Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3606/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 Şikayət vermiş şəxs: X1 Qərarından şikayət verilən orqan: Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X2 iştirakları ilə X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, 16 oktyabr 2021-ci il tarixdə mobil nömrəsinə barəsində Bakı Nəqliyyat Agentliyi tərəfindən elektron protokolun tərtib edildiyinə dair mesaj gəlmişdir. Həmin protokola əsasən ona məxsus olan “X9” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində “Dayanma və ya durma qaydalarını pozma” qeyd olunaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə cərimə növündə tənbeh tətbiq edilmişdir. İnzibati xəta haqqında protokol 3-cü mikrorayon dairəsində körpünün üstündə yerləşən Bakı Nəqliyyat Agentliyinə məxsus stasionar kamera tərəfindən çəkilmiş fotoşəkillərə əsasən tərtib edilmişdir. Göstərilənlərə əsasən qeyd olunan protokol və onun əsasında qəbul edilmiş qərar əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Göründüyü kimi İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasını müəyyən edən həmin maddədə dayanma və ya durma qaydalarının pozmağa görə inzibati məsuliyyəti nəzərdə tutan 346.1-ci maddə qeyd edilməmişdir. Deməli, həmin maddə üzrə inzibati xətalara dair iş üzrə icraat inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasına uyğun aparılmalıdır. İnzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydasını tənzimləyən İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, qeyd edilən inzibati xəta üzrə inzibati tənbeh vermə haqqında qərar stasionar kamera ilə deyil, operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunmalıdır və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 nömrəli Fərmanının 4.52-ci bəndinə əsasən İnzibati Xətalar Məcəlləsinin 97.1ci maddəsində, 97.3-cü maddəsinin birinci cümləsində, 127-2.4-cü maddəsinin birinci cümləsində (birinci və üçüncü hallarda) və ikinci cümləsində, 127-2.6-cı maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində həmin Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi, habelə həmin Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallara münasibətdə isə Bakı Nəqliyyat Agentliyi nəzərdə tutulur. Deməli, Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati tənbeh vermə haqqında qərar yalnız İnzibati Xətalar Məcəlləsinin 346.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə qəbul edilə bilər. Bakı Nəqliyyat Agentliyi tərəfindən kamera vasitəsilə fotoşəkillərin çəkildiyi vaxt ərzində isə o, avtomobilin içərisində olmuş, fotoşəkillərdən də göründüyü kimi, həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratmır. Başqa sözlə, nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmaması tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olmur. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş 16.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X3 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X4 izahatında göstərdi ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan Bakı Nəqliyyat Agentliyinin 16 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Absələddin Əliyev idarə etdiyi “X9” markalı, **-TB- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 16 oktyabr 2021-ci il tarixdə, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə saat 19:09:06-19:12:45 aralığında 3.27 nişanının təsir dairəsində saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Bundan əlavə Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsinin tələbləri əsasında deyil, 124.5-ci və 124.6-cı maddələrinə uyğun aparılır. Həmin maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı Agentlik tərəfindən şəhərin müxtəlif ərazilərində kameralar quraşdırılmış və əməkdaşlar tərəfindən kameralar vasitəsilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 06.07.2018-ci il tarixli, 181 saylı Fərmanına da uyğundur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Bununla belə həmin maddə İnzibati Xətalar Məcəlləsinin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə təkcə 122.1-ci maddədə göstərilən deyil, həmçinin İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsi üzrə digər maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən həmin Məcəllənin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Qeyd olunan Məcəllənin 80.2-ci maddəsinə görə fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Qeyd olunanları nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçılarının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 16.10.2021-ci il tarixdə, saat 19:12:45-də Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində idarə etdiyi “X9” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir; Bakı Nəqliyyat Agentliyinin internet portalından olan fotoşəkildən görünür ki, 16.10.2021-ci il tarixdə, saat 19:09:06-19:12:45 aralığında “X9” markalı, **-TB- *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində 3.27 (Dayanmaq qadağandır) yol nişanının təsir zonasında durmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi vəya düşməsi, yaxud yüklərin yığılmasıvəya boşaldılmasıüçün zəruri olan vaxtərzindənəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətəgətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin: 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə müəyyən edilir ki, X3 Bakı Nəqliyyat Agentliyinin 16.10.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “X9” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. A.Əliyev həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu və iş üzrə icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmadığını iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin qərarı qəbul etmiş qurum tərəfindən məhkəməyə təqdim etdiyi fotogörüntüdən də aydın olur ki, 16.10.2021-ci il tarixdə A.Əliyevin idarə etdiyi “X9” markalı, **-TB-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi ərazisində yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni “3.27 - Dayanmaq qadağandır” yol nişanının təsir zonasında hərəkətsiz vəziyyətə gətirilmiş şəkildə durmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda A.Əliyev iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 16.10.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-3606/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3606/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver