Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3629/2025 24.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş 03 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC (VÖEN **********) 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs TOP PROPERTİES» MMC məhkəməyə etiraz ünvanlayaraq Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə 03.06.25-ci il tarixli, MN №2156434 İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş 03.06.25-ci il tarixli, MN № ******* İnzibati xəta haqqında Protokol tamamilə qanunsuz və əsassızdır. Belə ki, Maliyyə Nazirliyi tərəfindən sözügedən protokol 2023-cü il üzrə 2024-cü ildə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməməyə görə tərtib edilmişdir ki, məlum olduğu üzrə həmin hesabat 2024-cü ilin 30 iyun tarixindən gec olmayaraq dərc edilməli idi. İnzibati xəta faktı 2024-cü ilin iyun ayında məlum olmuş hesab edilməlidir. Bu səbəbdən də İXM-nin 101-ci maddəsi üzrə “dərhal” protokol tərtib edilməli idi. Həmçinin, iş üzrə materiallardan inzibati araşdırmanın aparılması və bu barədə qərar qəbul edilmiş olması da məlum deyildir. Hər bir halda inzibati araşdırmanın aparılması müddəti də İXM-nin 102.5-ci maddəsinə əsasən məhdudlaşdırılmışdır və inzibati araşdırma aparılmış olsa belə qurum tərəfindən protokolun tərtib olunması ilə bağlı müddət ötürülmüşdür. Məcəllədə istifadə olunan “dərhal” ifadəsi hüquqi məzmun baxımından heç bir əsassız və qeyri-zəruri gecikməyə yol verilmədən, mümkün olan ən qısa müddət ərzində müvafiq hüquqi və ya prosessual tədbirin görülməsini tələb edir. Buna baxmayaraq, müvafiq İnzibati xəta haqqında işə baxılma və protokolun tərtibi bir ilə yaxın müddətdə gecikdirilərək yalnız xx.xx.2025-ci il tarixində rəsmiləşdirilmişdir, bu da İXM-nin 101-ci maddəsində nəzərdə tutulan “dərhal” şərtinin kobud şəkildə pozulmasıdır. Belə bir gecikmə hüquqi baxımdan inzibati icraatın qanunsuz şəkildə gecikdirilməsi və protokolun qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirilməməsi deməkdir. Qeyd olunan inzibati xəta haqqında protokolun tərtib edilməsi zamanı qanunvericiliyin normaları gözlənilməmiş, protokolda Şəxs MMC-yə əvvəlcədən bildirişin təqdim edilməsi göstərilsə də, həmin bildiriş Cəmiyyətə çatmadan və Cəmiyyət lazımi qaydada məlumatlandırılmadan Nazirlik tərəfindən protokol tərtib edilmişdir. Bu isə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsi ilə nəzərdə tutulan hüquqlarının və qanunvericiliyin digər prosessual tələblərinin pozuntusudur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Maddənin mətnindən aydın olduğu üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan işə baxılması üçün protokol tərtib edən vəzifəli şəxs müəyyən etməli idi ki, bu barədə Şəxs MMC-yə məlumat təqdim edilib və Cəmiyyət təxirə salmaq haqqında vəsatət təqdim etməyib, yaxud belə vəsatət rədd edilib. AR İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Həmin Məcəllənin 57.2-ci maddəsinə əsasən, sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən protokolda istinad edilən xx.xx.2025-ci il tarixli, 3-23/2-3150/2025 nömrəli bildirişin Cəmiyyətə daxil olması ilə bağlı məlumat mövcud deyildir. Həmçinin işin faktiki hallarına və qanunvericiliyin tələbinə zidd olaraq Nazirlik tərtib etdiyi protokolda bildirişin Cəmiyyətə çatdırıldığını və buna baxmayaraq Cəmiyyətin heç bir tədbir görmədiyini qeyd etmişdir. Göstərilənə əsasən, Nazirlik qanunvericiliyə uyğun olaraq Cəmiyyətə bildirişin çatdırılma tarixini deyil, sadəcə formal olaraq göndərilməsini əsas götürmüş və yetərincə məlumatlandırılmayan Cəmiyyəti inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış etmədən, bu barədə izahatını almadan və digər prosessual müddəaların icrasını təmin etmədən protokol tərtib edərək İXM normalarının kobud pozuntusuna yol vermişdir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü maddəsinə uyğun olaraq ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə bu Qanunun 12.2-ci maddəsində qeyd edilən təşkilatlardan internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması tələb olunur. Qeyd olunanlara əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs Şəxs MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-23/2-31502025 nömrəli məktubdan görünür ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə il üzrə birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə 2024-cü ildə təşkilatın rəsmi internet səhifəsində yerləşdirilməməsi və mətbu orqanda dərc olunmamasına görə inzibati xəta haqqında işə 03 iyun 2025-ci il tarixdə, saat 11:10-da təyin olunmuş icraatda nümayəndəsinin iştirakının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinə dəvət olunması haqqında bildiriş ünvanlanmış və həmin məktubda 2023-cü il üzrə illlik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının audit rəyi ilə birlikdə mətbu orqanda və internet səhifəsində dərc edildiyi mövcud olduğu təqdirdə həmin rəyi və maliyyə hesabatlarını yuxarda qeyd olunan tarixədək qeyd olunan email ünvanına göndərməsi bildirilmişdir; Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri F.Abdullayeva tərəfindən tərtib edilmiş 03 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN **********) 2023-cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin hüquqi şəxs Şəxs MMC-yə ünvanladığı 03 iyun 2025-ci il tarixli, 3-23/2-3336/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müəssisə barəsində tərtib edilmiş 03 iyun 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Şəxs MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 462.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 12.3-cü maddəsinə əsasən ictimai əhəmiyyətli qurumlardan qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə, həmin internet səhifəsində və ya mətbuat orqanında dərc olunması tələb olunur; 16.1-ci maddəsinə əsasən mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi ilə əlaqədar qanunun tələblərini pozan şəxslər İXM ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC (VÖEN **********) 2023cü il üzrə 2024-cü ildə illik birləşdirilmiş (konsolidasiya edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmiş bununla da, mühasibat uçotu üzrə qanunvericiliyin pozulmasına yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC tərəfindən verilmiş etirazda qeyd etdiklərinə tənqidi yanaşıb hesab edir ki, etirazda göstərilən həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 462.1ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 4851, 114-117, 128-130 və 462.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Anar İbadzadə
Məhkəmə qərarları › İş №3(006)-3629/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3629/2025
24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver