Məhkəmə qərarları › İş №3(006)-3610/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3610/2021

15.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3610/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, qərarından şikayət verilmiş orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Bakı Nəqliyyat Agentliyinin 20 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edərək Bakı Nəqliyyat Agentliyinin 20 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmiş və Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərardadına əsasən iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 20.10.2021-ci il tarixli protokolu və qərarı ilə 20 manat məbləğində cərimə edilmişdir. İlk öncə 20 manat üçün məhkəmənin vaxtını aldığına görə üzr istəyir. Hal-hazırda 160 manat cəriməsi olsa da, yalnız sonuncu 20 manatı mübahisələndirir. Digər cərimələr haqlı olaraq tətbiq edilmişdir və o, həmin cərimələri ödəmək niyyətindədir. Lakin ədalət naminə hazırda 20 manat üçün yazılmış qərarı mübahisələndirir. Belə ki, BNA qanuni və ya qanunsuz hər nəqliyyat vasitəsini cərimələyir və buna artıq stop demək lazımdır. 20.10.2021-ci il tarixində “Port Baku”da yerləşən “Starbucks” kafesində iş görüşü olduğu üçün maşınını qadağanedici işarə olmayan yol kənarında saxlamış və görüşə tələsmişdir. Görüşdə olarkən ona cərimə edilməyi ilə bağlı mesaj gəlmişdir. Maşının yanına gələrək nişanın olmadığına bir daha əmin olmuş və şəkilləri çəkmişdir. Həmin şəkilləri şikayətə əlavə etmişdir. Şəkillərdən də görünür ki, maşın saxladığı yerdə heç bir qadağanedici nişan yoxdur. Lakin “sms radar” mobil tətbiqindən götürdüyü şəkillərdən isə guya görünür ki, o, nişanın yanında saxlamışdır. Halbuki nişandan sonra 2 ədəd yolayrıcı gəlir və həmin yolayrıcılardan xeyli məsafə uzaqlıqda onun maşını dayanmışdır. Ümumiyyətlə şəkillərdə onun maşınının nişana yaxınlığı müəyyən olunmur, sadəcə BNA özünə haqq qazandırmaq üçün belə bir varianta əl ataraq elə bir görüntü yaratmağa çalışıb, lakin cəhdləri uğursuz olmuşdur. Hal-hazırda söhbət 20 manatın ödənilməsindən getmir, lakin əsassız və qanunsuz qəbul edilən qərar mütləq qaydada ləğv olunmalıdır. Foto şəkillərdən müəyyən olunur ki, tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. İnzibati xəta o halda törədilmiş hesab olunur ki, hər hansı hüquq pozuntusu mövcud olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkat və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 48-ci maddəsinə görə, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Göstərilənləri nəzərə alaraq BNA-nın 11.10.2021-ci il tarixli, ******* saylı elektron qərarı ləğv edilərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq şikayətçi X4 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X3 yazılı etiraz təqdim edib ona uyğun izahatında göstərmişdir ki, X4 tərəfindən verilmiş şikayət əsassızdır və şikayət təmin edilməməklə Bakı Nəqliyyat Agentliyinin 20 oktyabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X4 idarə etdiyi “KİA OPTİMA” markalı, **- SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 oktyabr 2021-ci il tarixdə, saat 13:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində 3.27 “Dayanmaq qadağandır” yol nişanının təsir dairəsində saxlamışdır. Bildirir ki, “Yol hərəkəti haqqında” Qanunun tələblərinə əsasən dayanmanın qadağan edildiyi yerlərdə məcburi dayanma və üstün hərəkət rejiminə malik nəqliyyat vasitələrinin dayanması halı istisna olmaqla nəqliyyat vasitələrinin hərəkətsiz vəziyyətə gətirilməsi yolverilməzdir. Həmçinin, “Yol hərəkəti haqqında” Qanunun 64-cü maddəsinin Vİ hissəsinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26-3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Həmin Qanunun 1-ci maddəsinin 11-ci hissəsinə əsasən yolayrıcı-yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Göründüyü kimi qanunverici qadağan nişanı olan 3.27 (dayanmaq qadağandır) nişanının qüvvəsinin ən yaxın yolayrıcına qədər olduğunu müəyyən etmiş, yolayrıcına qədər olan ayrı-ayrı ərazilərdə, o cümlədən yola bitişik ərazilərdən yola çıxış yerlərində isə həmin nişanın qüvvəsini itirmədiyini nəzərdə tutmuşdur. Bundan əlavə, həmin Qanunda yolayrıcına yolların bir səviyyədə hər hansı kəsişdiyi, birləşdiyi və ya şaxələndiyi ərazi kimi anlayış verilmişdir. Bu baxımdan hazırkı inzibati işlərdə X4 idarə etdiyi “KİA OPTİMA” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili 20 oktyabr 2021-ci il tarixdə, saat 13:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində 3.27 (dayanmaq qadağandır) yol nişanının təsir zonasında saxlamaqla dayanma və durma qaydasını pozmuşdur. Bu fakt etiraza əlavə edilmiş fotoşəkillərlə təsdiq olunur. Belə ki, həmin sübutlardan görünür ki, yolun sol tərəfində quraşdırılan 3.27 nişanından sözügedən avtomobilə qədər olan ərazidə yalnız əsas yola bitişik olan yaşayış və qeyri-yaşayış sahələri vardır. Əsas yola bitişik ərazilər yuxarıda da qeyd edildiyi kimi nişanın qüvvəsinin itirməsi üçün əsas deyil. Beləliklə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 20 oktyabr 2021-ci il tarixli tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənləri nəzərə alaraq Bakı Nəqliyyat Agentliyinin 20 oktyabr 2021-ci il tarixli BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayət əsassız və qanunsuz olduğundan təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 20 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 20 oktyabr 2021-ci il tarixdə, saat 13:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında dayanma və durma qaydalarını pozmuş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş foto-şəkillərdən görünür ki, X4 idarə etdiyi “KİA OPTİMA” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 20 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında saat 13:22:09-da 3.27 nişanının təsir dairəsində saxlamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X4 20 oktyabr 2021-ci il tarixdə, saat 13:22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında dayanma və durma qaydalarını pozaraq özünə məxsus “KİA OPTİMA” markalı, **-SK-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, buna görə də o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə görə nəqliyyat vasitəsinin dayanması — adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 52-ci maddəsinin Vİ hissəsinə əsasən nəqliyyat vasitələrinin dayanmanın qadağan edildiyi yerlərdə; yaşayış məntəqələrindən kənarda - yolların hərəkət hissəsində; 5.1 nişanı ilə işarələnmiş yerlərdə; dəmiryol keçidlərinə 50 metrdən az yaxınlıqda; girişin, habelə darvaza qarşısında; 3.28 yol nişanının və bu nişanla birlikdə tətbiq edildikdə 1.10 nişanlanma xəttinin təsir zonalarında durması qadağandır. Həmin Qanunun 64-ci maddəsinin Vİ hissəsinə əsasən 3.16, 3.20, 3.22, 3.24, 3.26— 3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Həmin Qanunun 1-ci maddəsinin 11-ci hissəsinə əsasən yolayrıcı - yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətidiyi ərazidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi dayanma və ya durma qaydalarını pozmağa görə məsuliyyət müəyyən edir. Həmin Məcəllənin 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; Həmin Məcəllənin 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə məhkəmə hesab edir ki, X4 Bakı Nəqliyyat Agentliyinin 20.10.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “KİA OPTİMA” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. X4 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu bildirmişdir. Lakin qərarı qəbul etmiş qurum tərəfindən məhkəməyə təqdim edilmiş fotogörüntülərdən də aydın olur ki, 20.10.2021-ci il tarixdə X2 idarə etdiyi “KİA OPTİMA” markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 yolun kənarında qanunvericiliyin tələbinə əsasən dayanmanın qadağan edildiyi yerdə, yəni “3.27 - Dayanmaq qadağandır” yol nişanının təsir zonasında hərəkətsiz vəziyyətə gətirilmiş şəkildə durmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla da görünür ki, X4 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 20 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Bakı Nəqliyyat Agentliyinin 20 oktyabr 2021-ci il tarixli, BNA ******* saylı qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar