Məhkəmə qərarları › İş №3(006)-3627/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3627/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3627/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 iştirakı ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Q.Quliyev küçəsi, ev 21, mənzil 30, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün onu təmsil etmək səlahiyyətinə malik olan direktoru Aslan Quliyev tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi X2 inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin layihələndirilməsi, habelə binaların tikintisi, yenidən qurulması zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərini yerinə yetirməyərək ünvan 2 ünvanda xx.xx.2024-cü il tarixdə, saat 23:45 radələrində yanğın hadisəsinin baş verməsinə səbəb olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılması üzrə görülmüş tədbirlərə baxmayaraq inzibati xəta haqqında qərarı qəbul etmiş qurumun və barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş materiallara əsasən: • “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Şəxs MMC tərəfindən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsi faktı üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir; • “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına əsasən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; • X1 izahatında bildirmişdir ki, yaşadığı ünvan və ətrafı Şəxs MMC tərəfindən təxminən 2022-ci ilin sonlarından hündürmərtəbəli binaların tikintisi üçün hasarlanmış, ərazidə yaşayan bəzi qonşular şirkət ilə razılaşaraq ərazidən köçürülmüş, lakin ona və digər qonşulara uyğun kompensasiya verilmədiyi üçün yaşadıqları ərazidən köçməmiş, yaşadıqları evlər hasarlandıqdan sonra müxtəlif təzyiqlərə məruz qalmışlar. xx.xx.2024-cü il tarixdə yaşadığı evə bitişik yarımsökülüdə yanğın hadisəsi baş vermiş, həmin yaşayış sahəsinin sahibi şirkət ilə razılığa gələrək yaşayış sahəsini təhvil vermiş, bundan sonra həmin sahədə söküntü işləri aparılmışdır. Yanğının baş verməsinə səbəb MMC tərəfindən tikinti obyektinin sökülməsi zamanı həmin ünvanda yarıdan çox evlərdə yaşayışın olmasına baxmayaraq yanğın təhlükəsizliyi, sanitariya və s. qaydaların kobud şəkildə pozulması ilə bağlı olmuşdur; • Şəxs MMC-nin tikintidə iş icraçısı X2 izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdən Şəxs MMC-də işləyir, vəzifə təlimatına əsasən tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələr, əmək prosesinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək, iş yerlərinə kənar adamların daxil olmasına icazə verməmək, təmizliyə və s. riayət edilməsinə nəzarət etməkdən ibarətdir. xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən yarımsökülüdə baş vermiş yanğın hadisəsindən xəbəri olmamış, 02 gün sonra məlumatı olmuşdur; • 30.04.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, hadisə yeri ünvan 2 ünvandır. Baxış keçirilən ərazinin kənarları hasarlanmış, müxtəlif hissələrdən girişlər qoyulmuşdur. Ərazinin bir hissəsində yüksəkmərtəbəli binanın inşası həyata keçirilir, digər hissələrdə yerləşən fərdi evlərin bəziləri sökülmüş vəziyyətdə saxlanılmış, bəzi evlərdə sakinlər tərəfindən yaşayış vardır. Yanğın qapı və pəncərələri olmayan, tavanı sökülmüş olan otaqda baş vermiş, otaq elektrik enerjisi və təbii qazla təchiz edilməmişdir; • Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 51nömrəli “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin Şəxs MMC-nin istifadəsinə verilməsi haqqında” sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsinin icarə əsasında Şəxs MMC-nin istifadəsinə verilmişdir; • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/3211 saylı rəyinə əsasən ünvan 2 ünvanın elektrik enerjisi və təbii qaz xətti ilə təmin olunmadığını, yanğının mənbə zonasından istilik ixrac edə bilən qurğu və ya avadanlıq, o cümlədən onların qalıqlarının aşkar edilmədiyini nəzərə alaraq yanğın - kənardan gətirilmiş alışdırıcı mənbənin təsirindən yanar materialların alışması nəticəsində baş vermişdir. Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidə tikililərin sökülməsi işi aparılmazdan əvvəl iş sahəsində müvafiq təşkilati və texniki tərkibli tədbirlərin həyata keçirilməməsi, o cümlədən özündə söküntü üsulu, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə zəruri texniki halları əks etdirən söküntü işlərinin təşkili layihəsinin tərtib olunmaması, sökülməsi nəzərdə tutulan tikinti obyektlərinin təhlükəsiz vəziyyətə, yəni əhaliyə təsadüfən ziyan vurulması hallarını istisna edəcək vəziyyətə gətirilməsinin, həmçinin ərazinin yanar tullantılardan təmizlənməsinin təmin olunamaması AzDTN 1.6-2 “Tikintinin təşkili” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının 6.3.1, 6.3.2, 6.3.7-ci bəndlərinin və Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 3.1, 3.12-ci bəndlərinin tələblərinə zidd olmuşdur. Qeyd olunan bəndlərin tələbləri vəzifə təlimatının “ll.Vəzifə borcu” başlığının 2-ci və 12-ci abzaslarının tələblərinə əsasən Şəxs MMC-nin iş icraçısı tərəfindən təmin olunmalı idi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar