Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3613/2025 30.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X4, Bakı şəhər BPİ X10 İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, X4 Bakı şəhər BPİ X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə saat 07:55-də Bakı şəhəri, Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrinin kəsişməsində tərəfindən yolayrıcını keçmə qaydalarının pozulmasına görə Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə 100 manat məbləğində cərimə növündə inzibati tənbeh verilmişdir. Göstərilən vaxtda yolayrıcını keçmə qaydalarını pozmadığına görə sözügedən qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bildirir ki, xx.xx.2025-ci il tarixdə saat 07:50 radələrində mülkiyyətində olan “VOLKSWAGEN PASSAT” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Süleyman Rüstəm küçəsi ilə hərəkətdə olarkən "stop" nişanının (2.5) tələbinə uyğun olaraq Süleyman Rəhimov küçəsi ilə kəsişmədə avtomobili dayandırmış və Süleyman Rəhimov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələrinin axınının dayanmasını gözləmişdir ki, hərəkətini davam etsin. Bu zaman Süleyman Rəhimov küçəsində üzü Tesla parkına tərəf tıxac yaranmış və həmin küçə ilə hərəkətdə olan qara rəngli “KİA SORENTO” markalı avtomobil “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin İİ hissəsinin tələbinə uyğun olaraq Süleyman Rüstəm küçəsində nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaratmamaq naminə yolayrıcına daxil olmamış, piyada keçidinin (zebranın) qarşısında dayanmış və Süleyman Rüstəm küçəsi ilə üzü Mərkəzi Banka tərəf hərəkət edən nəqliyyat vasitələrinə, o cümlədən ona yolu davam etdirməyə şərait yaratmışdır. Yalnız bundan sonra o, hərəkətini davam etdirmişdir. Daha sonra ərazidə 377 nömrəli avtomobildə xidmət aparan yol patrul xidməti inspektoru Güləhməd İsmayılov onu dayandırmış və yolayrıcını keçmə qaydalarını pozduğunu bildirmişdir. O, inspektora qaydaları pozmadığını, Süleyman Rəhimov küçəsində üzü Tesla parkına tərəf tıxac yaranması səbəbinə görə qara rəngli “KİA SORENTO” markalı avtomobilin piyada keçidinin (zebranın) qarşısında dayanmasını və Süleyman Rüstəm küçəsi ilə üzü Mərkəzi Banka tərəf hərəkət edən nəqliyyat vasitələrinə, o cümlədən ona yolu davam etdirməyə şərait yaratmasına əmin olduqdan sonra hərəkəti davam etdirdiyini bildirsə də, inspektor ondan sübut tələb etmişdir. Belə olan halda o, inspektora haqlı olaraq sübut tələb etdiyini, lakin sübutunun olmadığını bildirmişdir. Ardınca inspektor inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətini ona təqdim etmişdir. Yol patrul xidməti inspektorunun ondan sübut tələb etməsi onun İnzibati Xətalar Məcəlləsinin təqsirsizlik prezumpsiyasından bəhs edən 8-ci maddəsindən xəbərsiz olduğunu nümayiş etdirir. Həmçinin inspektor tərəfindən inzibati xətanın törədildiyini təsdiq edən hər hansı sübut, o cümlədən videoyazı təqdim edə bilməmişdir. Belə olan halda onun inzibati xəta törətməsi və təqsirli olmağı barədə şübhələr onun xeyrinə həll edilməli idi. Lakin inspektor şübhələri öz xeyrinə həll etməklə və ondan sübut tələb etməklə İnzibati Xətalar Məcəlləsinin 8.1 və 8.2-ci maddələrinin tələblərini pozmuşdur. Habelə inspektor onun yolayrıcı keçmə qaydalarını pozduğunu iddia etməklə “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin İİ hissəsinin tələbini görməzlikdən gəlmişdir. Halbuki, o, işin hallarında göstərdiyi kimi qara rəngli “KİA SORENTO” markalı avtomobilin qanunun həmin tələbinə uyğun olaraq yolayrıcına daxil olmadığını, piyada keçidinin (zebranın) qarşısında dayandığı və ona yolu davam etdirməyə şərait yaratdığına əmin olduqdan sonra hərəkəti davam etdirdiyini bildirsə də, inspektor sözlərinə əhəmiyyət verməmiş və ondan sübut tələb etmişdir. Eyni zamanda bildirir ki, Bakı şəhəri, Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrinin kəsişməsində quraşdırılmış TŞ3-131 saylı təhlükəsiz şəhər kamerasının qeydə aldığı hadisə anının videoyazısı sübut qismində nəzərdən keçirilməlidir. Əgər sözügedən videoyazıya baxış keçirilərsə və müvafiq araşdırma aparılarsa, onun yolayrıcını keçmə qaydalarını pozmadığı və inzibati xəta hadisəsinin olmadığı sübuta yetirilmiş olar. Əlavə edir ki, yol hərəkəti qaydalarını pozmadığı halda inspektor tərəfimdən dayandırılmağı səhər işə 10 dəqiqə gecikməsinə səbəb olmuşdur. Həmin gün iş yerinə çatdıqdan dərhal sonra ASANPAY portalındakı şəxsi kabinetinə daxil olmuş və sözügedən qərardan şikayət etmişdir. Şikayəti 3-13-16/1-Ə-1090xx/xx/2025 nömrəsi ilə qeydə alınmış, https://mia.gov.az/ay/menu/30153/ portalında şikayətə Baş X10 İdarəsi tərəfindən baxıldığı və onunla əlaqə saxlanılacağı göstərilmişdir. İndiyədək icraçı əməkdaş tərəfindən onunla əlaqə saxlanılmamışdır. Yuxarıda qeyd edilənləri, o cümlədən inzibati xəta hadisəsinin olmadığını nəzərə alaraq, Bakı şəhər DYPİ Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X8 yuxarıda göstərilən məzmunda izahat verərək, Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhər BPİ X10 İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Bakı şəhər BPİ X10 İdarəsinin Yol patrul xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən X4 29 may 2025-ci il tarixdə, saat 07:55-də idarə etdiyi ““VOLKSWAGEN PASSAT” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozması müəyyən edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. X4 şikayət ərizəsində qeyd etdikləri əsassızdır. Belə ki, İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa əsas verir. Hazırkı halda isə inzibati xəta hadisəsi bilavasitə yolpatrul xidməti inspektoru X2 tərəfindən aşkar edilmişdir. Qeyd olunanlara əsasən X4 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən X4 barəsində qəbul edimiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X8 29 may 2025-ci il tarixdə, saat 07:55-də idarə etdiyi ““VOLKSWAGEN PASSAT” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan videogörüntüdən görünür ki, X8 29 may 2025-ci il tarixdə, saat 07:55-də idarə etdiyi ““VOLKSWAGEN PASSAT” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Süleyman Rüstəm və Süleyman Rəhimov küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozmuşdur. Məhkəmə şikayət verən şəxs X6 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu məqamda məhkəmə xüsusil qeyd edir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Bakı şəhər BPİ X10 İdarəsi tərəfindən qəbul edilmiş və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh haqqında qərarın yalnız formal mülahizələrə görə ləğv edilməsi, nəticə etibarı ilə isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X8 barəsində Bakı şəhər BPİ X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhər BPİ X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-3613/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3613/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver