Məhkəmə qərarları › İş №3(006)-3655/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3655/2025

12.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3655/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, zərərçəkmiş şəxs X8, Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, bildirmişdir ki, aliment borcu olduğundan məlumatı var. Əvəllər 250-300 manat verirdi. Hazırda işsizdir, pulu yoxdur. İşlə bağlı müraciət etdiyini bildirdi. İşləməyə başladığı andan hər ay ödəniş edəcəyinə söz verdi. Hazırda yaşamağa evi yoxdur, qardaşının evində yaşayır. Göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X1 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2336/2024-006 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il tarixdə doğulmuş X2, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ayda cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Lakin o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2336/2024-006 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasından yayınmış, 4696 manat borcu yaranmışdır. İki aydır ümumiyyətlə ödəniş etmir, əvəllər 50-100 manat odəyirdi. Çağrışlara hər zaman vaxtında gəlibdir. Məhkəmə iclasında X8 uşaqları saxlamaqda çətinlik çəkdiyini, 6 aydır ödənişi ala bilmədiyini bildirdi. Borclunun cəmi üç ay tam ödədiyini, son dəfə yanvar ayında 50 manat ödəniş etdiyini bildirdi. Hazırda ünvan 3 ünvanında uşaqları ilə birgə yaşayır, Bakı şəhərində müəllimə işləyir, hər gün dərsə gəlib-gedir. Səhhətində problem var, ayaq barmağı amputasiya ediləcəkdir. Borclunun cəzalandırılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri özünün etirafı, inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. İş materiallarında olan inzibati xəta haqqında ilə MN seriyalı, ******* №-li, 12 iyun 2025-ci inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2336/2024-006 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2007-ci il tarixdə doğulmuş X2, xx.xx.2009-cu il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ayda cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməlidir. Lakin o icra sənədinin icrasından yayınmışdır. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya böyük icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs Hüseyn oğlunun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Şəxs Hüseyn oğlunun alimentin ödənilməsi üçün maddi imkanının olmadığını bildirdiyini nəzərə alaraq ona maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına, maliyyə sanksiyasına alternativ - inzibati tənbeh növü olan inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini zəruri hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin, yəni məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə onun təqsiri sübuta yetirildiyindən, sonuncu İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, Şəxs inzibati qaydada tutulma müddəti 12 iyun 2025-ci il tarixdən saat 16:30-dan hesablanmalı, qərar dərhal icra edilməli, qərarın icrası Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 12 iyun 2025-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X4 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar