Məhkəmə qərarları › İş №3(006)-3605/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3605/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3605/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Şikayətçi: X5 vəkili Nümayəndə iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X14 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən həm rəhbəri olduğu “X23” MMC barəsində protokol tərtib olunmuş, həm də onun barəsində 23 iyul 2024-cü il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini törətməkdə təqsirli bilinərək 3.000 manat cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, rəhbəri olduğu “X23” şirkəti 2002-ci il tarixdən Azərbaycanda fəaliyyət göstərir. Şirkət Azərbaycanın tikinti, interyer dizayn və mebel sahəsində aparıcı şirkətlərindən biridir. Keçdiyi bu 22 illik yolda şirkət yerli və xarici, 300dən çox tamamlanmış layihə ilə uğurlarını ard-arda sıralamışdır. Müəssisə həm tikinti, həm də layihələndirmə işləri üzrə xüsusi lisenziyaya malikdir. Bu illər ərzində Şirkət tərəfindən nəinki əmək müqaviləsi olmadan hər hansı şəxsin işə cəlb edilməsi, ümumiyyətlə hər hansı inzibati xəta tərkibli pozuntuya yol verilməmiş, buna cəhd edilməmiş, daim qanunvericilik çərçivəsində müəyyən edilən tələblərə uyğun sahibkarlıq fəaliyyəti həyata keçirilmişdir. Bu şirkətin qanundan irəli gələn vəzifəsi olmaqla birlikdə, həm də müəssisənin adı və formalaşdırdığı nüfuzu, əsaslandığı dəyərlər və partnyor şirkətlərin dairəsi baxımından onlar üçün uyğun deyildir. Hazırda müəssisədə ümumi işçi sayı 380 nəfərdir və 05 nəfər şəxsin rəsmiləşdirilməsi onlar üçün hər hansı əlavə yük və ya öhdəlik yaratmayacaqdır. Müəssisənin Qarabağ regionuna daxil olan şəxslər üçün elektron icazə sisteminə birbaşa giriş səlahiyyəti yoxdur. Bu səbəblə də Şirkət tərəfindən Qarabağ ərazisində iştirakçısı olduqları layihələrə cəlb ediləsi şəxslərin siyahısı Təhsil Nazirliyinə göndərilir və icazələrin əldə olunması üçün müraciət Nazirlik tərəfindən həyata keçirilir. 2024-cü ilin iyul ayında baş tutması planlaşdırılan layihədə işləməsi üçün nəzərdə tutulan bir sıra şəxslərin məlumatları müəssisə tərəfindən may, iyun da daxil olmaqla müxtəlif aylarda Nazirliyə təqdim edilmişdir. Şirkətin Qarabağda işləyən əməkdaşları “Bridge House” yataqxanasında qonaqlayırlar. Yataqxananın arayışından və Qasımov Aslanın notarial ərizəsindən də göründüyü kimi o, xx.xx.2024 tarixdə Qarabağ ərazisinə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmışdır. Lakin əmək şəraitini uyğun hesab etmədiyi üçün Qarabağ ərazisini bir gün sonra tərk etmişdir. Digər şəxs, X3 ərazisinə 15 may 2024-cü il tarixdə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmış, lakin işi bəyənmədiyi üçün növbəti gün Qarabağ ərazisini tərk etmişdir. Bu hal şəxsin özü tərəfindən məhkəməyə ünvanlanmış teleqramda da öz təsdiqini tapır. X4 ərazisinə 27 may 2024-cü il tarixdə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmış, lakin işi bəyənmədiyi üçün növbəti gün Qarabağ ərazisini tərk etmişdir. Aqşin Əsədov notarial ərizəsi ilə də müəssisə ilə hər hansı əmək münasibətlərində olmadığını təsdiq etmiş, yalnız 01 gün Qarabağ ərazisində olduğunu qeyd etmişdir. X1 ərazisinə 27 may 2024-cü il tarixdə daxil olmuş, həmin gün yataqxanaya qeydiyyatı aparılmış, lakin işi bəyənmədiyi üçün növbəti gün Qarabağ ərazisini tərk etmişlər. O tarixdən sonra onunla əlaqə saxlamaq mümkün olmamış, həmin şəxslə bağlı hər hansı əlaqə olmamışdır. Son olaraq əldə etdikləri məlumata əsasən o, başqa şirkətdə işə düzəlmişdir. Protokolda göstərilən sonuncu şəxs X16 isə ümumiyyətlə Qarabağ ərazisinə giriş etməmiş, onunla əlaqə saxlamaq və məlumat almaq mümkün olmamışdır. Belə ki, həmin şəxs əvvəlcə işlə tanış olmaq üçün Qarabağ ərazisinə getmək üçün razılığını vermiş, daha sonra isə nömrəsini söndürdüyü üçün onunla əlaqə saxlamaq mümkün olmamışdır. Ümumiyyətlə bu şəxslə yalnız bir dəfə - iş təklifi barədə danışıq aparılmış, ondan sonra isə şirkətlə hər hansı əlaqəsi olmamışdır. Həmin şəxsi ümumiyyətlə fiziki olaraq görməmiş, hazırda da barəsində hər hansı məlumatı yoxdur. Qeyd olunan şəxslər müəssisə tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilməmiş, yalnız əmək şəraiti ilə tanış etdirilmiş, görüləcək işlər və şərtlər barəsində məlumat verilmişdir. Açıq aşkardır ki, onun tərəfindən heç bir şəxs əmək müqaviləsi olmadan işlərə cəlb olunmamış, ona görə də, barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib edilən protokol qanunsuz və əsassızdır. Həmin şəxslərin adlarının hansısa portalda qeyd edilməsi onların faktiki olaraq işə cəlb edilməsini təsdiq etmir. Bunun üçün real vəziyyəti əks etdirən sübutlar, o cümlədən işə cəlb olunmuş şəxslərin izahatları əhəmiyyət daşıyır. Bu halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərtib etdiyi protokol üzrə hər hansı sübut təqdim etməmişdir. Ümumiyyətlə, protokolla birlikdə təqdim edilən şəxslərin adlarını göstərən cədvəl Əmək Müfəttişliyinin özü tərəfindən tərtib edilmiş, həmin şəxslərin protokolda qeyd edildiyi kimi “Qarabağ və X21 zonalarına giriş informasiya sistemində” olması müəyyən olunmur. Bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti informasiya sistemi vasitəsilə müvafiq məlumatları əldə edib protokol tərtib etsə də, qanunun imperativ tələblərinə riayət etməmiş, elektron qaydada aparılmalı olan icraatı kağız daşıyıcıda tamamilə fərqli prosessual qaydalarla aparmış, kobud pozuntuya yol vermişdir. Qeyd olunanları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 vəkili Nümayəndə şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Eyni zamanda bildirdi ki, bu məsələyə dair “X23” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolla bağlı iş üzrə icraata Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xitam verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, qərarından şikayət verilən orqanın nümayəndəsi gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X16 və X15 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X22, X20 və X6 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə “X23” MMC-nin direktoru X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilmişdir; • "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 24/14 saylı məktubundan görünür ki, “X23” MMC-nin sifarişi əsasında Şuşa şəhərində yerləşən “Bridge House” yataqxanasında X15 2024-cü ilin may ayının 15-dən 16-dək, X22, X20 və X12 2024-cü ilin may ayının 27-dən 28-dək qonaqlamışlar; • X13 notariat qaydasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, “X23” MMC-nin Qarabağda yerləşən obyektində işlə tanış olmaq üçün MMC tərəfindən İcazələr portalında iş icazəsi alınmışdır. İş uyğun olmadığı üçün təklifi qəbul etməmiş, MMC-nin xeyrinə hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmamışdır; • X8 notariat qaydasında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, “X23” MMC-nin Qarabağda həyata keçirilən layihələrlə tanış olmaq üçün oraya yollanmış, Şuşa-Xankəndi şəhərində “Bridge House” yataqxanasında gecələdikdən sonra xx.xx.2024-cü il tarixdə hər hansı işin görülməsinə cəlb edilmədən Füzuliyə geri qayıtmışdır. Əmək şəraiti uyğun olmadığı üçün “X23” MMC-nin iş təklifini qəbul etməmiş, həmin müəssisə ilə hər hansı əmək fəaliyyəti olmamışdır; • X9 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, ona “X23” MMC-nin Qarabağda yerləşən obyektində işlə tanış olmaq üçün MMC tərəfindən İcazələr portalında iş icazəsi alınmışdır. İş uyğun olmadığı üçün təklifi qəbul etməmiş, MMC-nin xeyrinə hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmamışdır; • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 avqust 2024-cü il tarixli, 3(006)- 2755/2024 saylı qərarına əsasən “X23” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş 09 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Beləliklə məhkəmədə müəyyən edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X16 və X15 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X22, X20 və X6 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə “X23” MMC-nin direktoru X2 Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə təqsirli bilinərək 3.000 manat məbləğində cərimə edilsə də, X19 Xidməti tərəfindən aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi tədbirlər görülməmiş, o cümlədən qərarda adları qeyd olunan şəxslərlə həmin şirkət arasında hər-hansı bir əmək münasibətlərinin yaranıb-yaranmaması dəqiqləşdirilməmiş, onların izahatları alınmamış, faktla bağlı zəruri araşdırmanın aparıldığını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla da şəxsin təqsirliyini sübut edən kifayət qədər dəlil toplanılmayaraq X19 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Beləliklə aydın olur ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar