Məhkəmə qərarları › İş №3(006)-3604/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3604/2022

24.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3604/2022 24.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Qərardan şikayət vermiş şəxs: X4 və onun müdafiəçisi Nümayəndə3 iştirakları ilə X3 Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayətdə göstərilmişdir ki, X4 12 sentyabr 2022-ci il tarixdə Bakıxanov küçəsində “Chevrolet Aveo” markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkət edərkən saat 16:36 radələrində yol patrul xidməti əməkdaşı onu saxlamış və barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun tərəfindən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə halına (hallarına) yol verilməsi nəticəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. O, protokol tərtib edilərkən etirazını bildirmiş və onu imzalamaqdan imtina etmişdir. Həmin gün telefon vasitəsilə Bakı şəhər X8 İdarəsinə protokoldan şikayət göndərmiş, cavab gəlmədiyini görəndən sonra 20 sentyabr 2022-ci il tarixdə elektron vasitə ilə təkrarən şikayət ünvanlamışdır. 26 sentyabr 2022-ci il tarixdə telefonuna “İXP ******* saylı protokol üzrə xx.xx.2022-ci il tarixindən etibarən icra qərarı qüvvəyə mindiyi” barədə sms gəlmişdir. Həmin qərar nə yaşadığı ünvana, nə də ki, telefonuna göndərilməmişdir. Sonradan çox çətinliklə olsa da, həmin qərarın surətini əldə etmişdir. Bilirdi ki, həmin qərarı Bakı şəhər X8 İdarəsi bilərəkdən onun ünvanına və ya “sms”lə telefonuna göndərməyəcək və iki ay keçən kimi avtomobili cərimə meydançasına qoyaraq onu fakt qarşısında qoyacaqlar. O, həmin qərara əsasən 100 manat cərimə olunmuşdur. 26 sentyabr 2022-ci il tarixli, TP ******* saylı qərara etiraz edərək bildirir ki, qərar həqiqəti əks etdirmir. Belə ki, birincisi, bütün Bakı şəhər sakinləri yaxşı bilirlər ki, “pik” saatlarda əksər avtomobillərlə yüklü olan küçələrdə polis əməkdaşları nəqliyyat vasitələrinin hərəkətlərini işıqfor vasitələrindən fərqli vəziyyətə görə tənzimləyir. Belə hal daima Bakıxanov küçəsində də müşahidə olunur. Eyni vəziyyət də onun başına gəlmişdir. 12 sentyabr 2022-ci il tarixdə, saat 16:30 radələrində Bakıxanov küçəsi, Rusiya Federasiyası səfirliyinin qarşısından üzü “Zoopark” istiqamətində nəqliyyat sıxlığı yaranmışdır. Bakıxanov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində daim yol-patrul xidmətinin avtomobilləri dayanır və həmin gün də orada bir neçə yol-patrul xidməti inspektorları nəqliyyat vasitələrinin hərəkətini tənzimləyirdilər. Kəsişməyə çatanda polis əməkdaşı onun avtomobilinin qarşısında hərəkət edən avtomobillərə yolun əks istiqamətinə, yəni “Zoopark” istaqamətindən Rusiya səfirliyi istiqamətinə gələn yola çıxıb küçənin o başına keçmələrinə işarə etmişdir. Buna görə avtomobilləri Bakıxanov küçəsi ilə yolun hər iki istiqaməti üzrə yalnız bir istiqamətə, “Zoopark” istiqamətinə yönləndirmələri üçün Rəşid Behbudov küçəsindən Bakıxanov küçəsinə çıxan avtomobillərin qarşısını başqa bir yol-patrul xidmətinin inspektoru saxlamışdır. Qarşısında hərəkət edən digər avtomobillər kimi o da hərəkət etmişdir. Lakin nədənsə Rəşid Behbudov küçəsi ilə kəsişməni keçən kimi polis əməkdaşı avtomobilin saxlamasına işarə etmişdir. Polis əməkdaşı ona yolun əks istiqamətinə nəqliyyat axının zolağına keçərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyini, bununla da yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. O, buna etiraz edərək elə həmin anda onunla eyni cür hərəkət edən avtomobil axınını göstərmişdir. Bu zaman polis əməkdaşı ona rabitə vasitəsi ilə Səməd Vurğun küçəsində dayanan rəisinin göstəriş verdiyini və onun barəsində protokol tərtib etməyini bildirmişdir. Buna görə də o, protokolu imzalamağa etiraz etmişdir. İkincisi, xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolda göstərilmişdir ki guya protokol “Ceyhunbəy Hacıbəyli küçəsi, 45 saylı (GPS, 40 39335359,49,********) ünvanda” tərtib edilib. Halbuki, C.Hacıbəyli küçəsinə çatmaqdan ötəri Azadlıq prospektini keçmək lazımdır. Qeyd olunanları nəzərə alaraq Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında X4 şikayətini müdafiə edərək qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin müdafiəçisi Nümayəndə3 şikayətini müdafiə edərək bildirdi ki, qeyd olunmuş faktların nə dərəcədə həqiqətə uyğun olub-olmamasını üzə çıxarmaqdan ötrü 12 sentyabr 2022-ci il tarixdə, saat 16:20-dən 16:50-yə kimi olan müddəti əhatə edən Bakıxanov küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsindən Bakıxanov küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsini əhatə edən müşahidə kameralarının yaddaşında saxlanılan videogörüntülərə baxış keçirilməlidir. Lakin polis əməkdaşlarının qanunsuz hərəkərlərinin videogörüntülərinə məhkəmədə baxış keçirilməsinin qarşısını almaqdan ötəri, bir qayda olaraq, həmin videogörüntülərin cəmi bir ay müddətində saxlanıldığı və daha sonra silindiyini bildirdiklərinə görə şikayətə həmin görüntülərin məhkəməyə təqdim olunmasına dair verdikləri vəsatət məhkəmə tərəfindən təmin olunsa da, Bakı şəhər X8 İdarəsi tərəfindən bu görüntülər məhkəməyə təqdim edilməmiş, habelə İdarənin səlahiyyətli nümayəndəsi də məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələblərinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şikayətin təmin olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqında protokola görə X4 ünvan 2 ünvanda 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə halına (hallarına) yol vermişdir; - xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X1 Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: - bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); - inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); - inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); - inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); - inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur (61.1.8-ci maddə); - inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); - protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır (100.2-ci maddə); - inzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Məhkəmədə müəyyən edilir ki, yol-patrul xidmətinin inspektoru tərəfindən X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin 61ci maddəsinin tələbləri gözlənilməmiş, barəsində icraat aparılan şəxsə hüquq və vəzifələri izah edilməmiş, izahat verilməsi təklif olunmamış, bu barədə protokolda hər hansı qeydlər aparılmamışdır. Bundan başqa, səlahiyyətli qurum tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman barəsində icraat aparılan şəxsə hadisənin görüntüləri təqdim edilməmiş, onun bu hüququ da pozulmuşdur. Eyni zamanda məhkəmə onu da vurğulayır ki, göstərilən məsələ ilə bağlı hadisə yerini müşahidə edən videokameralardan müvafiq görüntülərin məhkəməyə təqdim edilməsi tələb edilsə də, Bakı şəhəri X8 İdarəsi tərəfindən bu görüntülər təqdim edilməmiş, nə də onların təqdim edilməməsinin səbəbi barədə məlumat verilməmişdir. Göstərilənlərlə yanaşı, X4 barəsində inzibati xəta haqqında iş onun iştirakı olmadan, birtərəfli qaydada aparılmış, işə baxılması barədə şikayətçiyə heç bir məlumat verilməmiş, onun bu hüququ da icraatı aparan qurum tərəfindən təmin edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar