Məhkəmə qərarları › İş №3(006)-3619/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3619/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3619/2023 31.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdiabad qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 11:45 radələrində Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru A.S.Rəhimov həmin bölmənin sahə inspektoru E.Tağıyevlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR dairəsi yaxınlığında xidmətdə olan zaman müvafiq icra hakimiyyətinin icazəsi olmadan müəyyən olunmayan yerdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan bir nəfər şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və sonuncuya inzibati xəta haqqında məlumat verərək 20-ci PB-yə dəvət etmişlər. Lakin həmin şəxs PB-nə gəlməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsə fiziki güc tətbiq edərək sonuncunu avtopatrula əyləşdirmişlər. Belə ki, həmin şəxs polislərin qanuni tələblərinə tabe olmamış, eyni zamanda polisin xidməti fəaliyyətini mobil telefon vasitəsi ilə qeydə almışdır. PB-də həmin şəxsin xx.xx.1999-cu il təvəllüdlü Şəxs olduğu müəyyən edilmiş və sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru A.S.Rəhimov tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, raportda qeyd edildiyi kimi onlar Şəxs yaxınlaşmış, özlərini təqdim etdikdən sonra sonuncunun qanunsuz taksi fəlaiyyəti ilə məşğul olduğunu, bu səbəbə görə onlarla bölməyə gəlməsini bildirmiş, Şəxs isə onlara qarşı kobud rəftar edərək və hədəliyici sözlərlə (sən kimsən, mənim maşınımın olmasını sübut etməsən, görərsən) müqavimət göstərərək bölməyə getməkdən imtina etmişdir. Bundan sonra onlar həmin şəxsi qolundan tutub bölməyə aparmışlar. Göstərilənləri, Şəxs polisin tələbinə tabe olmamasını nəzərə alaraq sonuncunun barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, 3 MKR dairəsi yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və müvafiq icra hakimiyyəti tərəfindən müəyyən olunan yerdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olmağı ilə bağlı 20-ci PŞ-yə dəvət olunmuşdur. Həmin vaxt getməyinin səbəbini soruşduqda isə polis əməkdaşları bu məsələni polis bölməsində aydınlaşdırılacağını bildirmişlər. O, polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmiş və də heç bir kobud rəftar etməmişdir. Bundan başqa, o bildirmişdir ki, törətdiyi əməldən peşman olduğunu və üzr istədiyini məhkəmə iclasında dəfələrlə söyləmişdir. Göstərilənləri nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11:30-da polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Bundan əlavə, məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru X1 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 11:45 radələrində xidməti əməkdaşı A.Rəhimov ilə xidmət aparan zaman Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR dairəsi yaxınlığında müvafiq icra hakimiyyətinin icazəsi olmadan müəyyən olunmayan yerdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olanları araşdlrarkən, bir nəfər şəxsin onları gördükdən sonra qaçmağa başladığını görmüşlər və tərəflərindən həmin şəxs saxlanılmışdır. Ona yaxınlaşaraq özlərini təqdim etmişlər, niyə qaçdığını soruşduqda həmin şəxs uca səslə bağıraraq başına vətəndaşları yığmağa başladı. Ondan qanunsuz taksi fəlaiyyəti ilə məşğul olduğunu, bu səbəbə görə onlarla bölməyə gəlməsini bildirdikdə, Şəxs onlara qarşı kobud rəftar edərək və hədəliyici sözlərlə (sən kimsən, mənim maşınımın olmasını sübut etməsən, görərsən nə edəcəm) sözlərlə bağırmağa davam edərək, onlara müqavimət göstərərək bölməyə getməkdən imtina etdi. Bu zaman onlar Şəxs məcburi qaydada fiziki güc tətbiq edilməklə xidməti avtomobilə əyləşdirilərək 20-ci PŞ-nə aparmışlar. Şöbədə həmin şəxsin xx.xx.1999-cu il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, DVD disklərdə olan videogörüntülərə baxış keçirib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi rayonu, 3 MKR dairəsi yaxınlığında polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdən, saat 11:30-dan məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 1-ci DVD diskdən görünür ki, xx.xx.2023-cü il tarixdə polis əməkdaşları Şəxs “niyə polisin qanuni tələbinə tabe olmursan, niyə dartınırsan?” deyə sual verdikdə Şəxs “hansı qanuna, harda dartınmıram, dayanmısan məndə dayanmışam” deyə cavab verir, polis əməkdaşları onu bölməyə dəvət edir və onun sakitliyə riayət etməsini bildirir, sonuncu hərarətlə polis əməkdaşlarına “mən tonumu salmıram aşağı, mənim maşınım var, siz məni aparırsız içəri, mənim maşınımın olması çıxmasa mən düşəcəm bunun üstünə”deyir. İş materiallarına əlavə edilmiş 2-ci DVD diskdən görünür ki, Şəxs “Tiktok” adlı sosial şəbəkədə polis əməkdaşlarını qeydə alaraq “xx.xx.2023, saat 14:00 bu polislər niyə nə səbəbə rayon taksilərini tutub 81 manat alıb buraxırlar teqdim olnan ise bir A4 vereqi di ne portal nömresi var ne made X6 Bas Kamandanın bu meseleden melumatı var? Vetendaşa yaxınlasan kimi polis diger polislər se şexsi telfonlarila vidyo cekrler” və s. mətnləri yazmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:45 radələrində Nəsimi RPİ-nin 20-ci PB-nin polis sahə inspektoru A.S.Rəhimov həmin bölmənin sahə inspektoru E.Tağıyevlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, 3 MKR dairəsi yaxınlığında xidmətdə olan zaman müvafiq icra hakimiyyətinin icazəsi olmadan müəyyən olunmayan yerdə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan bir nəfər şəxsi saxlayaraq özlərini təqdim etmiş və sonuncuya inzibati xəta haqqında məlumat verərək 20-ci PB-yə dəvət etmişlər. Lakin həmin şəxs PB-nə gəlməkdən imtina etmişdir. Bundan sonra polis əməkdaşları həmin şəxsə fiziki güc tətbiq edərək sonuncunu avtopatrul avtomobilinə əyləşdirmişlər. Belə ki, həmin şəxs polislərin qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarına qarşı və cəmiyyət içində nümayişcəsinə taksi fəaliyyəti ilə məşğul olduğu halda “sən kimsən, mənim maşınımın olmasını sübut etməsən, görərsən nə edəcəm” sözlərini bağıraraq insanları başına toplamış, eyni zamanda polisin xidməti fəaliyyətini mobil telefon vasitəsi ilə qeydə almış və paylaşmışdır. Daha sonra Şəxs polis əməkdaşları tərəfindən məcburi qaydada 20-ci PB-nə gətirilmişdir. Özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmiş, törətdiyi əməldən peşman olduğunu və üzr istədiyini məhkəmə iclasında dəfələrlə söyləmişdir. Məhkəmə yuxarıdakıları nəzərə alaraq hesab edir ki, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, həmçinin Şəxs, şahidin məhkəmə iclasında verdikləri ifadələri, DVD disklərdə olan videogörüntülər və digər iş materialları ilə də onun polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələri icra edilərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər”iki yüz manat məbləğində”cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək”müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına”və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə”uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar,”onun təqsirinin dərəcəsi,”əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin faktiki hüquqlarının məhdudlaşdırıldığı andan, yəni 31 iyul 2023-cü il tarixdən, saat 11:30dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə”daxil”edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 11:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar