Məhkəmə qərarları › İş №3(006)-3632/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3632/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3632/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 iştirakı ilə Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23090871 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 19:44-də istifadəsində olan “HYUNDAİ SANTAFE” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edərək Azadlıq prospekti istiqamətinə dönmüşdür. Bu zaman məcburi olaraq ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağına daxil olmuşdur. O, həmin zolaqla hərəkəti davam etdirməmiş və dərhal sağa dönmə işıqlarını yandıraraq sağla hərəkət edən nəqliyyat vasitələrinin keçməsini gözləmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağından çıxmışdır. Lakin həmin günü elektron informasiya sistemində yaradılmış şəxsi kabinetə daxil olarkən ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə hərəkət etdiyi qeyd olunmaqla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə protokol tərtib edildiyini və bu protokol əsasında 100 manat cərimə olunduğunu, 02 cərimə balı tətbiq edildiyini görmüşdür. “Elektron kabinet” vasitəsilə qərardan şikayət verməsinə baxmayaraq heç bir nəticəsi olmamış və şikayəti araşdırılmamışdır. Qərarından şikayət olunan orqan tərəfindən inzibati xətanın törədildiyinin təsdiqi kimi onun elektron kabinetinə yerləşdirilmiş fotoşəkildən də göründüyü kimi o, qırıq xətlərdən istifadə edərək sağ zolağa digər yola keçmək üçün çıxmışdır. Belə olan halda, onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmədiyi tam sübuta yetirilir. Təəssüflər olsun ki, göstərilən halların heç biri nəzərə alınmadan barəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23090871 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi bildirişlər göndərilsə də, şikayətçi və qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmişlər. Eyni zamanda X2 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23090871 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X2 xx.xx.2024-cü il tarixdə, saat 19:44-də idarə etdiyi “HYUNDAİ SANTAFE” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektində hərəkətdə olarkən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutlmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir; • Baş X5 İdarəsinin müvafiq sistemindən əldə olunmuş fotoşəkildən aydın olur ki, “HYUNDAİ SANTAFE” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.2024-cü il tarixdə, saat 19:44-də “07.00-10.00 və 17.00-20.00”müddət ərzində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağında hərəkətdə olmuşdur. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin İV hissəsində qeyd olunur ki, 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkəti və dayanması qadağandır. Əgər bu zaman həmin zolaq qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bələrlər. Həmçinin belə yerlərdə yola girərkən və hərəkət hissəsinin sağ kənarında sərnişinlərin minməsi və düşməsi üçün bu zolağa keçməyə icazə verilir, lakin bu, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün maneə yaratmamalıdır. Beləliklə müəyyən edilir ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 19:44-də idarə etdiyi “HYUNDAİ SANTAFE” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə şikayətində göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Ziya Bünyadov prospekti ilə hərəkət edərək Azadlıq prospekti istiqamətinə döndüyü yerdə deyil, Bakı şəhəri, Salamzadə küçəsi ilə Ziya Bünyadov prospektində hərəkətdə olarkən 5.9, 5.10.1-5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutlmuş hərəkət zolağı olan yolda hərəkət etdiyinə görə haqlı olaraq Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23090871 saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23090871 saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar