Məhkəmə qərarları › İş №3(006)-3674/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-3674/2023

24.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-3674/2023 24.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 İnzibati xəta haqqında protokolu Azərbaycan Respublikası Fövqəladə Hallar tərtib etmiş şəxs: Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yanğın nəzarəti idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin böyük inspektoru X6 oğlunun Barəsində icraat aparılan hüquqi Şəxs ASC-nin nümayəndəsi şəxs: Nümayəndə iştirakları ilə Şəxs ASC (hüquqi ünvanı: Şabran rayonu, Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 35; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs ASC-yə məxsus ünvan 2 ünvanda yerləşən mağazada xx.xx.2023-cü il tarixdə yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs ASC-yə məxsus ünvan 2 ünvanda yerləşən mağazada keçirilmiş planlı yanğın-texniki müayinə zamanı mağaza tərəfindən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin yerinə yetirilməməsi faktı aşkar edilmişdir. Belə ki, “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq mövcud yanğın xəbərverici siqnalizasiya sistemi işlək vəziyyətdə olmamış, elektrik xətlərinə mütəxəssis tərəfindən baxış keçirilməmiş və bu barədə akt tərtib olunmamış, köməkçi otaqlarda köçürmə yolunda ayrı-ayrı materiallar, kiçikölçülü plastik qablar qalaqlanaraq yığılmışdır. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, şirkət ünvan 2 ünvanda yerləşən obyekti icarəyə götürüb orada mağazasının fəaliyyətini təşkil edib. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən tərtib olunmuş protokol ilə razı deyillər. Çünki, yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar obyektin mülkiyyətiçisinə yönəldilməlidir. Şəxs ASC orada yalnız yanğın balonlarının yerləşdirilməsi məsələsinə görə məsuliyyət daşıyır, qalan işlərin həlli obyektin sahibinin üzərinə düşür. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan: • “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən olan 01 avqust 2023-cü il tarixli, KY231936122 saylı çıxarışa əsasən Şəxs ASC-yə məxsus ünvan 2 ünvanda yerləşən mağazada plan üzrə 01-xx.xx.2023-cü il tarixlərdə müayinənin aparılmasına icazə verilir; • xx.xx.2023-cü il tarixli “Yanğın-texniki müayinə Aktı”na və “Yoxlama suallarının Siyahısı”na əsasən Şəxs ASC-yə məxsus ünvan 2 ünvanda yerləşən mağazada “Yanğın təhlükəsizliyi haqqında” Qanunun tələblərinə uyğun olaraq mövcud yanğın xəbərverici siqnalizasiya sistemi işlək vəziyyətdə olmamış, elektrik xətlərinə mütəxəssis tərəfindən baxış keçirilməmiş və bu barədə akt tərtib olunmamış, köməkçi otaqlarda köçürmə yolunda ayrı-ayrı materiallar, kiçikölçülü plastik qablar qalaqlanaraq yığılmışdır; • Şəxs ASC ilə X2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən sonuncu mülkiyyətində olan şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 14, mənzil 17 saylı ünvanda yerləşən 29,5 kv.m. sahədən ibarət olan obyelti ASC-yə icarəyə verir, müqavilənin 5.3-cü bəndinə müvafiq olaraq obyektdə yanğın təhlükəsizliyi və əmək mühafizəsi qaydalarına riayət etmək icarəçinin öhdəliklərinə aiddir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs ASC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 14, mənzil 17 ünvanda yerləşən mağazada yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinə yerinə yetirilməmişdir. Bununla da Şəxs ASC İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa görə yanğın təhlükəsizliyi sahəsində müəssisələrin yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirməlidirlər (6-cı maddənin 2-ci hissəsi). “Azərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi Qaydaları”na əsasən (Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.2001-ci il tarixdə 2693 saylı şəhadətnamə ilə qeydiyyata alınmışdır): • Otaqların, binaların və tikililərin yanğına qarşı sistem və qurğuları (tüstüyə qarşı qoruma, yanğın avtomatik qurğuları, yanğına qarşı su təchizatı sistemləri, yanğına qarşı qapılar, klapanlar, yanğına qarşı divar və üst örtüklərindəki digər qoruyucu qurğular və s.) daima saz vəziyyətdə saxlanılmalıdır. Qapıların öz-özünə bağlanması üçün qurğular saz vəziyyətdə olmalıdırlar. Yanğına qarşı və ya tüstüyə qarşı qapıların(qurğuların) normal bağlanmasına mane olan hər hansı bir cihazların quraşdırılmasına icazə verilmir (4.2-ci bənd); • Köçürmə çıxışlarında köçürmə yollarında (5 odadavamlılıq dərəcəsi olan binalardan başqa) tavanların, divarların, pilləkan qəfəslərinin və meydançaların, eləcə də pilləkan qəfəslərində yanar konstruksiyalardan düzəldilmiş pilləkan qəfəslərinin və meydançaların bəzədilməsi üçün yanan materiallardan, boyalardan istifadə edilməsi, keçidlərin, dəhlizlərin, tamburların, qalereyaların, lift xollarının, pilləkan qəfəslərinin və pilləkanların mebellə, şkafla, avadanlıqla, ayrı-ayrı materiallarla və ya hazır məhsullarla tutulması, eləsə də köçürmə çıxışlarının qapısının mismarlanması, tamburların çıxışlarında (şəxsi yaşayış evlər və mənzillər istisna olmaqla) paltarın qurudulması, qarderob kimi istifadə edilməsi, avadanlıq və materialların müvəqqəti və ya daimi saxlanılması, köçürmə yollarında turniketlərin, dəhlizlərin, sürüşən, fırlanan, qalxıb-endirilən qapıların və digər sərbəst çıxışa mane olan qurğuların quraşdırılması, pilləkən qəfəslərində, xol və tamburlarda öz-özünə bağlanan qapıları təsbiq (fiksasiya) etmək və ya çıxartmaq qadağan olunur (5.3-cü bənd); • Elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq qaydaların və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməlidirlər (6.1-ci bənd). İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Bu Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs ASC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs ASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş cərimənin aşağı həddində tənbeh tətbiq olunmalıdır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Şəxs ASC-yə inzibati cərimə şərti olaraq tətbiq edilməli, qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş izibati cərimədən azad edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3–540.5, 541–544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Bu Məcəllənin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Qeyd olunan Məcəllənin 116.3-cü maddəsinə görə bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Şəxs ASC-yə bu cərimə şərti olaraq tətbiq edilsin və qurum tərəfindən 1 ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs ASC bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar