Məhkəmə qərarları › İş №3(006)-3670/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3670/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3670/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, X1, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 11 noyabr 2021-ci il tarixdə Bakı Nəqliyyat Agentliyi tərəfindən müşahidə kamerası vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində ona məxsus ** RK *** dövlət qeydiyyat nişanlı Hyundai Accent avtomobilinin İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində göstərilən dayanma və ya durma qaydalarını pozmaya görə pozuntu qeydə alınmış və müşahidə kamerasının görüntülərinə əsasən, ona BNA ******* nömrəli, 11.11.2021-cı il tarixli protokol tərtib olunmuş və 20 manat məbləğində cərimə tətbiq olunaraq, asanpay.az elektron portalına müvafiq məlumatlar daxil edilmişdir. Qeyd olunan cərimə tətbiq edilərkən inzibati icraat qaydası Bakı Nəqliyyat Agentliyi tərəfindən pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsin əsasən, bu Məcəllənin 327.1-327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Göründüyü kimi, ona tətbiq edilən inzibati xəta (İXM 346.1) yuxarıda qeyd olunan inzibati xətalara daxil deyil və dayanma və durma qaydalarının pozulmasına görə cəriməni avtomatik rejimdə qeydə alınması bu İXM-nin 122-ci maddəsinin pozulmasıdır. Eyni zamanda İXMnin 124-cü maddəsində inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tətətətərindən bilavasitə aşkar edildikdə icraatın aparılması qaydası öz əksini tapmışdır. 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat apanlan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 124.6-ci maddəyə əsasən, bu Məcəllənin 346.1 346.2, 346-1.2, 346-1.3-cü və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, hamin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Göründüyü kimi, ona tərtib olunmuş protokol və tətbiq edilmiş cərimə zamanı inzibati icraat qaydası pozulmuşdur. Belə ki qeyd olunan xəta İXM-nin 122-ci maddəsində nəzərdə tutulmamış, lakin avtomatik rejimdə qeydə alınmış, protokol yalnız kamera görüntülərinə əsasən tərtib edilmiş, operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsindən istifadə olunmamış, o cümlədən inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmamışdır. Göstərilənlərə əsasən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 yuxarıda göstərilən məzmunda izahat verərək Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi X7 izahatında bildirdi ki, şikayət əsassızdır. Belə ki, X3 idarə etdiyi “Hyundai Accent” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobili 11 noyabr 2021-ci il tarixdə saat 18:16:31-dan 18:20:00-ə qədər Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsi ünvanında “3.27” (dayanmaq qadağandır) yol nişanın təsir zonasında saxlamışdır. İnzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında qərarda və əlavə edilmiş fotoşəkillər ilə tam təsdiq olunur və bu hal da şəxsin İXM-nin 346.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Həmçinin, Agentlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında islər üzrə icraat həmin Məcəllənin 122-ci maddəsi əsasında deyil, məhz 124.5-ci və 124.6-cı maddələri üzrə aparılır. Qeyd edilən maddələr üzrə icraatın aparılmasının təmini ilə bağlı tərəflərdən paytaxtın müxtəlif ərazilərində kameralar quraşdırılmış və Agentliyin əməkdaşları tərəfindən kameralar vasitəsi ilə müntəzəm müşahidə - aparılaraq inzibati xəta törədilməsi faktı aşkar edilir. Sözügedən kameralardan istifadə olunaraq dayanma və durma qaydalarını pozmuş sürücülərin nəqliyyat vasitələrinin fotoşəkillərinin təsbit edilməsi inzibati xəta hadisəsinin səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsinə dəlalət edir və bu Məcəllənin 124-cü maddəsinin tələbləri ilə birbaşa uzlaşır. İcraatın bu qaydada aparılması İnzibati Xətalar Məcəlləsinin 57.6-cı maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanına da uyğundur. İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş maddələr üzrə inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası göstərilmişdir. Yəni 122.1-ci maddə İXM-in digər maddələri üzrə inzibati xəta hadisələrini aşkar edilməsini qadağan etmir və məhdudlaşdırmır, sadəcə müvafiq maddələr üzrə icraatın aparılması qaydasını müəyyənləşdirir. Foto və video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə nəyin ki 122.1-ci maddə göstərilən İXM-in xüsusi hissəsinin maddələri üzrə hətta digər maddələr üzrə də inzibati xəta hadisələri aşkar edilərək, inzibati iş üzrə icraata başlanıla bilir. Beləliklə hesab edirlər ki, Bakı Nəqliyyat Agentliyinin 11 noyabr 2021-ci il BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mövcud qanunvericiliyin tələblərinə uyğun qəbul edildiyindən X2 şikayəti əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmədən şikayət təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 11.11.2021-ci il tarixdə saat 18:20-də Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində idarə etdiyi “Hyundai Accent” minik markalı, ** RK *** qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, 11.08.2021-ci il tarixdə, saat 18:16:31- 18:20:00 aralığında “Hyundai Accent” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsi, keçidin yanında dayanma qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. 124.5-ci maddəsinə görə bu Məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsi yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallarda, habelə bu Məcəllənin 346-1.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir və nəqliyyat vasitəsi ən yaxın mühafizə edilən duracağa aparılır. Bu halda inzibati tənbeh vermə haqqında qərarda nəqliyyat vasitəsinin aparıldığı duracağın ünvanı göstərilir. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 124.6-cı maddəsinə görə Bu Məcəllənin 346.1, 346.2, 346-1.2, 346-1.3 və 346-1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar tərtib edilir. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Beləliklə müəyyən edilir ki, X3 Bakı Nəqliyyat Agentliyinin 11.11.2021-ci il tarixli qərarı ilə idarə etdiyi “Hyundai Accent” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobillə dayanma və ya durma qaydalarını pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzrə 20 manat məbləğində cərimə edilmişdir. N.S.Abdullayev həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək onun əsassız olduğunu iddia edərək qərarın qanuniliyini mübahisələndirmişdir. Lakin qərarı qəbul etmiş qurum tərəfindən məhkəməyə təqdim etdiyi fotogörüntülərdən də aydın olur ki, 11.08.2021-ci il tarixdə N.S.Abdullayevnın idarə etdiyi “Hyundai Accent” minik markalı, ** RK *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Nəsimi rayonu, M.Füzuli küçəsində dayanma qaydalarını pozmuşdur. Xətanın törədilməsi faktını sübut edən bu dəlili inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda N.S.Abdullayev iş üzrə inzibati icraatın aparılması qaydasının qanuniliyini mübahisələndirsə də, İnzibati Xətalar Məcəlləsinin 124.5-ci maddəsinin tələbinə uyğun qaydada foto çəkiliş aparılmaqla onun tərəfindən xətanın törədilməsi faktı aşkar edilmiş və barəsində olan inzibati tənbeh vermə haqqında qərar müvafiq qaydada aidiyyəti informasiya sistemində yerləşdirilmişdir. Bununla da görünür ki, X3 Bakı Nəqliyyat Agentliyi tərəfindən düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi üzə məsuliyyətə cəlb edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş 11.11.2021-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar