Məhkəmə qərarları › İş №3(006)-3607/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3607/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3607/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayət vermiş şəxs: X3 Qərarından şikayət verilən orqan: Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakları ilə X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 18.09.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, internet portalından əldə etdiyi məlumata görə 18.09.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində istifadəsində olan “KİA K5” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və durma qaydalarını pozduğundan İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilən BNA ******* saylı qərarla 20 manat məbləğində cərimə olunmuşdur. Lakin həmin protokol və qərar İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsi üzrə proqram təminatı əsasında real vaxt rejmində tərtib olunmamış, qeyd olunan Məcəllənin 100.1.8-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli, 406 nömrəli qərarı ilə elektron qərar formasına ziddir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə görə inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq barəsində qəbul edilmiş 18.09.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş X5 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş qurumun nümayəndəsi X2 izahatında göstərdi ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan Bakı Nəqliyyat Agentliyinin 18.09.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Kamil Cəfərli idarə etdiyi “KİA K5” markalı, **-ZZ- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində saat 11:39:53-11:43:14 aralığında 3.27 nişanının təsir dairəsində saxlamışdır. “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Bundan əlavə Bakı Nəqliyyat Agentliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsinin tələbləri əsasında deyil, 124.5-ci və 124.6-cı maddələrinə uyğun aparılır. Həmin maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı Agentlik tərəfindən şəhərin müxtəlif ərazilərində kameralar quraşdırılmış və əməkdaşlar tərəfindən kameralar vasitəsilə müntəzəm müşahidə aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 06.07.2018-ci il tarixli, 181 saylı Fərmanına da uyğundur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Bununla belə həmin maddə İnzibati Xətalar Məcəlləsinin digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə təkcə 122.1-ci maddədə göstərilən deyil, həmçinin İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsi üzrə digər maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisələri aşkar edilərək inzibati iş üzrə icraata başlanıla bilir. Digər tərəfdən həmin Məcəllənin 346.1 və 346.2-ci maddələrində göstərilən inzibati xəta hadisəsini təsdiq edən foto və video materiallar sübut növü kimi xüsusi texniki vasitələrin göstəricilərinə deyil, məhz sənədlərə aiddir. Qeyd olunan Məcəllənin 80.2-ci maddəsinə görə fotoşəkillər, səsyazma və ya videoyazı materialları, məlumat bazası və məlumat bankı və digər məlumatları olan müvafiq daşıyıcılar sənədlər hesab olunur. Qeyd olunanları nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçılarının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan:  Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 18.09.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 18.09.2021-ci il tarixdə, saat 11:43:14-də Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində idarə etdiyi “KİA K5 minik” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir;  Bakı Nəqliyyat Agentliyinin internet portalından olan çıxarışdan və fotoşəkildən görünür ki, 18.09.2021-ci il tarixdə, saat 11:39:53 - 11:43:14 vaxt aralığında “KİA K5 minik” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində 3.27 (Dayanmaq qadağandır) yol nişanının təsir zonasında durmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi vəya düşməsi, yaxud yüklərin yığılmasıvəya boşaldılmasıüçün zəruri olan vaxtərzindənəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətəgətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin:  81.1-ci maddəsinə görə müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır;  81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır;  124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir;  124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə müəyyən edilir ki, X5 Bakı Nəqliyyat Agentliyinin 18.09.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “KİA K5 minik” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. K.Cəfərli həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu və iş üzrə icraatın İnzibati Xətalar Məcəlləsinin 100.1.8 və 122-ci maddələrinin tələblərinə uyğun aparılmadığını iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin qərarı qəbul etmiş qurum tərəfindən məhkəməyə təqdim etdiyi fotogörüntü və çıxarışdan də aydın olur ki, 18.10.2021-ci il tarixdə K.Cəfərlinin idarə etdiyi “KİA K5 minik” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni “3.27 - Dayanmaq qadağandır” yol nişanının təsir zonasında hərəkətsiz vəziyyətə gətirilmiş şəkildə durmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda K.Cəfərli iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, X5 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 18.09.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar