Məhkəmə qərarları › İş №3(006)-3650/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3650/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3650/2025 11.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1975-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, Moskva prospektində yerləşən “Dobramed” klinikasının yaxınlığında vətəndaş X1 məxsus əl çantasını oğurlayaraq xırda talama inzibati xətasını törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi RPİ-nin 19cu Polis Şöbəsinin polis sahə inspektoru, polis leytenantı X4 izahatında bildirmişdir ki, vətəndaş X3 DİN-nin 102 zəng xidməti mərkəzinə və 19-cu PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Nəsimi rayonu, Moskva prospekti 5 ünvanında yerləşən “Dobramed” klinikasının yanına qoyduğu əl çantasının naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. Əl çantasının içərisində paltarları, telefonun şarj aləti, ətir, açarlar və balıq olmuşdur. Əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada icraat açılmışdır. Aparılmış araşdırma nəticəsində əməli törədən şəxsin Şəxs olması müəyyən olunmuş və barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Hazırda çanta onlara təhvil verilmiş, lakin işərisində balıqlar və şarj aləti aşkar olunmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşayır. xx.xx.2025-ci il tarixində Nəsimi rayonu, Moskva prospektində yerləşən “Dobramed” kilinikasının yaxınlığında yerdə olan əl çantasını kiminsə yadından çıxartdığını düşünərək götürmüş, ilk əvvəl həmin çantanı yaxınlıqda olan kafeyə qoymaq istəmiş, lakin kafenin işçiləri buna razılıq vermədiklərindən çantanı özü ilə rayona aparmış, rayonda olduğu zaman nənəsini it qapdığı üçün başı ona qarışmış və çanta yaddan çıxmış, bir müddət sonra çantadan iy gəldiyini görərək açdıqda içərisində balıq olduğunu görmüş və xarab olduğundan balıqları atmışdır. Əməlindən peşmandır. Hazırda hımin çantanı polisə təhvil vermişdir, təkcə çantada olan şarj aləti yadından çıxıb rayonda qalmışdır. Onu da tezliklə təhvil verəcəkdir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Nəsimi RPİ-nin aidiyyəti əməkdaşına təqdim edilmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, Azərbaycan Respublikasının İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 180 (yüz səksən) saat ictimai işlər tənbehi tətbiq edilsin. Şəxs məhkəmə zalında dərhal inzibati qaydada tutmadan azad olunsun. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar