Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-3662/2023 09.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin sahə inspektoru X1 iştirakları ilə, xx xxx 1988-ci ildə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: 01 avqust 2023-cü il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yol kənarında park etmiş olduğu avtomobilində yatdığı zaman Şəxs zərərçəkmiş şəxsə məxsus “Honor X 9A” markalı telefonu gizli yolla oğurlamışdır. Məhkəmə iclasında Bakı şəhər Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin polis sahə inspektoru X2 izahatında göstərmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 01 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olarkən yol kənarında park etdiyi avtomobildə yatdığı zaman “Honor X 9A” markalı telefonu naməlum şəxs gizli yolla oğurlamışdır. Polis bölməsində təhqiqatçı Nizami Hüseynov tərəfindən araşdırma aparılaraq, cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs ziyan vurmuş şəxsin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün tədbir görülməsi qərara alınmışdır. Aparılmış tədbirlər nəticəsində oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi məlum olmuş və həmin şəxs əməlini etiraf etdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 01 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olarkən yol kənarında park edilmiş avtomobildə sürücünün yatdığı zaman “Honor X 9A” markalı telefonu gizli yolla oğurlamışdır. Sonradan həmin telefonu tanımadığı şəxsə satmış və həmin şəxs hal-hazırda Qazax rayonu ərazisindədir. O, polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılmış və orada törətdiyi əməli etiraf etmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmək üçün imkanı olmasa da, ona vaxt verilərsə satdığı telefonun qaytarılmasını təmin edəcəkdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, o, 01 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində olarkən yol kənarında park etdiyi avtomobildə yatdığı zaman “Honor X 9A” markalı telefonu naməlum şəxs gizli yolla oğurlamışdır. O, hadisə barədə məlumatlı olduqdan dərhal sonra DİN-nin 102 xidmətinə və Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Sonradan polis əməkdaşlarının apardığı əməliyyat tədbirləri nəticəsində oğurluq əməlinin Şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Lakin, o, təhqiqatçı tərəfindən dəymiş ziyanın 500 manat göstərilməsini əsassız hesab edir. Belə ki, oğurlanmış telefonu bir ay yarım bundan əvvəl qiyməti onun tərəfindən 880 manata almışdır. Hesab edir ki, üzərindən uzun müddət keçmədiyi üçün həmin telefonun orta bazar qiyməti təxminən 600- 700 manat civarındadır. Təhqiqatçı tərəfindən qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan narazadır. Hal-hazırda ona dəymiş zərər Şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olduğuna görə həmin protokolu tərtib etmiş inzibati orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, digər hər hansı bir sübut araşdırılmamışdır. Qərarda yalnız vurulmuş ziyanın məbləği 500 manat olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Protokola talanmış əşyaların dəyərinin (dəymiş zərərin) müəyyən edilməsinə dair ekspert (mütəxəssis) rəyi (talanmış əşyaların ekspertə təqdim olunması mümkün olmadıqda eyni növ əşyanın hazırki bazar dəyəri barədə mütəxəssis arayışı) əlavə edilməmişdir. Həmin sübutlar təqdim edilmədən, yəni dəymiş zərər barədə mütəxəssis rəyi təqdim edilmədən törədilmiş əməlin inzibati xəta tərkibi və ya cinayət tərkibi yaratmasını müəyyən etmək mümkün deyildir. Həmçinin, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Belə ki, İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Sübutların kifayət qədər toplanmadığı təqdirdə işin məhkəmə baxışına verilməsi, son nəticədə məhkəmənin sübut toplamaq imkanı olmadığı üçün işə düzgün və vaxtında baxılmasında çətinliklər yaranacaqdır. Həmçinin, şəxsin təqsirli bilindiyi İXM-in 227-ci maddəsinin sanksiyasında inzibati həbs növündə tənbeh tədbiri nəzərdə tutulduğundan, İXM-in 111.3-cü maddəsinə əsasən hazırkı inzibati xətalar haqqında işə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Beləliklə, hazırkı işə dərhal baxılmalı olduğundan, məhkəmə kifayət qədər sübut toplanmamış iş üzrə tərəflərə məhkəmə baxışında əlavə sübutlar təqdim etmək imkanı yarada bilməyəcəkdir. Çünki işə dərhal baxılmalı olduğundan, məhkəmə iclası sübut təqdim etmək üçün təxirə salına bilməyəcəkdir. Qeyd edilənlər hazırlıq mərhələsində müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanılmamasını (106.0.5) həll etməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər həmin protokolu tərtib etmiş inzibati orqana geri qaytarılsın. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-3662/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-3662/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver