Məhkəmə qərarları › İş №3(006)-3652/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3652/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3652/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan Şəxs MMC-nin hüquqi şəxs: nümayəndəsi Nümayəndə iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Natiq Şahbazov küçəsi, ev 25, m.10; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə tərtib olunmuş 22.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 126.400,00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 17.10.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan 71.732,00 ABŞ dolları dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən ZAO “İnternational Paper” şirkəti arasında bağlanılmış 18.12.2018-ci il tarixli, ********** saylı distribyutor müqaviləsinə əsasən 17.10.2019-cu il tarixdə 126.400,00 ABŞ dolları məbləğində avans köçürmələr həyata keçirilmişdir. Lakin bu müqavilənin müddəti bitdiyindən 13.01.2020-ci il tarixdə ********** saylı yeni müqavilə imzalanmış və əvvəlki müqavilə ilə bağlı köçürülmüş məbləğə alınmış mallar sonuncu müqavilə altında ölkəyə idxal edilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə keçirilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş quruma bildirişlər və məlumatlar göndərilsə də, qurumun nümayəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən Mərkəzi Banka göndərilmiş 13.10.2021-ci il tarixli məlumatda Şəxs MMC-nin ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi göstərilmişdir. Həmin məlumatda Şəxs MMC-nin 17.10.2019-cu il tarixdə 126.400,00 ABŞ dolları göndərildiyi və bu məbləğdən 71.732,00 ABŞ dolları qalıq qaldığı qeyd olunmuşdur; Köçürmə sənədinə əsasən Şəxs MMC tərəfindən Rusiyada ZAO “İnternational Paper” şirkətinin hesabına 18.12.2018-ci il tarixli, ********** saylı müqavilə ilə bağlı 15.10.2019-cu il tarixli, 8A5701 və 8A5702 saylı invoyslar üzrə 17.10.2019-cu il tarixdə 126.400,00 ABŞ dolları məbləğində pul göndərilmişdir; Şəxs MMC ilə Rusiyada fəaliyyət göstərən ZAO “İnternational Paper” şirkəti arasında 18.12.2018-ci il tarixli, ********** saylı və 13.01.2020-ci il tarixli, ********** saylı distribyutor müqavilələri bağlanılmışdır; ZAO “İnternational Paper” şirkəti tərəfindən Şəxs MMC-yə ünvanlanmış 13.01.2020-ci il tarixli məktubda 13.01.2020-ci il tarixli, ********** saylı distribyutor müqavilənin 18.12.2018-ci il tarixli, ********** saylı müqavilənin davamı olması göstərilmişdir;  **********5231, **********7490, **********4174, **********2286, **********6423 saylı yük gömrük bəyannamələrinə görə ZAO “İnternational Paper” şirkəti tərəfindən Şəxs MMC-nin ünvanına 18.12.2018-ci il və 13.01.2020-ci il tarixli müqavilələr üzrə müxtəlif vaxtlarda 4 dəfə göndərilmiş 54.668,00 ABŞ dolları və bir dəfə 56.550,00 ABŞ dolları dolları dəyərində kağızlar müvafiq olaraq 09.01.2020, 06.03.2020 və 19.03.2020-ci il tarixlərdə ölkəyə idxal edilmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Mərkəzi X2 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Şəxs MMC ilə Rusiyada yerləşən ZAO “İnternational Paper” şirkəti arasında 18.12.2018-ci il tarixli, ********** saylı və 13.01.2020-ci il tarixli, ********** saylı distribyutor müqavilələri bağlanılmış, sonuncu müqavilə də ilkin müqavilənin davamı olmuşdur. 18.12.2018-ci il tarixli, ********** saylı müqavilə üzrə Şəxs MMC tərəfindən ZAO “İnternational Paper” şirkətinin hesabına göndərilən 126.400,00 ABŞ dolları məbləğində xarici valyutada vəsait hesabına alınan mallar 2 il ərzində müxtəlif vaxtlarda tam həcmdə ölkəyə idxal olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar