Məhkəmə qərarları › İş №3(006)-3608/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3608/2024

30.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3608/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərardan şikayət verən şəxs X8 vəkili Vəkil, barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X11 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X14 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, onun barəsində şikayət etdiyi Qərara əsasən, guya vəzifəli şəxs olaraq (müəssisə direktoru) qərarda adları göstərilən şəxsləri əmək müqaviləsi bağlamadan, başqa sözlə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Xidmətin belə bir qənaətə gəlməsinə səbəb, xidmət tərəfindən 2024-cü ilin may ayı ərzində “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi aldığı şəxslərin adlarına ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində qüvvədə olan əmək müqaviləsinin aşkar edilməməsi olmuşdur. Hesab edir ki, sözügedən qərar tamamilə əsassız və qanunsuzdur və göstərilənlərə əsasən qərar ləğv edilməlidir. Belə ki, ilk öncə onu qeyd edir ki, direktoru olduğu "xxxx" Müstəqil Şirkəti Ağdam rayonu, Sarıcalı kənd yaşayış məntəqəsinin yenidən qurulması üzrə tikintiquraşdırma işlərinin satın alınmasına” dair elan edilmiş müsabiqənin (tenderin) qalibi olmuş və bağlanmış xx.xx.2023-cü il tarixli Podrat (satın alma) müqaviləsinə əsasən həmin ərazilərdə işlərin icrasına başlanılmışdır. Qeyd edilən layihə üzrə podratçı təşkilat kimi "xxxx" Müstəqil Şirkəti ilə bağlanmış müvafiq subpodrat müqavilələri əsasında bir sıra özəl təşkilatlar işlərin icrasına cəlb edilmişdir. Subpodrat təşkilatların fəaliyyətə başlaması üçün həmin təşkilatların işçilərinə işğaldan azad edilmiş ərazilərə giriş icazələrinin alınması tərəfimizdən təmin edilir. İşçilərə giriş icazələrinin alınması subardinasiya qaydalarına uyğun olaraq, subpodrat təşkilatları tərəfindən podratçıya, podratçı tərəfindən isə sifarişçiyə təqdim edilməklə həyata keçirilir. Yekunda “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində giriş icazəsi üçün müraciət edən tərəf kimi yalnız podratçı təşkilat olaraq "xxxx" Müstəqil Şirkəti göstərilir. Subpodrat təşkilatların isə həmin informasiya sistemində heç bir qeydiyyatı aparılmır. Sonradan subpodrat təşkilatlarla giriş icazəsi alınan şəxslər arasında əmək müqaviləsinə xitam verildiyi hallarda, əksər subpodratçılar giriş icazəsinin ləğvi ilə bağlı podratçıya məlumat vermirlər. Beləliklə, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemində giriş icazələri alınan işçilərin mənsub olduğu subpodrat təşkilatların adlarının qeyd edilməməsi, bununla yanaşı əmək müqaviləsinə xitam verilmiş işçilər barəsində .axtında podratçıya məlumatın verilməməsi səbəbindən həmin işçilərin informasiya sistemində giriş icazələrinin aktiv qalması həmin işçilərin qanunsuz işə cəlb edilməsi anlamına gəlməsi əsassızdır. Əsassız səbəblərdən gəlinən qənaət və qəbul edilən qərar isə qanunsuzdur. İnzibati tənbeh vermə haqqında qərarda adları göstərilən şəxslərin (işçilərin) həmin ərəfələrdə mənsub olduqları supodrat təşkilatları, onlarla bağlanmış əmək müqavilələri barəsində zəruri məlumatlar (sənədlər) şikayət ərizəsinə əlavə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsində göstərilir ki, Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 75.0.1 və 75.0.6-cı maddələrinə əsasən, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi və inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən isə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə, məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1, 53.1.2 və 53.2-ci maddələrinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icrata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, işin hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" Müstəqil Şirkəti tərəfindən qərarda adları göstərilən şəxslərin əmək müqaviləsi hüquqi aüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmə faktı öz təsdiqini tapmır. X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 vəkili Vəkil şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X17 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, X1 mübahisələndirdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokol əsaslıdır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının giriş informasiya sistemi üzərindən əldə edilmiş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə icazəsi alınmış X9 08 may 2024-cü ildən 08 iyul 2024-cü il tarixədək, X5 04 iyun 2024-cü ildən 04 avqust 2024-cü il tarixədək və X10 barəsində 16 may 2024-cü ildən 16 iyul 2024cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyən edilmişdir. Qeyd olunan protokol əsasında xx.xx.2024-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qəbul edilən qərar da qanuni və əsaslıdır. Göründüyü kimi, şikayətçinin İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan pozuntunu törətməsi bir daha təsdiqini tapmışdır. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X4 Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə lazımi qaydada çağırılmış, lakin o, araşdırmada iştirak etməmiş, həmçinin sübutlar təqdim etməmişdir. Protokol və onun əsasında qəbul edilən qərar qanuni və əsaslıdır, şikayətçinin göstərdiyi dəlillər həmin qərarın ləğvi üçün yetərli dəlil sayıla bilməz. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X14 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3000 (üç min) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş sifarişçi "xxxx" Müstəqil Şirkəti ilə subpodratçı "xxxx" İnşaat Şirkəti arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixli, SP_SRCL/6F/SNT-10/23 subpodrat müqaviləsindən, "xxxx" Müstəqil Şirkəti ilə subpodratçı "xxxx" MMC arasında bağlanmış 31 oktyabr 2023-cü il tarixli, SP_SRCL/6F-XNL-10/23 subpodrat müqaviləsindən və "xxxx" Müstəqil Şirkəti ilə subpodratçı "xxxx" MMC arasında bağlanmış 16 fevral 2024-cü il tarixli, SP_SRCL/6F-MT/02-24 subpodrat müqaviləsindən görünür ki, Sifarişçi İcraçıya sifariş verir və bu işlərin icrası nəticəsində razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürürür, icraçı isə sifarişçinin sifarişi əsasında və müəyyən etdiyi qaydada göstərilən işlərin görülməsini öhdəsinə götürür. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X14 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X6 08 may 2024-cü ildən 08 iyul 2024-cü il tarixədək, X3 04 iyun 2024-cü ildən 04 avqust 2024-cü il tarixədək və X7 barəsində 16 may 2024-cü ildən 16 iyul 2024-cü il tarixədək işə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X12 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" Müstəqil Şirkəti tərəfindən icazəsi istənilən məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtərəfli araşdırılmadan tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, X14 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X14 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar