Məhkəmə qərarları › İş №3(006)-361/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-361/2022

10.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-361/2022 10.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş qurumun nümayəndəsi X1 iştirakı ilə, “X4-Uşaq Bağçası” MMC (hüquqi ünvanı: ünvan 1 **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi üzrə tərtib olunmuş 24.01.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola əsasən “X4-Uşaq Bağçası” MMC ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən “X5” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımını həyata keçirmiş və bu fakt 24.01.2022-ci il tarixdə, saat 10:44 radələrində aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı şəhər Reklam İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, “X4-Uşaq Bağçası” MMC Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən “X5” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yayımını həyata keçirmişdir. Agentliyin əməkdaşları tərəfindən bu fakt 24.01.2022-ci il tarixdə, saat 10:44 radələrində aşkar edilmişdir. Reklam lövhəsinin ölçüsü 1 kv.m-dən böyük olmuşdur. Faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilmiş və məlumat üçün cəmiyyətə də göndərilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsə bildiriş göndərilsə də, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş fotoşəkillərə əsasən “X4-Uşaq Bağçası” MMC-yə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Lev Tolstoy küçəsində yerləşən “X5” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirməsi faktı təsdiq edilir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, “X4-Uşaq Bağçası” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. Həmin Qanunun 26.8-ci maddəsinə görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Göründüyü kimi, reklam haqqında qanunvericiliyin qeyd edilən normasına görə birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam hesab edilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdə isə obyektin üzərində yazıların bu ölçüdən böyük olduğu aydın şəkildə müşahidə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X4-Uşaq Bağçası” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə “X4-Uşaq Bağçası” MMC-nin törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “X4-Uşaq Bağçası” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 5.000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar