Məhkəmə qərarları › İş №3(006)-3673/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3673/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3673/2025 11.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan Şəxs nümayəndəsi və vəkili X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 10 iyun 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs 127000,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 127000,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi X2 məhkəməyə yazılı etiraz təqdim edərək ona uyğun verdiyi izahatında göstərmişdir ki, Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 152 nömrəli Fərmanına əsasən Respublika üzrə aqroparkların yaradılması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilmişdir. Şəxs MMC həmin Fərmanın icrasını təmin etmək məqsədilə yaradılmış və hazırda fəaliyyətini uğurla davam etdirməkdədir. Müəssisə 11,71 ha ərazini əhatə edən, idxal-ixrac əməliyyatlarının “Bir pəncərə” prinsipi ilə rəsmiləşdirilməsi, logistika, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış müəssisədir. Hazırda müəssisə Gömrük Komitəsinin Səlahiyyətli İqtisadi Operator statusunu da almışdır ki, bu da müəssisəni idxal-ixrac və tranzit əməliyyatları üçün də strateji partnyora çevirmişdir. Eyni zamanda müəssisə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dəmir Yolları QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə sıx əməkdaşlıq edir. Şəxs MMC fəaliyyətə başlamazdan əvvəl müəssisənin fəaliyyətinin təmin edilməsi üçün irimiqyaslı investisiyalar cəlb edilmiş və ölkəyə göstərilən xidmətlər çərçivəsində xüsusiləşdirilmiş avadanlıqlar idxal etmişdir. Belə ki, Şəxs MMC ilə “X6” LLC arasında 01 aprel 2020-ci il tarixində malların təchizatına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin predmetinə əsasən Təchizatçı “X6” LLC Saxlama Soyuducu kameraları, X3 və X5 Xəttini təchiz etməli idi. Müqavilə üzrə bütün avadanlıqlar, mallar çatdırılmış və idxalı Azərbaycan qanunvericiliyinin tələblərinə müvafiq qaydada rəsmiləşdirilmişdir. Müqavilə üzrə idxal edilmiş avadanlıqlar barədə məlumatlar qoşmada ətraflı qeyd edilmişdir. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 1-S Əlavəsinə əsasən isə idxal edilmiş avadanlığın quraşdırılması, işə salınması və sazlanması xidmətləri də Təchizatçı “X6” LLC tərəfindən həyata keçirilməli idi. Həmin Əlavəyə əsasən Təchizatçı tərəfindən bu xidmətlər də həyata keçirilmiş və müvafiq qaydada təhvil-təslim aktı tərtib edilərək təsdiq edilmişdir. Təəssüf hissi ilə bildirir ki, xx.xx.2023-cü il tarixli 1-S Əlavəsini əhatə edən 2 ədəd hesab faktura əslində xidmət üçün nəzərdə tutulsa da yalnışlıqla mal material üçün rəsmiləşdirilmişdir. Sonradan həmin hesab fakturalara düzəliş edilsə də, banka ilkin yanlış tərtib edilmiş hesab fakturalar təqdim edilmişdir. Tərəfindən xx.xx.2023 tarixində 127000 avro və xx.xx.2023 tarixində 104000 avro “X6 LLC” şirkətinə avans ödənişləri icra edilmişdir. Həmin ödənişlər mal-material üçün deyil, xidmət üçün ödənilmişdir. Bunu tərəflərin imzaladığı xx.xx.2023-cü il tarixli 1-S Əlavə, tərəflər arasında imzalanmış təhviltəslim aktı və invoyslar təsdiq edir. Maddənin tələblərindən göründüyü kimi intizam məsuliyyətinə cəlb edilmək üçün müvafiq tərkib mövcud deyil. Belə ki, Təchizatçı tərəfindən xidmət göstərilmiş və bu müvafiq qaydada təhvil-təslim aktı ilə rəsmiləşdirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin müqavilə çərçivəsində ümumilikdə 15 milyon avrodan çox pul vəsaiti müqabilində mallar ölkəyə idxal edilmişdir. Bu əməliyyatların hamısı valyuta nəzarəti ilə həyata keçirilmiş və Şəxs MMC tərəfindən hər-hansı inzibati pozuntuya yol verilməmişdir. Bundan əlavə xahiş edir ki, malların ölkəyə idxal edildiyi dövrdə idxal etdiyimiz avadanlığın quraşdırılması üzrə ölkədə müvafiq bilik və təcrübəyə malik podratçılar olmadığı üçün həmin avadanlıqların da “X6” LLC tərəfindən quraşdırılması zərurəti yaranmışdır və bu xidmətlər də 01 aprel 2020-ci il tarixli müqavilə və həmin müqavilə çərçivəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli 1-S saylı Əlavəyə müvafiq həyata keçirilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq «Foodcity Agropark” MMC-nin əməli Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaratmadığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci (inzibati xəta hadisəsi olmadıqda) və 53.1.2 (inzibati xəta tərkibi olmadıqda) maddələrinə əsasən xitam verilməsinin dəyərləndirilməsi xahiş olunur. Məhkəmə, proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, Şəxs tərəfindən “X6 LLC” şirkətinin müvafiq bank hesabına 127000,00 Avro ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş müqavilə və digər sənədlərdən görünür ki, Şəxs MMC ilə “X6 LLC” şirkəti arasında imzalanmış müqavilə üzrə 127000,00 avro məbləğində xidmətlər göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 10 iyun 2025-ci il tarixdə tərtib edilənədək həmin MMC tərəfindən 127000,00 Avro məbləğində xidmətlər qanunvericilikdə nəzərdə tutulan müddətdə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar