarə etdiyi mopedi saxlayaraq daşıma çantasını və dəbilqəsini həmin mopedin üzərinə qoyduqdan sonra obyektə daxil olmuş, lakin geri qayıdarkən daşıma çantasının və dəbilqənin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Bundan sonra aparılmış əməliyyat tədbirləri nəticəsində hadisələri törədən şəxsin Şəxs olduğu müəyyən edilmiş və sonuncu polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmiş və şəxs əməllərini etiraf etmiş, barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 04 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzində sifariş qəbul edən Zərərçəkmiş şəxs1 daşıma çantasını mopedin üzərinə qoyaraq obyektə daxil olmasından istifadə edərək həmin çantanı oğurluq yolu ilə ələ keçirmiş, daha sonra həmin çantanı 40 manata Nərimanov rayonu ərazisində tanımadığı şəxsə satmışdır. Bundan sonra, o, 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzində sifariş qəbul edən Zərərçəkmiş şəxs2 daşıma çantasını və dəbilqəsini mopedin üzərinə qoyaraq obyektə daxil olmasından istifadə edərək həmin daşıma çantasını və dəbilqəsini oğurluq yolu ilə ələ keçirmiş və daha sonra həmin çantanı 30 manata tanımadığı şəxsə satmışdır. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılmış və Polis şöbəsinə gətirilmiş, orada əməllərini etiraf etmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzi yaxınlığında sifarişi yerinə yetirmək üçün idarə etdiyi mopedi saxlayaraq daşıma çantasını həmin mopedin üzərinə qoyduqdan sonra obyektə daxil olmuş, lakin geri qayıdarkən daşıma çantasının naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra dərhal Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edib şikayətçi olmuşdur. Sonradan oğurluq əməlini törədən şəxs yəni, Şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və 22-ci Polis Şöbəsinə aparılmışdır. Hal-hazırda ona dəymiş 100 manat məbləğində zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi izahatında göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, “28 Mall” ticarət mərkəzi yaxınlığında sifarişi yerinə yetirmək üçün idarə etdiyi mopedi saxlayaraq daşıma çantasını və dəbilqəsini həmin mopedin üzərinə qoyduqdan sonra obyektə daxil olmuş, lakin geri qayıdarkən daşıma çantasının və içərisində olan 1000 manat məbləğində pul vəsaitinin, həmçinin dəbiqənin naməlum şəxs tərəfindən oğurlandığını görmüşdür. Bundan sonra dərhal Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə müraciət edib şikayətçi olmuşdur. Sonradan oğurluq əməlini törədən şəxs yəni, Şəxs polis əməkdaşları tərəfindən saxlanılmış və 22-ci Polis Şöbəsinə aparılmışdır. Hal-hazırda ona dəymiş 1230 manat məbləğində zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir və sonuncu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarında olan 18 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 18 noyabr 2021-ci il tarixdə, saat 11:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Nicat Ədilbəyli tərəfindən qəbul edilmiş 15.11.2021-ci il tarixli və Azərbaycan Respublikası DİN-nin Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Zərərçəkmiş şəxs2 tərəfindən qəbul edilmiş 18.11.2021ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələri əsasında toplanmış materiallar üzrə əməllərdə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi X3 tərəfindən tərtib edilmiş 19 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 227-ci maddəsi xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyəti müəyyən edir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 18 noyabr 2021-ci il tarixdən, saat 11:00dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə və Nəsimi rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar