Məhkəmə qərarları › İş №3(006)-362/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-362/2021

19.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-362/2021 19.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlaləddin Əliyevin, Tələbkarın nümayəndəsi və vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1978-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-7609/2018 saylı icra sənədinə əsasən cavabdehlər X3 və Şəxs 475346 manat əsas borc, 40000 manat dəbbə pulu, 23767 manat faiz məbləği, cəmi 539113 manat məbləğində pul alınaraq iddiaçı ”xxxx” MMC-yə verilməlidir. Borclu Şəxs icra sənədində göstərilən tələbi heç bir üzürlü səbəblər olmadan icra etməmişdir. Məhkəmə iclasında icra məmuru X6 izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-7609/2018 saylı icra sənədinə əsasən cavabdehlər X3 və Şəxs 475346 manat əsas borc, 40000 manat dəbbə pulu, 23767 manat faiz məbləği, cəmi 539113 manat məbləğində pul alınaraq iddiaçı ”xxxx” MMC-yə verilməlidir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin dəfələrlə borcluya yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İcra tədbirlərini davam etdirmək məqsədi ilə borclunun adına tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün aidiyyəti üzrə orqanlara sorğular edilmişdir. Borclu Şəxs xx.xx.2019-cu il tarixdə şöbəyə dəvət edilmiş, izahatı alınmış, borcunun ödənilməsini ondan tələb etdikdə borcunu ödəmək üçün maddi imkanının olmadığını bildirmişdir. Sözügedən icra sənədinin icrası ilə bağlı xx.xx.2020-ci il tarixdə borclu Şəxs qeydiyyatda olduğu ünvan 1 ünvanında olarkən həmin ünvanda yerləşən mənzilin söküldüyü, yerində yeni bina inşa edildiyi müəyyən edilmiş və bununla bağlı müvafiq akt tərtib olunmuşdur. Borclu xx.xx.2020-ci il tarixdə şöbəyə dəvət edilmiş, izahatında məhkəmə qərarının icrasından yayınmadığını, lakin borcunu maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmədiyini bildirmişdir. Borclu Şəxs xx.xx.2020-ci il tarixdə yenidən şöbəyə dəvət edilmiş, bir daha izahatı alınmış, izahatında pandemiya ilə əlaqədar işləmədiyini, maddi vəziyyətinin çətin olduğunu və qərarda göstərilən borc məbləği digər borclu X4 əməllərindən yarandığı və sonradan ölkədən qaçdığını bildirmişdir. İş üzrə borclu Şəxs xx.xx.2021-ci il tarixdə yenidən şöbəyə dəvət olunmuş, tələbkar “xxxx” MMCnin nümayəndəsinin iştirakı ilə izahatı alınmış, izahatda borcunu maddi vəziyyəti ilə əlaqədar ödəyə bilmədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkarın nümayəndəsi və vəkili X5 izahatında bildirdi ki, borclu Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-7609/2018 saylı icra sənədi üzrə borcunu ödəməkdən qəsdən yayınır. İndiyə kimi heç bir ödəniş belə etməmişdir, borcun ödənilməsini istəyir. Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hazırda işləyir. Lakin ailədə tək işləyən odur və əldə etdiyi qazanc vasitəsilə ailəsinin dolanışığını təmin edir, ödənişləri həyata keçirə bilmir. Qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)-7609/2018 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, 539113 manat yaranmış borcu üzrə heç bir ödəniş etməmiş, üzrsüz olaraq icra sənədini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə xx xxxx 1997-ci il tarixli Qərarında vurğulayır ki, Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə x xxx 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, ailəni dolandıran şəxs olmasını , təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 20 gün müddətində həbs növündə olan inzibati tənbeh növü tətbiq olunmalıdır. Məhkəmə həbs etmənin əvvəlinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X9 Məntəqəsinə yerləşdirilməsi anından hesablanması vaxtını hazırki pandemiya şəraitini və şəxsin müvafiq olaraq sağlamlıq testinin verilməsi və cavab müddətinin gözlənilməsini nəzərə alaraq bu qənaətə gəlmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X9 Məntəqəsinə yerləşdirildiyi andan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X9 Məntəqəsinə yerləşdirilsin. Qərarın icrası Nəsimi Rayon Polis İdarəsinə və Nəsimi Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar